• 19 Mart 2024
logo
Məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsini şərtləndirir

Məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsini şərtləndirir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməyə başlanıldı.
Məlum olduğu kimi, hüquqi islahatların təməlini ulu öndərimizin təşəbbüsü əsasında ümumxalq səsverməsi yolu ilə 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası təşkil etmişdir. Müstəqil Azərbaycanın ilk ali qanunu qəbul edildikdən sonra ardıcıl surətdə aparılan məhkəmə-hüquq islahatlarının əsas məqsədi ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət mexanizmində nüfuzlu və müstəqil bir təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi, cinayət və mülki mühakimə icraatında demokratik prinsiplərin həyata keçirilməsi, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi və sair məsələlərin konseptual həlli olmuşdur. İslahatların ilkin mərhələsində görülmüş nəhəng işlər nəticəsində qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılmış, üçpilləli məhkəmə sistemi təsis edilmiş, şəffaf müsabiqə əsasında yeni hakimlər seçilməklə müvafiq vəzifələrə təyin olunmuşlar. Yeri gəlmişkən qeyd olunmalıdır ki, bu müsabiqədə ölkənin tarixində ilk dəfə olaraq namizədlərin nəzəri biliklərinin səviyyəsi test üsulu ilə keçirilmiş imtahan vasitəsilə yoxlanılmışdır. Eyni zamanda qanunvericilikdə məhkəmə hakimiyyətinin müstəqilliyi və hakimlərin statusunun əsasları, habelə hüquqi dövlətə xas olan ədalət mühakiməsinin prinsipləri müəyyən edilmiş, məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılmış, hakimlərin maddi və sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.
Sirr deyil ki, ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətini yüksək peşəkarlıqla zamanın tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin zəngin elmi biliklərinin, siyasi iradəsinin, yorulmaz fəaliyyətinin və mükəmməl liderlik qabiliyyətinin, eləcə də iqtidarla xalq arasında olan sıx bağlılığın sayəsində dövlətimiz daha da qüdrətlənmişdir. Qüdrətli dövlətin güclü iqtisadiyyatı mövcud olan ictimai münasibətlərin yenilənməsinə və müasir ictimai münasibətlərin yaranmasına rəvac vermişdir ki, bu da müvafiq hüquqi bazanın təkmilləşdirilməsinin zəruriliyini şərtləndirmişdir. Məhkəmələrin işinin səmərəliliyinin artırılması və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 28 dekabr 2004-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Məhkəmə-Hüquq Şurası haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanunlarını imzaladıqdan sonra, qeyd olunan normativ hüquqi aktlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə görülmüş tədbirlər nəticəsində məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum-Məhkəmə-Hüquq Şurası təşkil edilir və ilk dəfə yaradılmış Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim vəzifələrinə namizədlərin seçilməsi prosesinə başlanılır. Məhkəmə sisteminin təkmilləşdirilməsinin növbəti mərhələsində isə regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və insanların məhkəmələrə olan inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlər tədricən öz həllini tapmışdır. Bu məqamda “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı sözügedən sahəyə misilsiz töhfə olmuşdur. Belə ki, qeyd olunan normativ hüquqi aktla ölkəmizin müxtəlif bölgələrində yeni Apellyasiya Məhkəmələri-Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsi, Gəncə şəhərində Gəncə Apellyasiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt Apellyasiya Məhkəməsi, Şirvan şəhərində Şirvan Apellyasiya Məhkəməsi, Şəki şəhərində Şəki Apellyasiya Məhkəməsi və digər məhkəmələr-Naxçıvan şəhərində Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi, Bakı şəhərində 2 saylı Bakı yerli iqtisad məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt yerli iqtisad məhkəməsi və Şəki şəhərində Şəki yerli iqtisad məhkəməsi təşkil edilmişdir. Bununla da, paytaxtdan kənarda yaşayan vətəndaşların məhkəmələrə, xüsusən də apellyasiya instansiyasi məhkəmələrinə müraciət etmələri daha da asan və əlçatan olmuşdur. Bundan başqa, adıçəkilən fərman imzalandıqdan sonra apellyasiya məhkəmələrinin, yerli iqtisad məhkəmələrinin, müvafiq hərbi məhkəmələrin ərazi yurisdiksiyası, yeni təşkil edilmiş məhkəmələrdə hakimlərin sayı müəyyən edilmiş, digər məhkəmələrin hakimlərinin sayı artırılmış və hakimlərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər görülmüşdür. Həmçinin, ədalət mühakiməsinin həyata keçirilməsinin yüksək mənəvi və mədəni meyarlarının müəyyən edilməsi məqsədilə Hakimlərin Etik Davranış Kodeksi hazırlanmışdır. Sadalananlarla yanaşı, hakimlər tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və məhkəmə təcrübəsində nəzərə alınması məqsədilə adıçəkilən məhkəmənin bir çox işləri Azərbaycan dilinə tərcümə olunmaqla, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının ixtiyarına verilmişdir. Bütün bunlar şübhəsiz ki, cinayət mühakimə icraatının daha ədalətli həyata keçirilməsinin və insan hüquqlarının etibarlı müdafiəsinin təmin olunmasına xidmət etmişdir.
