• 27 İyul 2024
logo
Dövlət baytarlıq nəzarətində olan yüklərin Naxçıvana gətirilməsi qaydası təsdiqlənib

Dövlət baytarlıq nəzarətində olan yüklərin Naxçıvana gətirilməsi qaydası təsdiqlənib

Naxçıvanın Nazirlər Kabinetinin qərarı ilə “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə Naxçıvan Muxtar Respublikasında dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin muxtar respublikaya gətirilməsi və muxtar respublika daxilində daşınması Qaydaları” təsdiq edilib.

Qaydalar dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə Naxçıvan Muxtar Respublikasında dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin muxtar respublika ərazisinə gətirilməsi və muxtar respublika daxilində daşınması qaydalarını müəyyən edir.

Dövlət sərhədinin buraxılış məntəqələrində baytarlıq nəzarətini gömrük orqanları həyata keçirir və bu sahədə öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının dövlət baytarlıq xidməti orqanları ilə əlaqələndirirlər. Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə, hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq (baytarlıq-sanitariya) qaydalarına və normativlərinə əməl edilməsinə dövlət baytarlıq nəzarəti aşağıdakı qaydada aparılır:

Mütəmadi kliniki baxış və laboratoriyada diaqnostik müayinələr aparılmaqla, heyvanların (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və s.) xəstəliklərə görə sağlamlığının, insan və heyvan həyatı üçün təhlükəli olub-olmamasının müəyyənləşdirilməsi; bütün təsərrüfatlarda istehsal olunan heyvan mənşəli məhsulların və xammalın təhlükəsizliyinin, keyfiyyətinin təmin edilməsi məqsədi ilə baytarlıq tədbirlərinin görülməsi və müayinələrin aparılması; muxtar respublika ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısının alınması; heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması; heyvanların və baytarlıq nəzarətində olan bütün məhsulların baytarlıq sənədlərinin vaxtında və düzgün tərtib olunması.

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün ticarət yerlərində dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğunluğunun qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılması, insan sağlamlığına zərər verə bilən heyvan mənşəli məhsullara və xammala baytarlıq baxışının keçirilməsi məcburidir.

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın Naxçıvan ərazisinə gətirilməsinə və muxtar respublika ərazisindən aparılmasına yalnız dövlət sərhədinin buraxılış məntəqələri olan yerlərdə yol verilir. Naxçıvan ərazisinə heyvanların, həmçinin inkubasiya üçün yumurtaların idxalı qanunvericiliyə uyğun olaraq tənzimlənir. Dövlət baytarlıq nəzarətində olan yüklər Naxçıvan Muxtar Respublikasına göndərilməzdən əvvəl, həmin yüklərə qanunvericiliyə uyğun olaraq beynəlxalq baytarlıq sertifikatı verilir. Beynəlxalq baytarlıq sertifikatlarının qarşılıqlı surətdə tanınması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Qanunvericiliyə uyğun olaraq insanların qidalanması, heyvanların yemlənməsi və ya əczaçılıq, kənd təsərrüfatı və sənayedə istifadə edilməsi məqsədilə heyvan mənşəli məhsulların Naxçıvan Muxtar Respublikasının ərazisinə idxalına yalnız o halda yol verilir ki, ixrac edən ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları versin.

Naxçıvandan ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara idxalçı ölkələr tələb etdiyi halda, Naxçıvanın Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq sahəsində beynəlxalq təşkilatın tövsiyəsinə uyğun hazırlanmış beynəlxalq baytarlıq sertifikatı verilir. Kolleksiya məqsədi ilə əldə olunan zooloji, arxeoloji və paleontoloji əşyalar (heyvanların müqəvvası, ölmüş heyvanların qalıqları və digər kolleksiya əşyaları) inzibati ərazinin Beynəlxalq Epizootik Büronun siyahısına daxil olan xəstəliklərdən azad olması haqqında müvafiq baytarlıq sənədi ilə müşayiət edilməlidir.

Virus və bakterial kulturaların, genetik strukturların, o cümlədən toksinlərin (biomaterialların) idxalı və ixracı beynəlxalq razılaşmalara və baytarlıq-sanitariya tələblərinə riayət etməklə həyata keçirilir. Kökünün kəsilməsi təhlükəsi altında olan vəhşi heyvan növlərinin, onların törəmələrinin və ov qənimətlərinin Naxçıvan Muxtar Respublikasına idxalına, onları ixrac edən ölkənin bu sahədə müvafiq orqanlarının icazəsi olduqda yol verilir.

Naxçıvan ərazisində dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti bu yüklərin tranziti (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) və muxtar respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata keçirilir. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranziti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.

Dövlət baytarlıq nəzarətində olan yüklərin tranziti onları göndərən və alan ölkələrin müvafiq ərazilərinin epizootik salamatlığı təsdiq olunarsa həyata keçirilir.