• 27 İyun 2022
logo
Türkiyə Cənubi Qafqazın bir parçasıdır.

Türkiyə Cənubi Qafqazın bir parçasıdır.

Türkiyənin Gürcüstandakı səfiri: “1918-ci ilin mayında üç xalq – Azərbaycan türkləri, Gürcüstan və Ermənistan müstəqilliklərini Tbilisidə eyni binada elan edə, bir-biri ilə danışa, dil tapa biliblər”

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanın “Report”a müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik:

- Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı bir çox istiqamətləri – xarici siyasət, hərbi, təhlükəsizlik, parlament sahələrini əhatə edir. Fikrinizcə, digər sahələrdə üçtərəfli əməkdaşlıq formatını yaratmaq mümkündür?
- Ötən həftə üç ölkə parlamentinin xarici əlaqələr komitələrinin sədrləri Azərbaycanda toplandılar. Bu formatda görüş hər il keçirilir. Fikrimcə, parlamentarilərin, qanunvericilərin, xalq nümayəndələrinin, məsələn, xarici işlər nazirlərinin ölkələrin yerləşdiyi regionun vəziyyətini və inkişafını müzakirə etmək üçün müntəzəm olaraq bir araya gəlməsi faktından daha vacibdir. Çünki imzaladığımız bütün müqavilələr təsdiqlənməsi üçün qanunverici orqana təqdim edilir.
Üçtərəfli əməkdaşlığı fərqli sahələrdə inkişaf etdirmək lazımdır. Məsələn, parlament sədrlərinin üçtərəfli görüşü. İnşallah, düşünürəm ki, bir gün bu, mütləq baş verəcək. Özəl sektorun da bu formatda bir araya gəlməsi önəmlidir. Məsələn, mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” Festivalı başlayacaq. Gürcüstanın da bu tədbirə qatılmasını arzulayırıq. Festivalın təşkilinə yardım və dəstəyə görə Gürcüstana da təşəkkür etmək istəyirik. Çünki tədbirin baş tutması üçün Türkiyədən Azərbaycana çatdırılan avadanlıq Gürcüstandan keçib. Bu, bir çox cəhətdən üçtərəfli əməkdaşlıq deməkdir.
Amma digər bir sıra fəaliyyət istiqamətlərimizi də üçlü konsepsiya üzərində qura bilərik. Ağıla gələ bilən hər mövzuda və hər səviyyədə - məsələn, ana dilinin tədrisi, Təhsil nazirlikləri, tarix, mədəniyyət, ortaq tarix, yüksək texnologiyalar, biznes sahələrində üçtərəfli əməkdaşlıq qurmaq olar. Müxtəlif sahələrdə üçtərəfli əməkdaşlıq inkişaf etdirilsə, bu, ikitərəfli münasibətlərə də müsbət təsir göstərəcək.
Mədəniyyət sahəsində əlaqələr daha da inkişaf etdirilə bilər. Niyə birgə filmlər istehsal olunmasın? Görüləcək çox iş var, amma bunu yalnız dövlət və hökumət etməməlidir. Bu istiqamətdə dövlətin və hökumətlərin bəlkə də ən böyük töhfəsi vəsait təmin etmək olacaq, çünki hər şey maddi dəstəyə bağlıdır. Hesab edirəm ki, üçtərəfli iş birliyini regionun digər ölkələri və xalqları ilə əməkdaşlığa çevirmək, bölgə hüdudlarından kənarda da tanıtmaq lazımdır.
- 2020-ci ilin II Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yeni reallıq və əməkdaşlıq üçün geniş imkanlar yaranıb. Türkiyə Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir. Necə hesab edirsiniz, üç ölkə Gürcüstanın “Dinc Qonşuluq” təşəbbüsü əsasında Tbilisidə dialoq formatı qura bilərmi və bunun üçün nələr tələb olunur?
