• 20 Aprel 2024
logo
Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib

Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib

Tahir Mirkişili: “2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ÜDM-in həcmi 100 milyard manatdan çox olub”

Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə baş tutan iclasda deputatlar gündəlikdə olan 14 məsələni müzakirə ediblər.
Əvvəlcə “2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsi birinci oxunuşda müzakirə olunub.
Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib: “Qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Dünyada baş verən ümumi böhran fonunda, Azərbaycanda 2022-ci il iqtisadi inkişaf baxımından uğurlu olub. Ölkədə maliyyə-iqtisadi sabitlik qorunub saxlanılıb, Ümumi Daxili Məhsulun (ÜDM) artımına nail olunub, qarşıda duran hədəflərin icra olunması ilə bağlı müsbət nəticələr əldə edilib”.
Komitə sədri əlavə edib ki, 2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ÜDM-in həcmi 100 milyard manatdan çox olub: “İlin sonuna olan göstəricilərə əsasən, ÜDM-in həcmi 133.8 milyard manat təşkil edib. Ümumilikdə ötən il həm neft-qaz sektorunu, həm də qeyri-neft sektorunu əhatə etməklə ÜDM-də 40.6 milyard manat əlavə artım müşahidə olunub”. O, neftin 1 barelinin qiymətinin 2022-ci ilin dövlət büdcəsində 85 ABŞ dolları ətrafında planlaşdırıldığını, lakin bu göstəricinin 103,6 ABŞ dolları ətrafında olduğunu deyərək, bu artımın da dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərdiyini söyləyib.
Komitə sədri ölkədə 2022-ci ildə orta illik inflyasıyanın 13,9 faiz təşkil etdiyini, inflyasiya ilə mübarizə sahəsində Azərbaycanda bir çox zəruri tədbirlərin görüldüyünü qeyd edib. O, bu istiqamətdə atılan addımların inflyasiyanın mənfi təsirlərinin azalmasına xidmət etdiyini deyib.
Tahir Mirkişili bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481 milyon manat artıq icra olunub, xərcləri isə 32 milyard 64.6 milyon manat həcmində icra edilib. O, icra göstəricilərinin yüksək olduğunu və bunun qarşıda duran hədəflərin yerinə yetirilməsi baxımından önəmli olduğunu qeyd edib, kəsirin 3,1 milyard manat planlaşdırıldığını, nəticədə isə 1 milyard 385 milyon manat ətrafında olduğunu deyib.
Daha sonra millət vəkilləri qanun layihəsi barədə fikirlərini bölüşüblər.
Deputat Fazil Mustafa bildirib ki, işsizliyin aradan qaldırılması üçün sahibkarlıq inkişaf etdirilməlidir: “Büdcədən işsizliyin aradan qaldırılması üçün ayrılan pullar mənasızdır". Deputat bildirib ki, dövlət xətti ilə iş yerlərinin açılması problemi həll etmir: "Biz gördük ki, suvarmadan kənd təsərrüfatı sahələrinə qədər dövlətin vəsait qoyduğu hər şirkət bağlanmaqdadır. Sahibkarlıq, özəl sektor inkişaf etdirilməlidir. Büdcədə yerli özünüidarəetmənin payı yoxdur".
Deputat təhsil sahəsində də problemlərə toxunub: “1000 yerlik məktəbdə 1500-200 nəfər şagird təhsil alır. Layihə qəbul olunsa da, məktəblərdə bunun icrası ləngidilir. Digər tərəfdən, narkomaniyaya qarşı mübarizə üçün ayrı proqram hazırlanmalı, yüksək səviyyədə vəsait ayrılmalıdır. Bu sahədə ölkədə faciəvi vəziyyət yaranıb. Həbsxanada olan məhkumların böyük əksəriyyəti narkotik cinayətləri üzrə tutulanlardır. Onlar həbsxanada da problemlər yaradır".
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva diqqətə çatdırıb ki, ölkədə problemlərdən biri şəhid ailələri və qazilərin işlə təmin olunmasıdır: “Ümumiyyətlə, 2022-ci ildə nə qədər qazi işlə təmin olundu? Nə qədəri işlə təmin olunmadı və səbəbi nədir? Bunlar açıqlanmalıdır". Deputat çıxışı zamanı qazi və şəhid ailələrinin problemlərini diqqətə çatdırıb. "Qazilik statusu almayan, amma müharibədə iştirak edənlərdən elələri var ki, onların səhhətində problem yaranıb. Həmin şəxslər dərmanları özləri alır, dərmanla təminatda porblemləri var. Onların reseptlərinə köməklik göstərilməlidir. Həkim şəhidimiz polkovnik-leytenat Rasim Abdullayev çox az qalmışdı imtiyazdan yararlanıb ev alsın, amma şəhid olub, deyə ev ala bilmədi. İndi də şəhidin ailəsinə deyirlər ki, Kəlbəcərdə ev tikilsin, sizə ev veriləcək. Kəlbəcərli olaraq onsuz da ona ev veriləcək, amma bir hərbçi kimi imtiyazından yararlanmalıdır. Onun övladı evlənməlidir".
