• 24 İyul 2019
logo
add image
Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri barədə işəgötürənlərə ətraflı məlumatlar verilib

Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri barədə işəgötürənlərə ətraflı məlumatlar verilib FOTO

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də onun əməyinin mühafizəsinin təmin edildiyi əmək şəraitində çalışmaqdır.
Trend-in məlumatına görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhərində əmək qanunvericiliyinə dair işəgötürənlər üçün təşkil etdiyi növbəti maarifləndirmə tədbirində vurğulanıb.
“Azərkimya” İstehsalat Birliyində təşkil edilən tədbir “Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub.
Bildirilib ki, əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.
Tədbirdə əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri barədə işəgötürənlərə ətraflı məlumatlar verilib. Qeyd edilib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən insan faktorunun üstünlüyü prinsipi əsas götürülərək işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib.
Həmçinin, qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb.