• 28 Mart 2024
logo
Bir addım öndə...

Bir addım öndə...

Yalan məlumatlardan və ictimai rəyin çaşdırılmasına xidmət edən xəbərlərdən hələ qədim Troyanın mühasirəyə alındığı dövrlərdən və bəlkə də daha əvvəllərdən münasiqişə, təfriqə və təşviş yaratmaq, ictimai rəyi parçalamaq üçün alət kimi istifadə olunub.
Vaxtilə bu alt niyyət taxta atlar, yalançı şahidlər, saxta planlar, münəccim və cadügərlər vasitəsilə həyata keçirilirdisə, indi dezinformasiyaların saniyələrlə ölçülən bir zaman kəsiyində, böyük vəsaitlər, insan resursları cəlb olunmadan yayılması üçün heç bir maneə yoxdur. Əhatə dairəsi gündən-günə genişlənən sosial şəbəkələrdəki saxta hesablar, feyk xəbərlərin, dezinformasiyaların sürətlə yayılmasına imkan verən alətlər, təkcə ayrı-ayrı ölkələrin milli maraqlarını deyil, bütün bəşəriyyəti ciddi və bəzən də qarşısının alınması mümkün olmayan çağırışlar qarşısında qoyur.
Hazırda dezinformasiya ilə mübarizə, əsasən faktların fərdi qaydada araşdırılması, saxta xəbərlərin, yaxud hekayələrin silinməsi və nəticələrinin ləğvi istiqamətində tədbirlərin həyata keçirilməsi yolu ilə aparılır. Amma sıradanbir saxta xəbərin araşdırılmasına və təhlilinə bəzən saatlarla, hətta günlərlə vaxt sərf olunur. Bu isə böyük maliyyə vəsaitləri, insan resursları tələb edir. Eyni zamanda vaxt keçdikcə dezinformasiyaların nəticələrinin aradan qaldırılması daha da çətinləşir, nəticədə dövlət və ictimai instutların etibarlılığı şübhə altına düşür, xaos və onun yarada biləcəyi çeşidli böhran vəziyyətləri üçün əlverişli zəmin formalaşır.
Sirr deyil ki, internet və sosial şəbəkələr təkcə kommunikasiyanı asanlaşdırmayıb, sözün əsl mənasında dezinformasiya inqilabını gerçəkləşdirib. Biz, indi əhatə dairəsi, təsir imkanları sürətlə və radikal şəkildə genişlənməkdə olan ucuz rəqəmsal alətlər və şəbəkələr dünyasında yaşayırıq. Və problem ondadır ki, bu alətlər təkcə legitim dövlət təsisatlarının nəzarətində deyil...
Qeyd edim ki, dezinformasiyalarla bağlı problemin miqyasının getdikcə genişlənməsi, məsələnin ən müxtəlif müstəvilərdə gündəmə gətirilməsinə, həyacan təbili çalınmasına zəmin yaradıb. Dünyanın ən böyük hərbi-siyasi Alyansı olan NATO, 2020-ci ilin sonlarından dezinformasiyaya qarşı yeni, çevik mübarizə vasitələrinin yaradılmasını, özünün başlıca hədəflərindən birinə çevrilib. Bu baxımdan, Münhen Təhlükəsizlik Konfransında dezinformasiyaya qarşı mübarizə mövzusunda təşkil edilən paneldə NATO rəsmisinin əsas çıxışçı kimi yer alması da təsadüfi deyil.
NATO dezinformasiya təhlükəsinə qarşı mübarizə aparılması üçün effektiv strategiyanın hazırlanmasını və həyata keçirilməsini zəruri sayır. Alyansın mütəxəsisləri hesab edirlər ki, süni intellektin çoxşaxəli alətləri vasitəsi ilə saxta məlumatları aşkarlamaq və yayılmasının qarşısını almaq mümkündür. Bu, sadəcə bir ehtimaldır və təcrübədə özünü doğrultmaya da bilər. Süni intellektin sərhədləri var, insan təxəyyülünün isə yox... Dezinformasiyalar, əksər hallarda, ayrı-ayrı şəxslərin “ailə-məişət” zəminində hazırladıqları kontentlərdən ibarət olmur. Müxtəlif dövlətlətlərin, təsisatların nüfuzunun zədələnməsinə, genişmiqyaslı çaşqınlığın, təşvişin yaradılmasına xidmət edən dezinformasiyalar, bir qayda olaraq, xüsusi xidmət orqanları, analitik qruplar tərəfindən hazırlanır ki, mürəkkəblik dərəcələrinə görə, onların süni intellekt vasitəsilə tez bir zamanda aşkarlanması, aradan qaldırılması mümkün olmaya da bilər.
