• 20 Aprel 2024
logo
“Xüsusi rejimə əməl etməyən hər bir vətəndaşın  koronavirusa yoluxmaq ehtimalı çox böyükdür”

“Xüsusi rejimə əməl etməyən hər bir vətəndaşın koronavirusa yoluxmaq ehtimalı çox böyükdür”

Əli Məsimli: “Yoluxmadan uzaq olmağın ən əsası, etibarlı yolu təcriddir”

COVİD-19 pandemiyası ilə əlaqədar bütün dünyada təhlükəli vəziyyət davam edir. Çindən sonra İtaliya, İran, Fransa və ABŞ da ciddi problemlə üzləşən ölkələrin siyahısında öndə gəlir. Mütəxəssislər hesab edirlər ki, İtaliyada ölümlərin sayının çox olması bu ölkənin durumu əvvəlcə ciddiyə almaması, tövsiyələrə əməl etməməsidir. Azərbaycanda da koronavirus yayılmaqda davam edir. Dövlətin digər ölkələrdən fərqli olaraq vaxtında önləmlər alması fəlakəti önləsə də, vətəndaşların tətbiq edilən karantin rejiminə ciddi əməl etməsi vacib şərtdir. Əks təqdirdə Azərbaycanda da vəziyyət nəzarətdən çıxa, ölümlərin sayı arta, problem dərinləşə bilər. Çünki problemin fəlakətə yol açmaması üçün vətəndaşların davranışından çox şey asılıdır. Hazırda Azərbaycanda vəziyyət necədir, təhlükə hansı səviyyədədir və nə etməliyik? Bu və digər suallara millət vəkili Əli Məsimli “Xalq Cəbhəsi”nə müsahibəsində aydınlıq gətirdi.
- Dünyanı cənginə alan koronavirus (COVID-19) infeksiyasının fəsadları Azərbaycandan da yan keçməyib. Düzdür, bir sıra ölkələrlə müqayisədə bizdə bu virusa yoluxanların və ölənlərin göstəriciləri hələlik az olsa da, hər halda nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı müəyyən qalxıb-enmələrlə, artan xəttlə gedir. Həm də bu xəstəliyə yoluxma sürəti sağalanların sürətini üstələyir. Bu cür ciddi meyllər, eləcə də sözügedən bəlaya vaxtında yetərincə diqqət yetirməyən İtaliya, İspaniya və sair kimi ölkələrin acı təcrübəsi göstərir ki, Azərbaycanda (COVID-19) infeksiya ilə mübarizə gücləndirilməsə, yaxın həftələrdə onun fəsadları sürətlə arta, həm virusa yoluxanların, həm də ölənlərin sayı xeyli çoxala bilər. Bu isə hər bir fərd, hər bir ailə üçün təkcə potensial yox, həm də real təhlükədir. Əgər nəzərə alsaq ki, ailə cəmiyyətin və dövlətin mikromodelidir, deməli həm hər bir vətəndaşımız, ailəmiz, həm də cəmiyyətimiz və dövlətimiz üçün çox ciddi bir təhlükədən söhbət gedir. Ona görə də dövlət, ölkədə yaranmış situasiyanın məntiqinə uyğun olaraq ölkəmizdə koronavirusla bağlı qabaqlayıcı tədbirləri sərtləşdirməyə başlayıb.Yeni tətbiq olunan xüsusi rejimə görə, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə onların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılıb. Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.
- Məsuliyyətsiz davranış hansı nəticələrə səbəb ola bilər? Vətəndaşlar necə davranmalıdır?
-Xüsusi rejimə əməl etməyən hər bir vətəndaşın koronavirusa yoluxmaq ehtimalı çox böyükdür. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, hər bir insanın özünü qoruması üçün maska taxması, dezinfeksiya etməsi nə qədər vacib və təqdirəlayiq olsa da, beynəlxalq praktika da sübut edir ki, yoluxmadan uzaq olmağın ən əsas, ən etibarlı yolu təcriddir. Amma xüsusi qaydalara əməl etməyib, inzibati cəzaya məruz qalanların sayı göstərir ki, hələ də bu xəstəliyi ciddiyə almayan insanlarımız çoxdur. İnsanlar vəziyyəti dərk edib, bu bəlaya onun ciddiliyinə adekvat yanaşmalıdırlar. Həm də bu məsələyə münasibətdə hər bir insan tək özünü deyil, ailəsini, əzizilərini, ətrafdakı insanları da düşünməlidir. Çünki bu məsələyə məsuliyyətsiz yanaşan hər bir vətəndaş öz ailə üzvlərini, yaxınlarını da bu bəlaya yoluxdura və həyatlarını təhlükə altına qoya bilər. Ona görə də ilk növbədə Operativ Qərargahın tövsiyələrinə, qoyulan qadağalara əməl olunmalıdır. Əgər sosial izolyasiya qaydalarına əməl olunmasa, o halda yaxın həftələrdə yoluxanların sayı daha çox artacaq. Bu baxımdan xüsusi rejim şəraitində insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir.