Bu sahədə görülən böyük əhəmiyyətli işlərin digər bir hüquqi əsası isə ölkə başçısının “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 15 iyul 2010-cu il tarixli Fərmanı olmuşdur. Qeyd olunan Fərmana əsasən, paytaxtla yanaşı əyalətlərdə də yeni ağır cinayətlər məhkəmələri-Bakı şəhərində Bakı Ağır Cinayətlər Məhkəməsi, Lənkəran şəhərində Lənkəran Ağır Cinayətlər Məhkəməsi, Gəncə şəhərində Gəncə Ağır Cinayətlər Məhkəməsi, Şəki şəhərində Şəki Ağır Cinayətlər Məhkəməsi və digər məhkəmələr- Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi və Şirvan İnzibati-İqtisadi Məhkəməsi təşkil edildi. Eyni zamanda, inzibati-iqtisadi məhkəmələrin və ağır cinayətlər məhkəmələrinin ərazi yurisdiksiyası müəyyən edildi, Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin say tərkibi növbəti dəfə artırıldı.
Məlum olduğu kimi dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşır, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artır, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranır. Müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqinin məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcəyini nəzərə alan müdrik lider cənab İlham Əliyev ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncam imzalamışdır. Bununla da, məhkəmələrdə şəffaflığın artırılması, prosessual hərəkətlərin izlənilməsi, məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması, ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulu və ümumi olaraq məhkəmələrin fəaliyyətində informasiya texnologiyalarının tətbiqi və səmərəliliyin artırılması təmin olunmuşdur.
Cəzaların icrası sahəsində həyata keçirilən ardıcıl islahatlara baxmayaraq, aparılmış təhlillər göstərirdi ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti zəruri tələblər səviyyəsində təmin edilmir, ictimai işlər cəzasının icrası prosesində müəyyən çətinliklər yaranır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə olunmurdu. Bundan başqa, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, eləcə də iqtisadi sahədə cinayətlərə görə həbs qətimkan tədbirindən geniş istifadə edilməsi, habelə sözügedən cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması dinamikasının artması penitensiar müəssisələrin yüklənməsinə və həmin növ cəza təyin edilmiş məhkumların sayının çoxalmasına səbəb olurdu. Qeyd olunanlar, eləcə də dövlət idarəçilik sisteminin dövrün tələblərinə uyğun müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən mütərəqqi tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin də dövrün tələblərinə uyğun yenidən qurulmasının və səmərəli idarəetmənin təşkilinin zəruriliyini şərtləndirirdi. Bütün bunları nəzərə alan dövlət başçısı cənab İlham Əliyev penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncam imzaladı. Müdrik və humanist siyasətin növbəti təzahürü olan bu normativ hüquqi aktda penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi, idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirlərinin davam etdirilməsi, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə, ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılması nəzərdə tutulurdu. Eyni zamanda, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada çəkilməsi, məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət edilməsinin təmin olunması, bu sahədə korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün tədbirlər görülməsi; ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi; azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanları araşdırılmaqla, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması da sərəncamda öz əksini tapmışdır. Qeyd olunanlarla bərabər, sərəncamda penitensiar xidmətin yüksək peşəkar kadr korpusunun formalaşdırılması, vəzifələrə təyinatın daha çevik və qısa müddətdə aparılması, əməkdaşların bilik, bacarıq və praktiki vərdişlərinin inkişaf etdirilməsi, işçilərin fəaliyyətinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, habelə onların sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur ki, bu, sözügedən sahədə çalışan işçilərin xidməti vəzifələrinə daha məsuliyyətlə yanaşmalarına rəvac vermişdir. Sərəncamda, həmçinin, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi; cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı daha ciddi mübarizə