İşə qəbul müsabiqəsində 10 ildən artıq staja malik və 3 ildən çox olmayaraq işdən ayrılmış müəllimlərə güzəşt olacaq.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, ötən il müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edildi. Bu dəyişikliyə uyğun olaraq müəllimlərin test imtahanlarında göstərdiyi nəticələr 2 il müddətində qüvvədə qalır.
E.Bağırov qeyd edib ki, ötən il müsabiqədə iştirak etmiş namizəd işə qəbul imtahanlarında təkrar iştirak edəcəyi təqdirdə onun son, yəni builki nəticəsi nəzərə alınacaq:
"2018-ci ildə müsabiqəyə qatılan şəxs bu il yenidən müsabiqəyə qatılsa, onun son nəticəsi nəzərə alınacaq, əvvəlki göstərici ləğv olunacaq".
Nazirlik rəsmisi əlavə edib ki, 2014-cü ildən başlayan diaqnostik qiymətləndirmə 2018-ci ildə bütün ölkəni əhatə etdi:
"Demək olar ki, bütün müəllimlərin nəticələri artıq Təhsil Nazirliyində toplanıb. Buna görə də stajı 10 ildən çox olan və 3 ildən az bir müddətdə işdən ayrılmış şəxslər üçün güzəşt olacaq. Həmin müəllimlər artıq test imtahanında təkrar iştirak etməyərək yalnız əvvəl topladıqları nəticəyə görə vakansiya seçiminə qatılacaqlar. Bu da stajı çox olan təcrübəli müəllimlər üçün əlavə bir imkan kimi qiymətləndirilməlidir".