Amma bu, koronavirusdan qorunmağın bir tərəfidir. Məsələnin digər vacib tərəfləri də var...Ona görə də koronavurusla bağlı problemə kompleks yanaşılmalıdır.
-Koronavirusdan qorunmağın digər tərəfləri hansılardır?
- Koronavirus təhlükəsinin artmaqda davam etdiyi indiki çətin vəziyyətdə həmrəylik- “birgə olmaq” ideyası həyati zərurətə çevrilərək prioritet təşkil edir. “Evdə olaq” çağırşından xüsusi rejim tətbiq etməklə “evdə qal” tələbinə keçid, “birgə olmaq” prioriteti ilə yanaşı addımayanda daha efektli ola bilər. Çünki inşallah, hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin köməyi ilə və belə bir həmrəylik sayəsində Azərbaycan bu görünməz bəla ilə mübarizədən qalib çıxacaq. Buna isə realda daha çox dövlətin, cəmiyyətin, biznesin, ayrı-ayrı fərdlərin bir-birinə dəstək olan, bir birini tamamlayan effektiv kombinasiyası şəraitində nail ola bilərik. Ona görə də koronavirusla bağlı yaranan situasiya tələb edir ki, iki istiqamətdə işlər paralel həyata keçirilsin: yəni əhalini birbaşa koronavirusdan qorumaq tədbirləri ilə yanaşı, evdə qalıb çölə çıxa bilmədiyindən maddi vəziyyəti pisləşən vətəndaşlara da kömək məsələsi operativ həll edilməli,“evdə qal” tələbi, evdə köməksiz qalanlara təcili yardım paketi ilə tamamlanmalıdır ki, imkansız insanlar düşdükləri çıxılmaz vəziyyətdən tez çıxa bilsinlər.
Bu həyatı əhəmiyyət kəsb edən məsələyə münasibətdə cəmiyyətdə dövlətin vətəndaşlara və biznesə dəstəyi ilə bağlı böyük gözələntilər yaranıb. Bu gözləntiləri doğrultmaqdan ötrü Prezident tərəfindən kifayət qədər böyük məbləğdə pul da ayrılıb. Azərbaycan dövlətinin, ölkə əhalisinin koronavirus və onun ətrafında yaranan vəziyytdən çıxmaqdan ötrü zəruri olacaq pul vəsaiti sarıdan heç bir problemi yoxdur. Təkcə onu qeyd etmək yetərliidr ki, ötən il dövlət islahatların sosial blokunda nəzərdə tutulan tədbirləri həyata keçirməkdən ötrü 4,2 milyon əhalini əhatə edən və 2,3 milyard manatdan artıq maliyyə tutumu olan bir Sosial Paket həyata keçirdi. Güman edirik ki, aidiyyatı orqanlar tərəfindən bu dəfə də əvvəlcə 1 milyard manatlıq maliyyə tutumu olan və 2.5 milyard manata qədər artırılan yeni Paketdə (və ya işçi qruplarının və proqramların sayına uyğun olan sayda paketlərdə) nəzərdə tutulan bütün tədbirləri, o cümlədən əhaliyə köməklə bağlı tədbirləri sözügedən Sərəncamda müəyyənləşdirilən müddətə, yəni aprelin 3-də Prezidentə təqdim olunacaq.
Amma həmin tədbirlərin işə düşəcəyi aralıq müddətdə özünütəcrid qaydalarına əməl edən, evdən bayıra çıxmayan insanların necə dolana bilməsi sualına da yubanmadan cavab vermək lazımdır. Xeyli adam var ki, evində nə ərzaq, nə də pul sarıdan heç bir ehtiyatı yoxdur. Çünki bizə olan çoxsaylı müraciətlər də göstərir ki, xeyli insan gündəlik çörəkpuluna işləyirdi və onun evdə qalması ailənin ac qalmasına səbəb olub. Ona görə də təcrid vəziyyətinə düşmüş belə insanlara, ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir. Artıq bir sıra strukturlar tərəfindən bu yöndə müəyyən addımlar atılmağa başlanılıb. Bu işə sistemli xarakter verib miqyaslarını da artırmaq lazımdır ki, diqqətdənkənar qalan olmasın. Aidiyyatı qurumlar, yerli icra strukturları, bələdiyyələr, imkanlı adamlar da bu cür imkansızlara əl tutmalııdr ki, hökumətin hazırladığı və aprelin 3-də Prezidentə təqdim edəcəyi biznesə və əhaliyə kömək paketi işə düşənə qədər insanlar düşdüyü ağır durumdan çıxa bilsinlər.

Əli