• 27 Aprel 2024
logo
“Azərbaycanın tələblərinə və legitim istəklərinə riayət edilməlidir”

“Azərbaycanın tələblərinə və legitim istəklərinə riayət edilməlidir”

İlyas Hüseynov: “Laçında və Zəngəzurda nəzarət buraxılış məntəqələrinin qurulmasına dair təklif konstruktiv yanaşmadır”

Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev konkret və qətiyyətli mövqe ortaya qoydu. Xüsusilə sülh danışıqları ilə bağlı dövlət başçısının Ermənistana, Fransaya, Avropa İttifaqına və bütün dünyaya Azərbaycanın dəyişməz, aydın və qətiyyətli mövqeyini bir daha bəyan etdi.
Əsas məsələlərdən biri də ABŞ prezidenti Baydenin Kiyevə səfəri, Putinin canlı yayımda verdiyi təhlükəli mesajlar la bağlıdır.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Xalq Cəbhəsi”nə müsahibəsində bu məsələlərə aydınlıq gətirməyə çalışdı...
-Prezident İlham Əliyevin Müxhen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı, keçirdiyi mühüm görüşlər və regionumuzun təhlükəsizliyinin gücləndirilməsinə dair fikirləri uzun müddət müzakirə olunacaq. Qeyd edək ki, 2020-ci ildə eyni tədbirdə cənab Prezident Ermənistanın baş naziri Nikol Paşinyana tarix, diplomatiya və siyasi ustalıq dərsi keçmişdi. Daha sonra bu diplomatiya dərsləri özünü döyüş meydanında göstərdi və Azərbaycan böyük zəfər qazanaraq torpaqlarımızı düşmən işğalından təmizlədi. Bu gün artıq tamamilə yeni prioritetlər formalaşıb və regional geosiyasi reallıqlar kontekstində sülh çağırışları daha ucadan səslənməyə başlayıb. ABŞ-ın Dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüş Vaşinqtonun Azərbaycan və Ermənistan arasında siyasi nizamlanma prosesinə öz ağırlığını qoymaq cəhdləri kimi qiymətləndirilir. Bu görüşdə Prezident İlham Əliyev bizim mövqeyimizi bir daha ifadə etdi. Qarabağ mövzusunun bağlanıldığı, orada yaşayan etnik ermənilərin Azərbaycan qanunlarına və Konstitusiyasına uyğun fəaliyyət göstərmələri bildirildi. Beynəlxalq tərəfdaşlara da çağırış ondan ibarət oldu ki, Azərbaycanın tələblərinə və legitim istəklərinə riayət edilməlidir. Laçında və Zəngəzurda nəzarət buraxılış məntəqələrinin qurulmasına dair təklif isə düşünürəm ki, çox konstruktiv yanaşmadır və kommunikasiyalar üzərində suverenlik hüququna əsaslanır.
- Konfransda səslənən fikirlərlə bağlı bölgə və dünya üçün proqnozlar nədən ibarətdir?
-Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilməsi isə Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər. Bu formatda müzakirələrin keçirilməsi Gürcüstan platforması daha da aktuallaşdırır və Cənubi Qafqazda birgəyaşayış modelinin yaradılması üçün yaxşı şərait formalaşdırır.
-Baydenin Kiyevə səfəri dünya mediasının gündəmindədir. Səfərlə hansı mesaj verildi?