Münhen Təhlükəsizlik Konfransında dezinformasiya və onunla mübarizə yollları ilə bağlı məsələnin bu məqsədlə təşkil edilmiş xüsusi paneldə müzakirəyə çıxarılması isə, sözgedən istiqamətdə mövcud olan problemlərin qlobal təhlükəsizliyə nə qədər ciddi təhdidlər yaratdığını bir daha ortaya qoyur.
...Azərbaycan, uzun illərdən bəri intensiv dezinformasiya hücumuna məruz qalan bir ölkə kimi, məslələnin nə qədər ciddi olduğunu, bəlkə də hər kəsdən daha çox anlayır, dünyanın digər dövlətləri kimi, feyk məlumat və hekayələrlə mübarizənin yollarını axtarır, bu istiqamətdə hüquqi bazanın və anti-dezinformasiya alətlərinin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Amma NATO ilə bağlı yuxarıda gətirdiyim nümunədən də göründüyü kimi, hətta dünyanın ən böyük, nəhəng maliyyə resurslarına, modern texnologiyalara malik hərbi-siyasi Alyansının da dezinformasiya ilə effektiv mübarizənin təşkili üçün hazır resepti yoxdur.
Azərbaycan cəmiyyəti və dövləti, daha öncə də qeyd etdiyim kimi informasiyanın və dezinformasiyaya qarşı mübarizənin əhəmiyyətini yaxşı başa düşür. 44 günlük Vətən müharibəsi dövründə informasiyanın cəmiyyət və onun ayrı-ayrı fərdləri, eləcə də dövlətin təhlükəsizliyi, dövlət institutlarının effektiv fəailiyyəti üçün həyati önəm daşıdığı bütün komponentləriylə gün işığına çıxdı. Amma döyüş meydanındakı şanlı qələbə, düşmənin və himayədarlarının informasiya təxribatlarına son qoymadı, əksinə daha da intensivləşdirdi. Hərbi-siyasi, diplomatik müstəvidə gücsüzlüklərini başa düşən düşmən qüvvələr, ölkəmizi dezinformasiya, psixoloji qarşıdurma, hibrid müharibə elementlərinin hədəfinə çevirdilər.
Bu baxımdan, dezinformasiya ilə mübarizə Azərbaycan üçün milli təhlükəsizlik məsələsidir və ölkəmizin ərazi bütövlüyünün qorunması, sərhədlərinin toxunulmazlığının təmin edilməsi qədər müstəsna əhəmiyyətə malikdir.
Xatırladım ki, Prezident İlham Əliyev 2022-ci il iyul ayının 22-də, Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumunda jurnalitlərə ünvanladığı müraciətdə informasiya müharibəsi və dezinformasiya ilə mübarizə ilə bağlı mühüm məqamlara diqqət çəkmişdi.
Sitat: “Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər”.
Əlbəttə, Azərbaycanın media resursları son bir neçə il ərzində ölkəmizə qarşı kütləvi dezinformasiya hücumlarının və bu qəbildən olan digər təxribatların qarşısının alınmasında operativlik və peşəkarlıq nümayiş etdirirlər. Media sahəsində həyata keçirilən islahatlar, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində Medianın İnkişafı Agentliyinin gerçəkləşdirdiyi layihələr, təkmil hüquqi bazanın yaradılması, informasiya təhlükəsizliyi və media savadlılığı kimi mühüm amillərin daim diqqət mərkəzində saxlanılması öz bəhrəsini verməkdədir. Amma bu prosesin resepti olmadığı ki, konkret sərhədləri və varacağı yekun nəticə də yoxdur. Təhdidlər artıqca, dezinformasiyaların hazırlanması və yayılması mexanizmləri mürəkkəbləşdikcə, bu neqativ amillərə qarşı mübarizə üsulları da daim təkmilləşdirilməlidir. Deməli, media sahəsində həyata keçirilən islahatlar da bizimlə daimi yol yoldaşı olmalı, həyatımızın ayrılmaz parçasına çevrilməlidir. Yorulmadan, usanmadan inkişaf etməli və bizi hədəf seçənlərdən bir addım öndə olmağı bacarmalıyıq.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist