Cənab İlham Əlievin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar 2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Ölkədə aparılan köklü islahatlar, müsbət dəyişikliklər Azərbaycan xalqı tərəfindən dəstəklənirdi.
Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir.
Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi.
2018-ci ilin seçki marafonunda 8 namizəd iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Həmin seçkilərdən sonra cənab İlham Əliyev andiçmə mərasimində etdiyi çıxışında qarşıdakı illər ərzində prioritetləri müəyyən etdi. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.
Azərbaycan xalqı görülən işlərə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.
2003-2018-ci illər ərzində Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşadı, ölkədə demokratik inkişaf prosesi çox sürətlə getdi, bütün azadlıqlar təmin edildi, azərbaycançılıq məfkurəsi hər yerdə özünü göstərdi. egionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, mədəniyyət və idman sahəsində qazanılan uğurlar, ekoloji təhlükəsizliyə böyük diqqət ayrılması, ölkədə ümumi daxili məhsulun, büdcə gəlirlərinin artması, yeni iş yerləri açılması, əhalinin məşğulluq səviyyəsinin artması, əlbəttə ki, Prezident İlham Əliyevin düzgün strategiyasının nəticəsi idi.
Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu.
Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi.
Bütün bu uğurları sadalamaqla yanaşı, əminliklə deyə bilərik ki, ilk dəfə prezident seçildiyi dövrdən başlayaraq, Prezident İlham Əliyevin atdığı addımların arxasında dayanan əsas məsələlərdən biri, əsas məqsəd həmişə torpaqlarımızın işğaldan azad edilməsi olub.
Ölkəmizin hərbi potensialının daha da gücləndirilməsi Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasına daxil olmasında mühüm rol oynayıb. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri 2018-ci ildə dünyada ən güclü 50 ordu sırasında yer tutub. 2018-ci il iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə təntənəli hərbi parad keçirilib.
Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə etdi. Bununla da şanlı tarixinin ən şərəfli səhifələrini yazdıq. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müharibə Azərbaycanın gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Birmənalı olaraq demək lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.
44 günlük Vətən Müharibəsi dövründə İlham Əliyevin əsl sərkərdə, lider kimi hərbi komandanlıqdan tutmuş informasiya müharibəsinə kimi bütün cəbhələrdə ən öndə vuruşması, sonda “Dəmir yumruq”la düşməni məhv etməsi və əldə olunan zəfər cənab Prezidentin Azərbaycan xalqına bəxş etdiyi ən böyük nailiyyətdir.
Rafiq İsayev
Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini