• 18 İyun 2025
logo
Axı, iyunun 19-u onun ad günüdür...

Axı, iyunun 19-u onun ad günüdür...

Kamran adı "uğurlu", "bəxtəvər", "müvəffəqiyyətli" mənalarını verir. Bu ad, əsasən şərq ölkələrində, o cümlədən Azərbaycan və Türkiyədə geniş yayılıb. Bəzi mənbələrdə bu adın sanskrit dilindəki "Kamaram" sözündən gəldiyi və Hindistanda yarandığı qeyd olunur. Hətta bir neçə rəvayətdə göstərilir ki, guya bu söz, Afrika ölkəsi Kamerunun adı ilə bağlıdır. Nə isə, bu dəfə sizə Kamran Nəzirlidən danışmaq istəyirəm. Axı, iyunun 19-u onun doğum günüdür...

Deyir ki:- “Nə qədər insan varsa, o qədər də yol var: qısa, uzun, əyri, düz, nə bilim, hamar, kələ-kötür, təzə, köhnə, bitmir ki, bitmir. Uçur, dağılır, tikilir, qurulur, sel-su aparır, yenə görürsən ki, yenisi yaranır. Təxminən insan da belədir. Mənim də öz yolum var, hələ ki gedirəm. Bu yol Şimali Azərbaycanın gözəl Astarasından başlayıb. Uşaq bağçası. Yuri Qaqarin, daha sonra Komarovun ölümünə ağlamağım. Rusdilli orta məktəbə getməyim. Rusca adımı soruşanda cavab verə bilmədiyimə görə rus qadın direktorunun məni məktəbə götürməməsi. Atamın nağılları. Xəzərin qumsal sahillərində saatlarla uzanıb sinif yoldaşlarımla "VEF" radioqəbuledicisindən İran musiqilərinə qulaq asmağımız - Ququş, Səttar, Humeyra... O taydakı bacı-qardaşlarımın yoxluğu-varlığı, məişəti, incəsənəti ilə maraqlanmağım. Anamın kitabları. Xalamın kitabxanası. Musiqi məktəbinə könülsüz getməyim. İlk fotoaparatım. İlk pianom. İlk konsertimdə Motsartın Polonezini çalmağım. İlk şeirimin rayon qəzetində dərci. Zemfira Musabəyovanın kimya dərsində "1" almağım, sonra da elə həmin müəllimimin təkidiylə Bakıya, respublika Kimya Olimpiadasına getməyim və 1-ci yeri tutub qalib kimi qayıtmağım. Zona üzrə respublika futbol yarışlarında oynamağım. "Qızıl sünbül" kubokunun final oyununda Kazbek Tuayevin 7 nömrəli formasında qol vurmağımın sevinci. Ali məktəb həyatı. Anamın qəfil ölümü. Tələbə ikən müəllim işləməyim. Radionun "Gənclik" redaksiyası isə əməkdaşlığım, "Neft Daşları"ndan reportajlarım. Elmi-ədəbi fəaliyyətim. Hekayə və tərcümələrimin qəzetlərdə çap olunması. Müəllimlərimin sevgisi və qayğısı. İlk sevgi. İlk kitab. Tbilisidə əsgərlik həyatı. "Krasnaya Zvezda"da ştatdankənar müxbirlik. Ailəm. Jurnalistlik fəaliyyətim. Məmurluq. Tərcüməçilik. Yazıçılıq. Bədii əsərlərimin, xəbər, oçerk və məqalələrimin Ümumittifaq mətbuatında dərci. Qonorarlarımın sevinci. Qarabağ bölgəsinə ezamiyyətlər, erməni separatçılarının gizli fəaliyyətindən reportajlar... mitinqlər dalğasına çırpılan qaynar gəncliyim və sovet hökumətinin sonu.”

Bəli, yazıçı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli 1958-ci il iyun ayının 19-da Astara rayonunda müəllim ailəsində anadan olub. Orta təhsilini orada M.Ə.Sabir adına 1 nömrəli məktəbdə başa vurub. Sonra indiki Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra indiki Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetində ikinci, üçüncü ali təhsilə yiyələnib . 1984-1987-ci illərdə "Sovet kəndi" qəzetində, 1987-1989-cu illərdə Azərinformda, 1989-1991-ci illərdə Azərbaycan KP MK aparatında, 1991-1995-ci illərdə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində, 1993-1994-cü illərdə Pakistan İslam Respublikasında,1996-2000-ci illərdə müxtəlif beynəlxalq humanitar təşkilatlarda, Dünya Bankının layihələrində, 2001-2009-cu illərdə Azərbaycan Respublikası Milli Bankında Beynəlxalq Əlaqələr Departamentinin direktor müavini, Mətbuat katibi və s. müxtəlif vəzifələrdə çalışıb və bir sıra müstəqil qəzetlərin, habelə “Ədalət”, “7 gün”, “525-ci qəzet”in redaktoru və köşə yazarı olub...

“Müstəqilliyimizin ilk illəri, Pakistanda qızmar günəş altında boruyayma zavodunda keçən darıxdırıcı tərcüməçilik fəaliyyətim, problemlər, qayğılar, burulğanlar, mürəkkəb və qeyri-müəyyən yollar, mübarizə, məğlubiyyət, itki, qazanc, məhrumiyyət, səbirli və səbirsiz gözləntilər, emosiya və sağlam düşüncə, kitablar, tərcümələr, simanı, şəxsiyyətini, ailəni və nüfuzunu qorumaq üçün çarpışmalar, üstəlik, yaradıcılıq və xidməti ezamiyyətlər, ölkələr, şəhərlər, insanlar... son on ilin dinc və sabit həyatı, nəhayət, Kamran Nəzirli. Bax, qısaca, belə bir yol gəldim. Ayaq üstəyəm.”- söyləyir...

Adətən, onu intellektual olması ilə tanıyırlar. Mədəni bilikləri ilə ətrafdakı insanlara qısa zamanda təsir etməyi bacarır. Yaxınlarına, tanışlarına qarşı çox həssas və yardımsevərdir. Daim nəyisə araşdırma və öyrənmə istəkyi onun zəkasını və enerjisini həmişə canlı saxlayır. Ümumiyyətlə, darıxdırıcı adam deyil. Əylənməyi və səyahət etməyi çox sevir...

Deyir ki:- “Allahıma və müəllimlərimə minnətdaram ki, məndə dilləri öyrənmək həvəsi oyadıblar. Ondan qalan şeylər insanın özündən asılıdır. Təkcə dil bilmək yetərli deyil, o cümlədən yaxşı tərcüməçi olmaq üçün də yetərli deyil. Tərcüməçidən, xüsusilə də bədii mətnlərin tərcüməsində çox keyfiyyətlər tələb olunur. Yaxşı tərcüməçi yetişdirmək üçün bəzən 40-50 il də azdır, o gərək daim öyrənsin. Şair və ya yazıçı üçün yaş az fərq edir, amma peşəkar tərcüməçi illər, on illər boyu yetişir. Təbii ki, dünyaya çıxmaq üçün təkcə tərcüməçilik yetərli deyil. Öncə, bədii mətn qoymalısan ortaya, təsadüflər, zərurətlər, başqa imkanlar da rol oynayır. Bir dəfə Belarusiyadakı Ədəbiyyat Portalına iki hekayə göndərdim, ikisini də çap elədilər, hətta belarus dilinə də tərcümə edib "Ədəbiyyat və incəsənət" qəzetində də verdilər. Bundan sonra mənimlə əlaqələr canlandı, bir neçə dəfə Minsk şəhərinə dəvət aldım. Yazıçı və şairlərlə tanışlıq, dostluq əlaqələri yarandı, əməkdaşlıq etməyə başladıq. Yəni demək istəyirəm ki, hər hansı bir ölkənin yaradıcı adamları ilə tanış olmaq, onlarla əlaqələr qurmaq, əməkdaşlıq etmək asan deyil, həm də asandır. Səni və yaradıcılığını tanıyandan sonra hansısa əməkdaşlığa qol qoyurlar.”

Elə özü də belə adamdır. Bir də görürsən ki, təsadüfən internetdə tanış olduğu bir yazıçı ilə münasibətləri alınır...