-ABŞ-ın 46-cı prezidenti Co Baydenin Ukrayna və Polşaya səfəri çox gözlənilməz oldu və müəmmalı xarakter daşıyır. Eyni zamanda Ukrayna prezidenti Zelenski və Baydenin mətbuat konfransında Ukrayna prezidentinin simasından oxunurdu ki, istədiyini əldə edə bilməyib. Kiyev üçün hazırda danışıqlar və sülh prosesi prioritet deyil. Onlar müharibənin davam etdirilməsinin tərəfdarıdırlar. Rusiyanın yeni hücüm dalğası fonunda Ukrayna daha güclü silah-sursata və texnikaya ehtiyac duyur. Bu texnika və texnologiyaların verilməsi anons edilsə də yenə də döyüş meydanında bərabərliyi formalaşdırır. Lakin Ukrayna üstünlüyə yiyələnmək əzmindədir.
-Rusiya Ukrayna savaşı ilə bağlı nələri proqnozlaşdırmaq olar?
-Rusiya prezidenti Vladimir Putinin səfərbər edilmiş və digər hərbi qulluqçular, o cümlədən könüllülər üçün hər altı aydan bir 2 həftəlik məzuniyyət təyin etməyi tapşırması da göstərir ki, müharibə uzun müddətə hesablanır. Resursların tükənməsi, əsəb və gərginliyin tarıma çəkilməsi və kənar dəstəyin dayanması müharibəni başa çatdıra bilər. Digər metodlarla müharibənin dayandırmaq mümkün görünmür. Türkiyənin vasitəçilik səyləri də tərəflərin mövqelərini yaxınlaşdırmağa kömək etsə də, yetərsiz oldu və müharibə hələ də davam edir.
-Müharibənin miqyası böyüyəyəcəksə bu dünyaya və Azərbaycana necə təsir edəcək?
-Müharibənin miqyası və şiddəti böyüdükcə bütün dünya iqtisadiyyatı zərər görür. Putin qeyd edir ki, 2022-ci ildə Rusiyanın ÜDM-i 2.1 faiz azaldı. Bu ən son nəticələrdir. Ancaq 2022-də Rusiyanın çökəcəyi deyilirdi. Bununla yanaşı, Rusiya hər gün milyonlarla dollar xalis mənfəət itirir. Ziyan milyardlarla ölçülür. Belə olan təqdirdə Azərbaycan iqtisadiyyatına da dünyada baş verən iqtisadi ressesiya təsirsiz ötüşməyəcək. Azərbaycan hökuməti iqtisadiyyatın dayanıqlığını möhkəmləndirmək, xaricdən idxalı azaltmaq və qeyri-neft iqtisadiyyatını şaxələndirmək üçün səylərini daha da gücləndirməlidir. Çünki 2014-cü ildə Krımın ilhaqı göstərdi ki, neftin qiymətinin süni surətdə aşağı salınması Azərbaycan valyutasını iki dəfə dəyərdən saldı. Bu cür qlobal risklərə, təhdidlərə və iqtisadi dalğalanmalara iqtisadiyyatımız davam gətirməyə hazır olmalıdır.
-Co Baydenin Kiyevə səfərindən sonra Putinin federal məclisə müraciətində səsləndirdiyi fikirlərlər nəyi deməyə əsas verir?
-Co Baydenin Kiyevə səfərindən sonra Putinin federal məclisə müraciətində səsləndirdiyi fikirlər Rusiya müharibədə çox qəti və sərt olduğunu nümayiş etdirir. Rusiyanın strateji hücum silahlarının azaldılması müqaviləsində iştirakını dayandırması və Müdafiə Nazirliyi və Rosatom Rusiyanın nüvə silahlarını sınaqdan keçirməyə hazır olması ilə bağlı fikirlər yenidən nüvə təhdidlərini genişləndirir. Ümumilikdə Putinin çıxışında əsas mesaj bundan ibarət idi ki, biz artıq yeni bir dünyada yaşayırıq və buna öyrəşmək lazımdır. Putinin “Biz Ukrayna xalqı ilə döyüşmürük. Biz Ukrayna xalqını əlində girov saxlayan Kiyev rejimi və Qərb dünyası ilə döyüşürük” fikirləri də Qərb tərəfindən narahatlıqla qarşılanıb və müharibəni bitirmək üçün artıq Kiyevə daha güclü dəstək verəcəkləri qənaətindədirlər. Lakin bu müharibə belə görünür ki, hələ çox çəkəcək.

Əli Zülfüqaroğlu