• 21 İyun 2025
logo
"ABŞ İsrailə kömək etsə də, müharibəyə qatılmaqdan çəkinir" - Qüdrət Həsənquliyev

"ABŞ İsrailə kömək etsə də, müharibəyə qatılmaqdan çəkinir" - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev son günlər dünyada baş verən proseslər, xüsusilə, İran-İsrail arasındakı gərginliklər fonunda Elchi.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Qüdrət bəy, İsrailin İrana hücumundan bir həftə vaxt keçir, nələri müşahidə edirsiniz? Bundan sonra nələr baş verə bilər?

- Müşahidələrim ondan ibarətdir ki, müharibə daha dağıdıcı xarakter alır və tərəflərin hələ ki, müharibəni davam etdirmək imkanları var. ABŞ silah sursatla İsrailə kömək etsə də, müharibəyə qatılmaqdan çəkinir. ABŞ prezidenti Donald Trampın 80-ə yaxın yaşı var, qərar qəbul etməkdə çətinlik çəkir. Fikirləri çox qarışıq və ziddiyyətlidir. Həmişə demişəm ki, o, görünmək istədiyi qədər cəsarətli adam deyil. Fikrimcə, həm də Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Trampı başa salıb ki, qarışma, amma daxildə Trampa böyük təzyiq var.

- İran İsrailə daha dağıdıcı zərbələr endirsə, İsrail nüvə silahından istifadə edə bilərmi?

- Dövlətin mövcudluğuna təhlükə yaransa, İsrail böyük itkilərlə, dağıntılarla üzləşsə və ABŞ ona kömək etməsə, düşünürəm ki, İsrail tərəddüd etmədən İrana nüvə zərbəsi endirəcək.

- Azərbaycanın İrandakı müharibəyə hansısa formada qatılması mümkündürmü?

- Azərbaycanın münaqişəyə yanaşması ədalətli və beynəlxalq hüquqa uyğundur. Biz iqtidarın siyasətini tam dəstəkləyirik. Azərbaycan tərəfləri münaqişəni danışıqlar yolu ilə həll etməyə, beynəlxalq humanitar hüquqa hörmət etməyə, dinc insanlara və mülki infrastruktura ziyan vurmamağa çağırır. Hesab edirəm ki, nəzəri baxımdan Azərbaycan qardaş Türkiyə ilə birlikdə o zaman hansısa addımlar ata bilər ki, İranda mərkəzi hakimiyyət çökər və azərbaycanlılar soyqırım və etnik təmizləmə siyasəti təhlükəsi ilə üz-üzə qalar. Ümid edək ki, proseslər o həddə gəlib çatmaz və müharibə sülh anlaşması ilə başa çatar, İranda böyük islahatlar başlayar, azərbaycanlılar da milli haqlarına qovuşar. İranda türk düşmənçiliyinə son qoyular, Zəngəzur dəhlizi açılar.

Biz Qarabağı azad edəndən sonra söyləmişdim ki, İlham Əliyev Allahın seçdiyi və sevdiyi siyasətçilərdəndir. O, nə qədər çevik, müdrik və cəsarətli siyasətçi olsa da, biz yalnız Allahın köməyi ilə torpaqlarımızı işğaldan azad edə bilərdik. Yalnız Allah beynəlxalq və regional proseslərin gedişini o cür əlverişli formada təmin edə bilərdi. Onu da qeyd etmişdim ki, ola bilsin Allah-taala onun üzərinə daha bir və ya bir neçə tarixi missiya qoyub.

- İran niyə müharibədən yayına bilmədi?

- İran iqtisadiyatı özünün ən pis dövrünü yaşayır. Sanksiyalar və hərbi xərclər, proksi müharibələri iqtisadiyyata öz mənfi təsirini göstərirdi. Daxildə ciddi milli və sosial zəmində narazılıq var. Dini və hərbi rəhbərlik çəkindi ki, nüvə məsələsində güzəştə getsə, xalq bunu zəiflik kimi qəbul edəcək və onlar siyasi hakimiyyəti itirə bilərlər. Amma ciddi səhvə yol verdilər. İran prezidenti Məsud Pezeşkian seçiləndən sonra dəfələrlə müsahibələrimdə deyirdim ki, bu bəlkə də İran üçün sonuncu şansdır ki, ölkə islahatlarla, dinc yolla inkişaf etsin, İsraillə düşmənçiliyə son qoyulsun, sanksiyalar aradan qaldırılsın. Deyirdim ki, dini lider xalq tərəfindən birbaşa seçilmiş legitim prezidenti dəstəkləməli, ona daxili və xarici siyasətin müəyyənləşdirilməsində, islahatların aparılmasında tam sərbəstlik verməli, onu müdafiə etməlidir. Pezeşkian seçiləndən sonra açıq söyləyirdi ki, o, ABŞ ilə danışıqların tərəfdarıdır, İranda yaşayan digər xalqlara öz dillərini, milli mədəniyyətlərini inkişaf etdirməyə imkan verilməlidir ,amma dini lider icazə vermədiyindən o, geri çəkildi. Əslində bu onun zəifliyi idi. Ölkəsini qorumaq üçün mübarizə aparmalı idi. Proseslərin hara gətirib çıxaracağını gördüyü halda həmin siyasətin davam etdirilməsinə etiraz edə bilmədi, onun iştirakçısına çevrildi.