44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük qələbə, pandemiya dövründə ölkəmizin irəli sürdüyü humanitar təşəbbüslərin qlobal miqyasda dəstəklənməsi dövlətimizin beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da möhkəmləndirib.
Qlobal iqtisadi böhrana və onun doğurduğu neqativ nəticələrə baxmayaraq, Azərbaycan dinamik şəkildə inkişaf edir. Ötən zaman kəsiyində nəzərə çarpan çətinliklərə baxmayaraq, ölkəmiz bütün sınaqlardan üzüağ çıxmağı bacarıb və beynəlxalq münasibətlər sisteminin fəal, məsuliyyətli aktorlarından biri kimi nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin uzaqgörən qərarları, strateji hədəflərimizi dəqiq şəkildə müəyyənləşdirməsi nəticəsində Azərbaycanın iqtisadi və siyasi durumunun daha da möhkəmlənməsinin fonunda bütün dünya dövlətlərinin Azərbaycana marağı daha da artıb.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri də Azərbaycana olan marağın bariz nümunələrindəndir. Qırğız Respublikasının Prezidentinin səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı münasibətlərin ən yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Qarşılıqlı əməkdaşlığın səmərəliliyini artıran digər amil isə Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlərin, həm də regional və beynəlxalq problemlərin daha effektli və fəal surətdə, müntəzəm müzakirə edilməsi imkanının yaranmasıdır.
Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır. Dövlət başçılarının görüşü zamanı gələn il Qırgız Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirən Azərbaycan Prezidenti İlham Əliyev bunu tarixi hadisə adlandırdı. Ölkəmizin başçısı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdıgını qeyd edərək, həmçinin belə bir hadisənin əlamətdardarlığını xatırladaraq, ötən 29 il ərzində iki dövlət arasında münasibətlərin ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev, eyni zamanda, strateji tərəfdaşlıgın böyük üstünlüklər verəcəyini və beynəlxalq qurumlarda iki ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini önə çəkib.
Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Aparılan danışıq və imzalanan bütün sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qalxacaq, ölkələr arasındakı qardaşlıq və dostluq əlaqələri daha da möhkəmlənəcək.
Politoloq
Pənah İmanov