“O ki qaldı ədəbiyyatımızı və mədəniyyətimizi təşviq etməyə- buna dil bilmək vacib deyil, onu hər zaman etməlisən; özünü aparmaq mədəniyyətinlə, yaxud maraq və dünyagörüşün, baxışların, söhbətə və müzakirəyə qoşulmaq məharətin, bilik dairən, həm də ictimai əlaqələrini idarə etmək qabiliyyətin ola gərək. Bütün bunlar təkcə yazıçıdan, yaxud tərcüməçidən yox, ümumiyyətlə, insandan həm də təcrübə tələb edir, gərək bir qədər də sağlam düşüncən, bəxtin ola, nə istədiyini də aydın dərk edəsən. Deyirlər, bir dəfə Bəxt İlahəsinin yanına iki cavan gəlir: birinci bildirir ki, ağıllı və müdrik adamlar arasında şöhrət qazanmaq istəyirəm. İkinci isə deyir ki, mən də nadan və axmaqlar arasında şöhrət üçün gəlmişəm. Bəxt İlahəsi hər ikisinə müsbət cavab verir, deyir gedin, ikiniz də arzunuza çatdınız. Saray əyanları təəccüb edirlər. Bəxt İlahəsi isə deyir ki, əslində, xahişə gələnlərin ən ağıllısı ikinci cavan idi. Çünki müdriklər və aqillər azdır, nadan və axmaqların sayı isə çox. Sonuncuları kim öz tərəfinə çəkə bilsə, deməli ağıllı odur, nə istədiyini bilir, onları idarə edə biləcək. Birinci cavan isə arzusuna çata bilməyəcək, qəlbini qırmadım, sonda özü başa düşəcək. Bu məsəli ona görə çəkirəm ki, əlahəzrət Bəxt bəzən ağılsıza da, ağıllıya da eyni imkanları yaradır, o imkanlardan düzgün və dürüst istifadə edənlər müəyyən uğur qazana bilərlər...”- söyləyir.

Onun öz xarizması var. Adətən mehriban, ağıllı və gözəl nitqləri ilə diqqəti özünə çəkməyi bacarır. Bir çox insanın bacarmadığı problemlərin həllində qısa müddətdə uğur əldə etməyin yolunu tapır. Bu da onun müsbət xüsusiyyətlərindən biridir...

Deyir ki:- “Tərcümə etdiyim müəlliflər arasında çox tanınmışlar- Cek London, Oskar Vayld, Con Qolsuorsi, Herman Melvil, Somerset Moyem, Marqaret Mitçel, Teodor Drayzer, Ernest Heminqvey, Qabriel Markes, Folkner, Anton Çexov, Harold Pinter və başqaları varsa da, az tanınmışları da var. Nəinki kitabların tərcüməsi, hətta kommersiya təklifləri, adi məişət, kənd təsərrüfatı, siyasi-iqtisadi mövzuda mətnlər, müxtəlif dərsliklər, hesabatlar da tərcümə etmişəm. Mənim indi özümü rahat hiss edən vaxtımdır.”
Zəhməti, işləməyi, əzmkarlığı sevən adamdır və həm də qazandığı pulun qədrini biləndir. Onun üçün doğru sərmaya qoymaq və qənaət etmək vacib faktordur. Zəkası çox güclüdür. Özünü ən çətin anlarda da tənzimləyə bilir. Və çalışdığı sahədə sözünü deməyi, özünü sübut etməyi bacarır. Rahat və lüks bir həyat yaşamaq, sevdiklərinin istəklərini həyata keçirmək onun üçün çox vacibdir...

Onunla Azərbaycan Yazıçılar Birliyində keçirilən tədbirlərdən birində tanış olduq. Dəhlizdə xüsusi ayrılan yerdə siqaret çəkib söhbət edirdik. Söz siqaretdən düşəndə qəribə bir rəvayət danışdı. Dediyinə görə, əlində siqar olan Çörçil qarşısındakı adamdan niyə tez-tez siqaret çəkdiyini soruşur. O da Çörçilin sualına sualla cavab verir. Cənab baş nazir, bəs siz niyə belə tez-tez siqar çəkirsiniz? Zövq alıram- deyə, Çörçil ona cavab verir...

İyunun 19-u Kamran Nəzirlinin 67 yaşı tamam olur. Ona möhkəm can sağlığı arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu