Deməzdim ki, Azərbaycanda zorakılığa məruz qalan, zərərli vərdişlərə qoşulan uşaqların sayı yox dərəcəsindədir. Əlbəttə, belə uşaqlar var. Bizim həmin uşaqların məktəb təlimlərinə cəlbində də müəyyən problemlərimiz olur.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda icbari təhsil 9 illik olsa da, tədrisdən yayınanlar var. Belə uşaqların əksəriyyəti məhz valideynləri tərəfindən təhsildən yayındırılır. Həmin uşaqlar təsərrüfat və digər işlərə cəlb olunur.
F.Həmzəyev həmin uşaqların icbari təhsilə cəlb edilməsində müəyyən çətinliklərin olduqlarını söyləyib:
"Ailələrin məktəblə əlaqəsini genişləndirmək məqsədilə ailələrin vəziyyəti öyrənilib. Məlum olub ki, 30 minə yaxın ailədə ata-ana ayrılıb. Yaxud müəyyən qisim uşaqlar hər iki valideyndən məhrum olublar. Bunun da uşaqların psixologiyasına təsiri var. Əlbəttə ki, belə uşaqların zərərli vərdişlərə yiyələnmə ehtimalı daha çoxdur. Ona görə də belə uşaqları müəyyən edərək onlarla iş aparırıq".
Sektor müdiri bildirib ki, Təhsil Nazirliyi məktəblərdə risk faktorlu, hətta intihara meyilli uşaqları da müəyyən edir: "Əsas hədəf və məqsədlərimizdən biri belə uşaqlarla işləməkdir. Təsadüfi deyil ki, Təhsil naziri Ceyhun Bayramov da məktəb rəhbərləri qarşısında belə tələb qoyub ki, onlar hər bir şagird barəsində kifayət qədər geniş məlumata malik olmalıdırlar. Uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən biri məktəblərdə 2016-cı ildən həyata keçirilən "Məktəblinin dostu" layihəsidir. Əvvəl 31 məktəbdə həyata keçirilən bu layihə hazırda 70 məktəbdə icra olunur".
F.Həmzəyev əlavə edib ki, bu layihə şagird kontingenti nisbətən çox olan məktəblərdə həyata keçirilir. Layihənin könüllüləri şagirdlərin psixologiyalarını öyrənir, məktəb rəhbərliyinin görmədiyi hallar barədə bu və ya digər yuxarı instansiyalara məlumat verirlər.