Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Lerik rayonunda “Bitkilərin xəstəlik və zərərvericiləri, onların idarə edilməsi” mövzusunda seminar keçirilib.
Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində təşkil edilmiş seminarda Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin alim və mütəxəssisləri ilə yanaşı, Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi, Lerik, Astara, Lənkəran, Masallı və Yardımlı rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin rəhbərləri, mütəxəssisləri və fermerlər iştirak ediblər.
Lerik DAİM-in direktoru Cahani Nüsrətzadə seminarın əhəmiyyətindən bəhs edib, fermerlərin üzləşdiyi problemlər və onların aradan qaldırılmasında fermerlərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.
BMTBETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Azərbaycanda kənd əhalisinin məşğulluğu və gəlirlərinin artırılmasında ərzaq bitkilərinin istehsalı ölkə qarşısında qoyulmuş prioritetlərdəndir. Ölkəmizdə müxtəlif torpaq iqlim şəraitinin mövcud olması aqrar sahədə tələb olunan əksər kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsinə şərait yaradır. Ancaq hər bir halda bitkilərdə xəstəlik və zərərvericilərin qarşısının alınması hər bir şeydən önəmlidir. Bitki mühafizə qaydalarına düzgün əməl etməklə əkin sahələrindən daha keyfiyyətli və yüksək məhsul əldə etmək və iqtisadi gəlir səviyyəsini yüksəltmək mümkündür. İbrahim Cəfərov əlavə edib ki, institutun mütəxəssisləri vəzifələrindən biri də ölkəmizdə becərilən müxtəlif meyvə bitkilərinin xəstəlik, zərərverici və alaq otlarını öyrənməklə bu zərərverən orqanizmlərə qarşı elmi əsasları olan mübarizə tədbirlərini öyrənməkdir.
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin mütəxəssisi Qabil Bayramov qeyd edib ki, meyvəçilik Azərbaycanın kənd təsərrüfatının ixtisaslaşmış sahələrindəndir. Ölkənin torpaq iqlim şəraiti burada tumlu, çəyirdəkli, qərzəkli, subtropik quru subtropik və sitrus meyvələrini becərməyə imkan verir. Lakin bol və yüksək keyfiyyətli məhsul alınmasına təsir edən bəzi amillər mövcuddur ki, onlardan biri də zərərvericilərdir. Daha sonra çıxışını “Meyvə bağlarının başlıca zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda təqdimatla davam etdirib.
Sevinc Məhərrəmova “Tumlu meyvə bitkilərinin xəstəlikləri, onların idarə edilməsi”, Xurşid aslanova “Taxıl bitkisinin zərərvericiləri”, və Gülcamal Ələsgərova “Kartof bitkisinin zərərvericiləri” haqqında təqdimatlarla çıxış edərək bəzi kənd təsərrüfatı bitkilərinə təsir edən zərərli orqanizmlər, onlara qarşı mübarizə tədbirləri haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.