• 24 Yanvar 2022
logo
Mart ayından sonrakı mövzuların buraxılış imtahanlarına salınıb-salınmayacağına aydınlıq gətirilib

Mart ayından sonrakı mövzuların buraxılış imtahanlarına salınıb-salınmayacağına aydınlıq gətirilib

Dövlət İmtahan Mərkəzinin bu gün yaydığı məlumata görə, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur. Qeyd edilib ki, bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq.
Bu isə müəllim, valideyn və şagirdlər arasında narahatlığa səbəb olub. Narahatlığın səbəbi budur ki, mart və apreldə buraxılış imtahanları nəzərdə tutulsa da, tədris ili iyunun 14-nə qədər davam edir. Bu halda tədris proqramında mart ayından sonraya olan mövzular da imtahana salınacaqmı?
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə APA-ya açıqlamasında bildirib ki, DİM tərəfindən keçirilən imtahanlarda tədris planları, qüvvədə olan dərsliklər və qəbul proqramları həmişə nəzərə alınır: “Buraxılış imtahanlarında da yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır və salınacaq.
Bundan əlavə, nəzərə alınmalıdır ki, fənn kurikulumlarına görə, 1-ci sinifdən 11-ci sinfədək ayrı-ayrı fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə müəyyən bacarıqlar formalaşır. Kurikulumların mahiyyətinin yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir. Bununla bağlı yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardan istifadə olunur.
Fənn kurikulumlarına görə buraxılış fənləri üzrə əsas bilik və bacarıqlar isə mart ayınadək formalaşmış olur. Ona görə də imtahanın mart ayında keçirilməsi iştirakçılarda narahatlıq yaratmamalıdır”.