• 26 Aprel 2024
logo
“İran Cənubi Qafqazda cəbhələrini aktivləşdirəcək”

“İran Cənubi Qafqazda cəbhələrini aktivləşdirəcək”

Aqşin Kərimov: “İkinci risk İranın “Hizbullah” özəklərini diriltmək cəhdləri ola bilər”

“İranın vurulması onsuz da yeni bir hal deyil. İsrailin baş naziri Benyamin Netanyahu sadəcə olaraq İran barədəki bəyanatlarının zarafat və blef olmadığını göstərmək üçün İranın hərbi obyektlərinə zərbələr endirilməsinə qərar verdi. Bu, açıq hərbi əməliyyatdır və İranın da cavabı gözləniləndir”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində siyasi şərhçi Aqşin Kərimov deyib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
- Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun pərdəarxası məqamları nədən ibarətdir?
- Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum Tehranın Bakıya qarşı mübarizəsinin yeni fazasının ştrixlərini açmağa imkan verir. Azərbaycan tərəfi əvvəllər də belə təhdidlərin olacağı barədə İrana xəbərdarlıq edib, lakin Tehranın çağırışlara məhəl qoymaması onu göstərir ki, o, məqsədli şəkildə səfirlikdə kütləvi qətl planlaşdırıb.
Yayılan videolara baxanda görünür ki, yüksək səviyyədə qorunmalı olan əraziyə əli silahlı şəxsin çox rahatlıqla gəlir. Səfirliyin önündə duran polis əli silahlı şəxsə gen-bol şərait yaradır. Bunun özü bəs edir ki, hadisəni kəşfiyyat planı kimi şərh edəsən, ancaq İranın budəfəki kəşfiyyat üsulu da uğursuz bir əməliyyat kimi yadda qaldı.
Məsələyə münasibət bildirərkən üçüncü qüvvə amilindən çıxış etmək imkanları yaranır. Kimsə iddia edə bilər ki, hadisəni İran deyil, Azərbaycanla Tehranın münasibətlərinin pis vəziyyətdə qalmasını istəyən qüvvələr törədib. Bu hadisənin törədiliyi ilk dəqiqələrdə versiya kimi canlı səslənirdi, lakin sonrakı gedişatlar məsələnin motivindəki kökü molla rejiminə apardı.
İran televiziyaları bir nəfəri öldürüb iki nəfəri yaralayan, ümumiyyətlə isə qarşısına azərbaycanlı diplomatları, onların ailələrini öldürmək məqsədi qoymuş şəxsin fikirlərinə gen-bol yer verdi. İstintaq altında olan birinə bu cür şəraitin yaradılması xeyli təəccüb doğurur. İran öz atdığı qarmağa özü düşdü və bunun acısını daha çox çəkəcək.
Digər yandan da baxaq. Fərz edək ki, hadisəni üçüncü qüvvə törədib, amma bunun özü də İrandakı SEPAH kimi radikal qüvvəyə sərf edir. Çünki SEPAH daim Azərbaycanla gərgin münasibətlər fazasının qalmasında hədsiz maraqlıdır.
-Azərbaycan diplomatlarını təxliyə etdi. Bu presedent yarada bilərmi? Digər ölkələr analoji addım atarsa bu İrana nə vəd edir?
-Azərbaycan İranla diplomatik əlaqələri kəsməyib, sadəcə olaraq səfirliyin fəaliyyətini dayandırıb. Təbrizdəki konsulluq fəaliyyət göstərir və diplomatik kanallar açıqdır. Mümkündür ki, Azərbaycan İran qarşısında şərtlər irəli sürdükdən və Tehran bunu qəbul etdikdən sonra səfirlik yenidən açılsın.
Lakin İsrailin İranı bombardman etməsi fonunda İrandakı diplomatik missiyaların təhlükəsizliyi də həssaslaşır. İsraillə İran arasındakı müharibə riski artdıqca digər ölkələr də İrandakı səfirliklərini təxliyə edə bilər. Ümumiyyətlə isə İranın gələcəyi haqqında heç də xoş olmayan ssenarilər göz önündə canlanır.
-İranın vurulması davamlı olaracamı? İranın cavabı nə ola bilər? Müharibə riski varmı?
-İranın vurulması onsuz da yeni bir hal deyil. İsrailin baş naziri Benyamin Netanyahu sadəcə olaraq İran barədəki bəyanatlarının zarafat və blef olmadığını göstərmək üçün İranın hərbi obyektlərinə zərbələr endirilməsinə qərar verdi. Bu, açıq hərbi əməliyyatdır və İranın da cavabı gözləniləndir. Hərçənd ki, İranın effektiv cavab tədbiri həyata keçirəcəyi inandırıcı deyil, çünki İsrail kəşfiyyatı dəqiq işləyir və təhdidləri vaxtında müəyyən edə bilir. Hesab edirəm ki, İran Suriyada, İraqda cavab tədbirlərinə daha çox üstünlük verəcək. Amma İsrailin İranı bombardman etməsi Azərbaycan səfirliyinə hücumdan sonraya təsadüf etdiyinə görə, Tehranda bunu Azərbaycanla hansısa formada əlaqələndirirlər. Bu mənada Azərbaycan İranın təxribatları ehtimallarını nəzərə alır.
-Proseslərdə Azərbaycan necə davranmalıdır?
-Azərbaycan maksimal ehtiyatlı olmalı, İranın cavabını verməklə, avantüraya getmək arasındakı nazik pərdəni müəyyən etməlidir. Təbii ki, Azərbaycan İrana qarşı qlobal oyunlara görə, özünə mövqe seçməlidir. İranın da Azərbaycana qarşı düşmən mövqedə olduğunu nəzərə alaraq strateji müttəfiqi Türkiyə ilə yanaşı, İsraillə, Rusiya ilə, ABŞ ilə, Böyük Britaniya ilə kəşfiyyat kanallarındakı məlumat mübadilələrini genişləndirməlidir. Onsuz da, Azərbaycanın istəyindən asılı olmayaraq, İrana qarşı ssenarilər oynanılacaq. Bakı isə eskalasiya riskinin özünə verə biləcəyi ziyanları minimallaşdırmaq üçün xeyli tutarlı tədbirlər görür. Yəqin ki, bu tədbirlərin nəzəri əsasları daha da genişlənəcək. İran mövzusunda Azərbaycanla həmrəylik var, hətta Rusiya belə Tehranla isti münasibətlərinə baxmayaraq, Bakını daha üstün tutur.
-Bölgədə qarışıqlıq ehtimalı artır. Cənubi Qafqazda risklər nədən ibarətdir?
-Cənubi Qafqaz onsuz da başıbəlalı regiondur. Amma İran tematikası regiondakı həssaslığı daha da artırır. Zənn edirəm ki, İran Cənubi Qafqazda cəbhələrini aktivləşdirəcək. Hətta mümkündür ki, özünün də mübarizə apardığı PKK ilə əlbir hərəkət edib regionda qarışıqlıq salsın. İkinci risk İranın “Hizbullah” özəklərini diriltmək cəhdləri ola bilər. Hətta İranın Gürcüstanda da dini-ideoloji təsirləri mövcuddur. Bunları göz önünə gətirəndə təhlükələrin nəzəri də olsa miqyası adamı narahat edir.

Əli