• 27 İyul 2024
logo
Nikol Paşinyanın Ukraynadakı biznes ortaqları

Nikol Paşinyanın Ukraynadakı biznes ortaqları

Ermənistanın baş nazirinin hətta Qaqik Sarukyanla da ortaq biznesi var

Ermənistanın Baş naziri Nikol Paşinyanın qardaşı oğlu, sözügedən ölkənin parlamentindəki hakim “Mənim addımım” fraksiyasının keçmiş üzvü Sipan Paşinyan 2022-ci ilin sentyabrında Ukraynada şirkət təsis edib. Həm də iş adamı, Ukraynada gerçəkləşən “rəngli inqilablar”ın Çerkası vilayətindəki əlaqələndiricilərindən və Nikol Paşinyanın maliyyə dəstəkçilərindən biri olan Andranik Kazaryanın oğlu, Çerkası şəhər Radasının üzvü Narek Kazaryanla birlikdə...
Narek Kazaryanın qardaşı Arturun baş direktor olduğu “Çervud” MMC adlanan şirkət ağac emalı, tikinti, daşınmaz əmlakın alqı-satqısı, ərzaq məhsullarının istehsalı və ticarəti, quşçuluq, bağçılıq və digər bu kimi çoxsaylı sahələrlə məşğul olur. Daha öncə qeyd etdyim kimi, Narek və Artur Kazaryanlar Ukraynada kifayət qədər məşhur olan biznesmen, Ermənistanın Çerkası vilayətindəki fəxri konsulu Andranik Kazaryanın oğullarıdır. Andranik Kazaryanın şəriki isə Petr Poroşenkonun prezidentliyi dönəmində Çerkası Vilayətinin qubernatoru, daha sonra isə Poroşenkonun müşaviri olan Yuri Tkaçenkodur. Kazaryan, Tkaçenko və 2022-ci ilin sentyabrından Nikol Paşinyanın qardaşı oğlunun da daxil olduğu biznes şəbəkəsinin ortaqlarından biri də 2017-2021-ci illərdə Ermənistanın Ukraynadakı səfiri vəzifəsini daşıyan Andranik Manukyanın oğlu David Manukyandır. David Manukyan həm də “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyanın kürəkənidir və hətta “Sarukyan” fraksiyasından Ermənistan parlamentinin deputatı olmağa da vaxt tapıb. Görünüdüyü kimi olduqca maraqlı bir mənzərə alınır – Paşinyan, Sarukyan, Manukyan, Tkaçenko – ilk baxışda tamamilə fərqli siyasi qütbləri təmsil edən şəxslərin ortaqlığı...
Bu mənzərədə diqqət çəkən məqmlardan biri də Andranik Kazaryanın Nikol Paşinyan tərəfindən Tavuş regionunda, o cümlədən Karvansaray (İcevan) rayonunda keçirilən bütün tədbirlərin və investisya layihələrinin iştirakçısıdır. Andranik Kazaryan və Nikol Paşinyan, təkcə iş ortağı deyillər, həmyerlidirlər. Hər ikisi Karvansarayda dünyaya göz açıb və Ermənistan mediası bu iki şəxs arasında uzun illərdir ki, sıx münasibətlərin olduğunu yazır.
Paşinyan hakimiyyətə gəldikdən sonra, Andranik Kazaryan İcevandakı (Karvansaray) eyni adlı oteli simvolik qiymətə alaraq, yaşayış binasına çevirib.
2020-ci ildən başlayaraq, Nikol Paşinyanın böyük qardaşı, Sipanın atası Artak Paşinyan da qoşulub və Tavuş ərazisində, o cümlədən Karvansarayda otelçiliklə məşğul olur. Paşinyanların Ermənistandan Ukraynaya, Ukraynadan isə Ermənistana dövr edən biznesinin əsas istiqamətləndiricisi isə Nikolun xanımı Annanın qardaşı, Ermənistan parlamentində Ermənistan-Ukrayna dostluq qrupunun rəhbəri Qraçya Akopyandır.
Bu qədər...
Bu da Qərbin sevimli, sosial şəbəkələrin, o cümlədən Azərbaycan seqmentinin radikal boşboğazlarının “demokratı” Nikol Paşinyanın “erməni xalqının mənafeyinə xidmət edən fəaliyyəti”nin - ailə biznesinin cüzi bir hissəsi...

Elçin Mirzəbəyli