Ümummilli lider Heydər Əliyevin dövlət qarşısındakı xidmətləri hər kəsə bəllidir. Heydər Əliyev istər müstəqillk, istərsə də sovet dönəmində Azərbaycanın inkişafı üçün həlledici addımlar atıb. Onun sovet dönəmində gördüyü işlər təkcə 1969-1982-ci illəri əhatə etmir.
Ümummilli lider Dövlət Təhlükəsilik Komitəsinin (DTK) rəhbəri olduğu dönəmdə də ölkəsi naminə cəsarətli və riskli addımlar atıb.
Heydər Əliyevə qədər DTK-nın kadr bazasını qeyri millətlər-xüsusilə də ermənilər və ruslar təşkil edib ki, onlar da Azərbaycan xalqına qarşı amansız rəftar sərgiləyiblər.
Bu Heydər Əliyevin DTK sədri olana qədər davam edib. Ümummilli lider DTK-da çalışdığı və rəhbər olduğu zaman ərzində qurumun milliləşdirilməsini qarşısına məqsəd qoyub və buna nail olub. Məhz bu qurum milliləşəndən sonra Azərbaycanın dəyərli övladlarına qarşı təqiblərə son qoyulub.
Yaradılan bu şərait nəticəsində XX əsrin 60-cı illərinin sonu -70-ci illərində xalqımızın tarixi keçmişinə də maraq artıb, bu sahədə də oyanış başlaydıb. O zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Tarixçilər yazırlar ki, Ensiklopediyanın Baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rolu, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Rəsul Rzanın həlledici köməyi Kiyevin xəritə fabrikində ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin hazırlanması və çapına nail olunub. 1972-ci ildə Ensiklopediyanın Baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə "Azərbaycan SSR xəritələri" adlı atlas nəşr edilib. Göstərilən tarix xəritələri həmin atlasa daxil edilib. Lakin bütün bunlarla bağlı Moskvaya məlumat ötürülüb. Azərbaycan ziyalılarına “sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmaq məqsədilə xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş Stepan Şaumyanın oğlu Lev Şaumyanı Bakıya dəvət etdilər. O zaman "Böyük Sovet Ensiklopediyası" baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında duranlardan biri olan L.Şaumyan əlinə düşən fürsətdən istifadə edərək Azərbaycan ziyalılarına zərbə vurmaq üçün çox çalşsa da məqsədinə çata bilmədi. Məhz Heydər Əliyevin cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük hissəsi“KQB”nin təqiblərindən və partiya cəzasından yaxa qurtara bildilər.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilib ki, bu zaman Azərbaycan SSR-də bütün sahələrdə böhran, tənəzzül hökm sürürdü.
Amma onun yüksək idarəçilik bacarığı sayəsində ölkə inkişafa qədəm qoydu ki, bu da Azərbaycan tarixində dönüş nöqtəsi kimi xatırlanır.
Ümummilli lider iqtisadiyyatın bütün istiqamətləri və mədəniyyətin müxtəlif sahələrində öz vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail oldu.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək, sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin xüsusi qərarların qəbul etməsinə nail oldu və həmin qərarların yerinə yetirilməsini təmin etdi.
1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə qalxdı.
Heydər Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan həmçinin o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına çevrildi.
1969-1982-ci illərdə ilk növbədə təhsil, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyuldu.
Milli adət-ənənələrimizin qorunub saxlanılmasına ciddi fikir verildi. Bunlarla yanaşı onun təhsil, mədəniyyət, tarix, ədəbiyyat və incəsənətə qayğısı, milli hərbçi kadrların hazırlanması, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlər də daim yaddaşlarda qalacaq.
Məhz onun təşəbbüsü ilə kommunist rejiminin sərt qaydalarına baxmayaraq xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, mənəviyyatı ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunub və milli tərəqqiyə yönələn mühüm əhəmiyyətli qərarlar qəbul edilib.
O dövrdə ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda ulu öndər ana dilinin inkişafına xüsusi diqqət yetirib.
SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verilib. Azərbaycan Konstitusiyası layihəsinin ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş iclasda Heydər Əliyev bildirib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu təklif yekdilliklə qəbul edilib və Azərbaycan SSR-də dövlət dili Azərbaycan dili elan olunub.
1970-1985-ci illərdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb. 213 iri sənaye müəssisəsi işə salınıb. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tutub. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunub. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildə istehsal olunan məhsulun həcminə bərabər idi. Həmin illərdə abadlıq, quruculuq və tikinti işləri aparılır, Bakının və rayonların siması sürətlə müsbətə oğru dəyişirdi.
Bu gün Bakıda və rayonlarda mövcud olan yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, sənaye obyektləri, su anbarları, çoxsaylı yollar, o cümlədən Bakı-Balakən dəmir yolu, Xankəndinə çəkilən dəmiryolu Heydər Əliyev zəkasının nəticəsidir.
1970-1985-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.
Nəhayər 1969–1982-ci illərdə Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strategiyası sayəsində ölkəmiz sürətli inkişaf yolu keçdi. Azərbaycan qısa müddət ərzində tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu.
Məhz bu illərdə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsinə imkan verən zəngin iqtisadi potensial yaradıldı.
Mütəxəssislər hesab edirlər ki, bu illər tariximizə mədəni intibah dövrü kimi daxil oldu. Azərbaycan incəsənətinin bütün sahələrində yüksəliş dövrü yaşandı. Ədəbiyyat, musiqi, teatr, balet və digər yaradıcılıq sahələri sürətlə inkişaf etdi. Xalqın milli mənlik şüurunun güclənməsinə təkan verən, tarixi ənənələrinin qorunmasına yönələn tədbirlər görüldü. Mövcud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi.
Təhsilin inkişafına, respublikadan kənarda kadr hazırlığına diqqət artırıldı. Hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görüldü.
1982–1987-ci illərdə isə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən SSRİ-nin 12 nazirliyinin və 20-yə yaxın komitəsinin fəaliyyətinə nəzarət edirdi. Heydər Əliyevin rəhbərlik etdiyi Operativ Məsələlər Komissiyası Sovet İttifaqının təsərrüfat idarəçiliyinin bir çox aktual məsələləri ilə məşğul olurdu. Onun rəhbərliyi ilə sosial sahədə, təhsildə və səhiyyədə islahatlar aparılırdı.
Bu səlahiyyətlərindən istifadə edən Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün çoxsaylı tədbirlər görürdü. Məhz onun sayəsində Moskvada yüksək vəzifə tutan ermənilərin Azərbaycana qarşı düşmənçilik planları əngəllənirdi.
Heydər Əliyevin təşəbbüsü ilə sovet dönəmində Azərbaycanda qurulan infrastruktur və sənaye müəssisələri daha sonra müstəqil Azərbaycanın inkişafının bazasını təşkil etdi...
Əli İbrahimov
Yazı Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda keçirdiyi fərdi yazı müsabiqəsinə təqdim olunur