- Burada sadəcə üç deyil, dörd ölkədir. Türkiyə də var. Türkiyə Balkanların bir hissəsi olduğu kimi, Cənubi Qafqazın da bir parçasıdır. Coğrafi mövqeyimiz bizə Qafqaz və Balkan ölkəsi statusunu verir. Buna görə də, İnşallah, ilk növbədə, Tbilisidə Gürcüstan hökumətinin nəzərdə tutduğu kimi Cənubi Qafqazın üç ölkəsinin bir araya gələcəyinə ümid edirik. Biz bunu dəstəkləyirik. Niyə dəstəkləyirik? 1918-ci ilin mayında üç xalq – Azərbaycan türkləri, Gürcüstan və Ermənistan müstəqilliklərini Tbilisidə eyni binada elan edə, bir-biri ilə danışa, dil tapa biliblər.
Bundan öncə Osmanlı-Rusiya, I Dünya müharibələri, Tbilisidə bolşevik-menşevik mübahisəsi, ermənilərin Azərbaycan türklərinə qarşı qətliamları baş vermişdi. Bütün bunlara baxmayaraq, üç xalq Rusiya imperiyasından ayrılaraq Tbilisidə qarşılıqlı zorakılıqdan sonra müstəqillik əldə etdilər. Həm Gürcüstanda, həm də Azərbaycanda bu müstəqilliyin bədəli çox ağır olub. Hər iki ölkənin müstəqilliyini dəstəkləyən ziyalılar daha sonra sovet işğalı dövründə represiyaya məruz qaldılar. Stalinin ən öncə məhv etdiyi məhz bu təbəqə idi.
Bir əsrdən sonra üç ölkənin yenidən bir araya gəlməməsi üçün səbəb nə ola bilər sualı yaranır. Təbii ki, o zaman Almaniya, İngiltərə, Rusiya kimi başqa aktorlar da var idi. Amma yenə də bacardılar. İndi də edə bilərlər. Niyə də olmasın?! Ancaq indi biz Ukraynanın işğalına görə regionda real təhlükəsizlik təhdidi ilə üz-üzəyik. Belə bir dövrdə sülh təşəbbüsü niyə həyata keçmir, niyə inkişaf etmir deyəndə belə bir konyukturada bu cür təşəbbüslərin görünən nəticələr verməsi bir az çətin ola bilər. Beləliklə, təşəbbüslərin reallaşması bir az səbir tələb edəcək. Təşəbbüslərin həmişə bədəli var, amma təşəbbüsün olması belə çox yaxşıdır.
- Türkiyə hər zaman Gürcüstandakı azərbaycanlı icmasına humanitar sahədə böyük dəstək göstərib. Son illər bu istiqamətdə bir çox layihələr məhz Türkiyənin dəstəyi ilə həyata keçirilib. Gələcəkdə bu istiqamətdə yeni layihələr gözlənilirmi? Azərbaycanla birgə hansı yeni təşəbbüslər reallaşdırıla bilərmi?
- Dörd il yarım Gürcüstanda yaşadım. Gürcüstandakı azərbaycanlı türk qardaşlarım min ildir bu torpaqlardadırlar. Dörd il yarım Gürcüstanda yaşayan birinin min il yaşayan adama “bunu etməlisən” deməsi ayıbdır. Sovet İttifaqının süqutundan sonra böyük qarışıqlıq oldu, sosial-iqtisadi strukturlar çökdü və bu çöküş hər bir ölkədə təhsildə, səhiyyədə, infrastrukturda eyni şəkildə özünü büruzə verdi.