aparılması üçün zəruri tədbirlərin görülməsi də qeyd olunmuşdur ki, bütün bunlar əsassız həbsin qarşısının alınmasına və ədalətli cəza təyin olunmasının təmin edilməsinə hesablanmışdır. Sadalananlarla yanaşı, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayət hüquq normalarının sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəza növlərinin əlavə olunması, eləcə də mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, həmçinin, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması və şərti məhkum etmə institutlarının daha geniş tətbiqi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz olunması qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması istiqamətlərində qanun layihələrinin hazırlanması sərəncamda Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Baş Prokurorluğuna tövsiyə edildiyindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırıldığından, bununla əlaqədar qısa zamanda müvafiq qanun layihələri hazırlanıb Milli Məclisə təqdim edilmiş və mütərəqqi müddəaları özündə ehtiva edən yeni qanunlar qəbul olunmuşdur. Qeyd edilənlərdən əlavə, sərəncamda, Azərbaycan Respublikasının Baş Prokurorluğuna həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün araşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatların müstəsna hallarda həbsin tətbiq edilməsinə dair cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda verilməsi, məhkəmələrə isə həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunun araşdırılması, həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlillərin yoxlanılması, cəzanın növü və həddini müəyyən edərkən onun sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin rəhbər tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə olunmuşdur ki, bu dəyərli və humanist tövsiyələr möhtərəm Prezidentin insan hüquq və azadlıqlarına verdiyi yüksək qiymətin növbəti təzahürü idi.
Ölkəmizdə insan hüquq və azadlıqlarına xüsusi önəm verilməsindən bəhs edərkən, humanizm prinsiplərini daim uca tutan və sonsuz xeyirxah əməlləri ilə hər kəsin rəğbətini qazanan nəcib insanın-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə gördüyü əhəmiyyətli işləri, o cümlədən onun təşəbbüsü ilə qəbul olunan qanunları və amnistiya aktlarını da vurğulamaq yerinə düşər. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərdiyi dövrdə, məhz onun təşəbbüsü ilə bilavasitə insan hüquq və azadlıqlarının müdafiəsini, eləcə də vətəndaşların qanuni mənafelərinin qorunmasını özündə əks etdirən çoxsaylı qanunlar və on minlərlə insana şamil olunan 4 amnistiya aktı qəbul edilmişdir ki, bütün bunlar insan amilinə verilən böyük dəyərin təcəssümü olmuşdur.
Əldə olunan nailiyyətlər və qazanılan ardıcıl uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri etdi. Buna görə də, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu istiqamətdə yeni mərhələnin əsasını qoyan və məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək üçün məhkəməyə müraciət imkanlarını daha da genişləndirmək, məhkəmələrin fəaliyyətində şəffaflığı artırmaq, məhkəmə icraatının effektivliyini yüksəltmək, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsini təmin etmək, süründürməçiliyin, eləcə də digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirləri gücləndirmək olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərman imzaladı. Qəti əminliklə demək olar ki, cənab Prezidentin kompleks tədbirlərin görülməsini nəzərdə tutan sözügedən Fərmanının həyata keçirilməsi məhkəmələrin fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınmasında, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılmasında, bu sahədə şəffaflığın artırılmasında müstəsna əhəmiyyət kəsb etməklə, ədalətli məhkəmə qərarlarının qəbul olunması, onların vaxtında və tam icra edilməsi, bununla da, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin məhkəmə müdafiəsinin daha etibarlı təmin olunması və ədalət mühakiməsinə olan ictimai etimadın artması ilə nəticələnəcək.
Göründüyü kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində islahatlar uğurla davam etdirilir ki, bütün bunlar da Azərbaycanımızın hərtərəfli qüdrətlənməsinə və xalqın rifahının daha da yaxşılaşdırılmasına hesablanmışdır.
Firad Əliyev - Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri, hüquq üzrə magistr