• 25 May 2022
logo
Azərbaycan Prezidenti: “Bizə daha bir müharibə lazım deyil”

Azərbaycan Prezidenti: “Bizə daha bir müharibə lazım deyil”

Biz Şuşada, Xankəndidə, başqa yerlərdə yan-yana yaşamışıq və heç vaxt düşmənçilik sayıla biləcək bir iş görməmişik.
Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlət başçısı deyib ki, belə bir nifrət - şəhərləri silmək, qəbirləri qazmaq, bütün bunlar inanılmazdır.
Azərbaycan Prezidenti yaxınlarını itirmiş insanların dərdlərinə şərik olduğunu, vəhşilikləri, barbarlığı heç vaxt unutmayacağını vurğulayıb: “Çünki yadda saxlamaq lazımdır, bu bizim tariximizin, faciəli tariximizin bir parçasıdır, bunları xatırlamalı və özümüzü müdafiə etməyə həmişə hazır olmalıyıq. Amma eyni zamanda, bizim sülh gündəliyimiz ictimai dəstək olmadan həyata keçirilə bilməz”.
Dövlət başçısı qeyd edib ki, liderlər məsuliyyət götürüb xalqı inandırmağa çalışmalıdırlar ki, bizim mənafeyimiz, strateji gələcəyimiz üçün bizə sülh lazımdır.
“Bizə sülh lazımdır”, - Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan Prezidentinin sözlərinə görə, Qələbədən sonra Azərbaycan cəmiyyətində çox xüsusi abu-hava var, birlik var: “Bizim gördüyümüz işlərlə insanların reaksiyası arasında daimi əlaqə var, planlarımızla bağlı insanlarla məsləhətləşirik. Məsələn, Ağdam və Füzulinin tanınmış nümayəndələrinin iştirakı ilə şəhərlərin yenidən qurulması, bu rayonların Baş planları təsdiq edilib. Ona görə də bizim gördüyümüz işlərə cəmiyyətdə kifayət qədər yüksək etimad var. Bu, həmişə belə olub və Qələbədən sonra təbii ki, daha böyük olub. Və düşünürəm ki, Azərbaycan cəmiyyəti sülhdən danışanda məni başa düşəcək. Bu, asan deyil, başa düşürəm, amma bizə daha bir müharibə lazım deyil və biz özümüzü Ermənistanın istənilən riskindən, istənilən qisasdan qorumalıyıq. Ona görə də bir tərəfdən unutmaq olmaz, digər tərəfdən isə Ordumuzu gücləndirməli, modernləşdirməliyik”.
Prezident deyib ki, QHT-lərlə, jurnalistlərlə, ziyalılarla təmasların təşkili ilə bağlı təklifləri buna yönəlib: “Sülh üçün əsaslar olmalıdır”.