Türkiyə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) vasitəsilə humanitar yardım, inkişaf yardımı kimi, bacardığı yerə qədər kömək edir. Bu yardımların məqsədi ilk növbədə infrastruktur ehtiyaclarının aradan qaldırılması ilə hökumətin işinə dəstək olmaqdır. Çünki əsas olan dövlətləri, qurumları gücləndirmək, xalqla dövlət arasında əlaqə və etimad yaratmaqdır. Eyni zamanda, Türkiyə, Azərbaycan, Gürcüstan kimi müxtəlif etnik mənşəli, din, məzhəb fərqlilikləri olan icmaların bir arada yaşadığı ölkələrdə inteqrasiya sadəcə azlığın çoxluğa assimilyasiyası deyil, sayı daha çox olan seqmentin daha az sayda olan seqmentlə birlikdə yaşamasını, bir-biri ilə paylaşımının artırılması mənasını daşımalıdır. İnteqrasiya olduqca önəmlidir. Çünki sovetlər dönəmində Gürcüstanda yaşayan azərbaycanlı toplumun gürcücə öyrənməsi mümkün olmayıb. Eyni hal ermənilər üçün də keçərlidir. Dövlət dilinin bir ortaq dil olması şərtdir. Öz dilini, mədəniyyətini, dinini və adət-ənənəni azlıq kimi yaşatmaq önəmli bir məsələdir, lakin ortaq bir dil yaratmaq şərtdir.
Gürcü dilinin xüsüsi ilə gənc əhali arasında öyrənilməyə davam etməsi gənc azərbaycanlıların Gürcüstanda təhsilə davam etməsi, universitetlərdə, peşə məktəblərində peşə sahibi olmaları və ondan sonra ictimai həyatda iştiraklarına imkan verəcək. Onlar müəllim, həkim, mühəndis olaraq sadəcə Marneuli bələdiyyəsində deyil, Tbilisi bələdiyyəsində, Telavidə, Kutaisidə, Sameqreloda niyə təmsil olunmasınlar?! Azərbaycanlılar Gürcüstanın dörd bir tərəfində öz töhfələrini verə bilərlər və məncə bu önəmli bir mövzudur. Bunun üçün Azərbaycan kökənli Gürcüstan vətəndaşlarının təhsillərinin və sosial-iqtisadi vəziyyətlərinin inkişaf etdirilməsi önəmlidir. Bunu sadəcə biz - Türkiyə Cümhuriyyəti olaraq etmirik. Bu sahədə Almaniya, İsveçrə, ABŞ-ın da töhfələri var. Burada önəmli olan Gürcüstan hökumətinin həyata keçirdiyi layihələri dəstəkləmək və onlarla bərabər xalqın da bu layihəyə sahiblənməsidir. TİKA bu günə qədər Gürcüstanda sadəcə azərbaycanlılara deyil, eyni zamanda Zuqdididə, Butumidə, Acarıstanda, Kartlidə, Şida Kartlidə, Samtsxe Cavaxetidə bir çox layihələr reallaşdırıb. TİKA-nın dəstəyi ilə Gürcüstanda üç böyük layihə həyata keçirilib. Bunlar Şuaxevidə bir xəstəxananın bərpası, Batumidə Yoluxucu Xəstəliklər Klinikası və Müdafiə Nazirliyi nəzdində Protez Mərkəzinin yenidən qurulmasıdır.
Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin böyük turizm potensialına da diqqət çəkmək istərdim. Hesab edirəm ki, bu bölgədə turizm sektoru mütləq inkişaf etdirilməlidir. Kvemo Kartlidə bu qədər gözəl yerlər ola-ola, belə qonaqpərvər xalq var ikən mütləq turizmin inkişafı üçün layihələrin reallaşdırılması lazımdır. Bölgənin gözəl bulaqları, yaylaqları var. Bunları tanıtmaq lazımdır. Türkiyədən Marneuliyə gələn turist harada istirahət edəcəyini, harada yemək yeyəcəyini, harada gəzəcəyini, oradan Bolnisiyə, Dmanisiyə gedəcəyini əvvəldən bilməlidir, yolları tanımalıdır. Fikrimcə, bu bölgəni turizmə mütləq qazandırılmalıyıq. Kvemo Kartlidə olarkən hər zaman turistlərin gəlişi, at yarışları, gözəl Azərbaycan və Gürcüstan milli mətbəx nümunələrinin təqdim edildiyi restoranı olan füsünkar bir yer təsəvvür edirəm. Bütün dünyada aqro-turizm inkişaf etdirilir. Kəndlə turizmin birləşdirilməsi ilə kənd sakinləri əlavə gəlir əldə edir. Niyə Kvemo Kartlidə bu olmasın?! Bölgə, Dmanisi, Bolnisi velosiped turu üçün də çox uyğundur.
Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR və digər təşkilatların Gürcüstanda həyata keçirdiyi bir sıra önəmli layihə və təşəbbüslər var. Bizim Türkiyə olaraq etdiyimiz onların yanında bir damladır. Biz rəqabət aparmırıq. Əsla belə bir şey yoxdur. Bu, dəstəkdir. Belə ki, Türkiyənin bu sahədə böyük təcrübəsi var. Azərbaycan səfirliyi ilə yerli azərbaycanlı icmaya dəstəklə bağlı məsləhətləşmələr aparırıq. Türkiyə sadəcə Gürcüstanda bu işləri görmür. Türkiyə Afrikanın dörd bir yanında, Uzaq Şərqdə də bu işləri həyata keçirir.
- Sizin səfir kimi Gürcüstanda missiyanız başa çatmaq üzrədir. Bu dövr həyatınızda və diplomat fəaliyyətinizdə necə bir iz qoyub?
- Gürcüstanda çox şanslı və çox yaxşı vaxt keçirdim. Hesab edirəm ki, Türkiyə diplomatları üçün Tbilisidə səfir olmaq həmişə şərəfdir. Buna səbəb Türkiyənin Gürcüstana sevimli, dost qonşu ölkə olmasıdır. Gürcüstanda ölkəmə göstərilən olduğum zaman mənə olan sevgini, qonağa hörməti hiss etmədiyim bir an olmayıb. Gürcüstan həqiqətən də qonaqpərvərliyi ilə seçilir. Biz bir-birimizə bənzəyirik. Ümumiyyətlə, bu bölgənin insanları bir-birinə bənzəyir. Biz bir-birimizin bədən dilini başa düşürük, genetik kodlarımız belə bənzəyir. Bunun da təbii ki, öz rahatlığı var. Gürcüstanda çox xoşbəxt bir zaman keçirdim. İnşallah, missiyamı alnı açıq başa çatdıracağam.
Diplomat missiyamın iki ili pandemiya dövrünə düşdü. Bu səbədən etmək istədiklərimiz, lakin həyata keçirə bilmədiyimiz işlər oldu. Düşünürəm ki, daha çox şey edə bilərdik. Bununla belə, pandemiya bizə bir çox cəhətdən, xüsusən də belə çətin vaxtlarda bir-birimizlə işləməyi öyrətdi və hesab edirəm ki, biz Gürcüstanda bundan yaxşı istifadə etdik. Siyasi münasibətlərlə bağlı ürəyimdə qalan isə hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanı Gürcüstanda qonaqlaya bilməməyimizdir. Təəssüflər olsun ki, pandemiyaya görə səfərin təşkili mənə nəsib olmadı. Dövlət başçısımızın Gürcüstana səfəri planlaşdırılmışdı, lakin mümkün olmadı. Buna baxmayaraq, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Türkiyəyə iki səfəri baş tutdu. Xarici işlər, iqtisadiyyat, ədliyyə, daxili işlər nazirləri, parlamentarilərimiz sıx-sıx bir araya gəldilər.
Gürcüstana gələn hər bir diplomat üçün bir tək tövsiyəm bu ola bilər – Gürcüstanı gəzin. Gürcüstanın hər guşəsi ayrıca gözəldir və rəngarəndir. Ölkəni gəzmədən onun tarixi, insanları, yaşayış tərzini anlaya bilməzsən.