Millət vəkili Elman Nəsirov deyib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı çoxsaylı müzakirələr aparılsa da məsələ hələ də tam şəkildə həllini tapmayıb. O, Bildirib ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin möveqeyini öyrənib: "Nazirliyin mövqeyi bundan ibarətdir ki, "biz məmuruq, həkim və həkim komissiyası deyilik. Tibbi müəssisələri hansı diaqnozu qoyursa biz də Nazirlər Kabinetinin müvafiq siyahısı əsasında əlilliyi müəyyən edirik". Belə məlum olur ki, tibbi müəssisələr sənədləri yarımçıq doldurduqları üçün belə pronblrmlər meydana şıxır".
Deputatlar həmçinin digər qanun layihələri ilə bağlı da fikirlərini bölüşüblər.
Qənirə Paşayeva bildirib ki, ictimai yerlərdə tütün vasitələrinin çəkilməsinə qarşı müvafiq addımların atılması istiqamətində heç bir addım atılmayıb: “İctimai yerlərdə tütün vasitələrinin çəkilməsinin dayandırılması və ya məktəbə yaxın yerlərdə belə məhsulların satılmasının qarşısının alınması ilə bağlı hansısa işlər görülməyib. Milli Məclis bununla bağlı çox yaxşı bir qanun layihəsi qəbul edib. Amma bunun icrası ilə bağlı addımların atılmasını görmürük. Ona görə də bu barədə danışmaq lazımdır ki, 2022-ci ildə niyə bu sahədə addımlar atılmayıb".
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib ki, “Təhsil haqqında” qanuna ixtisas təcrübəsi anlayaşı gətirilməlidir.
O qeyd edib ki, müəllim işləmək istəyənlərin sayı çox olsa da, vakant yerlərin sayı azdır: “Hər il eyni vəziyyət müşahidə olunur. Adətən şəhərdə yerləşən məktəblərdə vakant yerlərin sayı həmişə az olur. Regionlarda isə vəziyyət əksinədir. Müəllimlərlə mövcud olan vakansiyalar arasında o qədər fərq olmasa da, şəhərdə işləmək arzusu çoxdur. İnanırıq ki, müəllimlərin işə qəbulu və sertifikasiya imtahanları vasitəsilə yaxın 5 ildə bu nisbət aradan qaldırılacaq”.
Deputat Sabir Rüstəmxanlı diqqətə çatdırıb ki, müəllimlərin işləmə yaşını konkret göstərməliyik, müəllim ya 65 yaşda, ya 70 yaşda təqaüdə çıxmalıdır, bunu konkret etməliyik: “"Bu məsələ müəssisə rəhbərlərinin öhdəsinə buraxılır və onlar da subyektiv qərarlarla öz qohumunu, tanışını irəli çəkir, yaxşı müəllimlər kənarda qalır. Hesab edirəm ki, bu məsələni dəqiqləşdirməliyik”.
Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı ədəbiyyat və test yoxdur: “Müəllim bilmir ki, nəyə istinad edib, necə hazırlaşsın. Neçə ildir ki, proses gedir, amma onlar üçün əlavə məlumat yoxdur.
O qeyd edib ki, Türkologiya və Cənubi Azərbaycan məsələsinə də elmdə yer ayrılmalıdır. Türk dünyası yaradırıq və bunun ədəbiyyatı, tarixi olmalıdır. Bütün nazirliklər akademiya açır, lakin peşə məktəbi açan yoxdur. Peşə texniki məktəblər olsa ali məktəbə girmək üçün müraciət də çox olmayacaq. Hər şirkət və təşkilata tapşırıq verilməlidir ki, ciddi texniki peşə məktəbləri açılsın”.
Deputat Bəhruz Məhərrəmov bildirib ki, sosial iqtisadi durumun, yaxud büdcənin icrasının göstəricisi sosial media, xüsusən "azad media" pərdəsi altında buxovlanmış muzdlu medianın təbliğatı ola bilməz: “Mən indi həmin media qurumlarının adını bu ali tribunadan səsləndirmək istəmirəm, onlar üçün böyük şərəf olar. Sadəcə sual qoyuram, pulunu USAİD-dən, NED-dən alan media müstəqil ola bilərmi? Hər kəs bilir ki, onlardan gələn sifarişin məzmunu və məqsədi nə ola bilər!? Açın həmin media qurumlarının səhifəsini, görün dövlətin həyata keçirdiyi siyasətin bir dənə müsbət tərəfi işıqlanırmı? Əgər sən azad mediasansa, tənqid etdiyin kimi reallıqları da göstərməlisən. II Dünya müharibəsindən sonra SSRİ kimi böyük dövlətdə 20 il nə bir şəhid, nə bir yaralı heç bir imtiyazdan faydalana bilmədi, amma Azərbaycan müharibə başa çatar çatmaz şəhid ailəsini də veteranını da sosial qayğı ilə əhatələyib və proses davam edir. Bu qədər şəhid ailəsinə evin verilməsi, bu qədər veteranın xaricdə müalicə alıb həyata qayıtması xəbər deyil, gözə görünmür, amma məqsədli şəkildə öyrədilmiş bir nəfərin problemi olur ölkənin gündəmi”.
Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib. Bununla da Milli Məclisin payız sessiyası başa çatıb.

Əli