Bu gün dünya çox çətin və həlledici dönəmdən keçir. Dünya düzəni dəyişir və burada toqquşan çoxsaylı maraqlar var. Amma hökm sürən iqtisadi böhrana, iğtişaşlara, hərbi-siyasi qarşıdurmalara geosiyasi proseslər və qlobal savaş fonunda baxmaq daha məntiqlidir. Dünyada toqquşan əsasən iki ideologiya var-qlobalizm və milli dövlət anlayışı. Son illərə qədər bu istiqmətdəki şərhlər konspirasiya nəzəriyyələri kimi xarakterizə edilir, etibarsızlaşdırılır və əsasən detal xarakterli hadisələr üzərindən səthi təhlillər önə çıxırdı.
Amma artıq dövlət başçıları səviyyəsində də bu istiqamətdə açıqlamalar var və bir çox ölkələr gözlənilən təhlükələrlə bağlı dövlət proqramları işləyib hazırlayırlar.
Tək dünya dövləti və yeni insan modeli ideologiyasını ortaya atan və bunun reallaşması üçün çoxşaxəli mexanizmlər tətbiq edən sistemin əsas hədəfi milli dövlət anlayışıdır. Bununla da hər bir fərdi, cəmiyyətləri və dövlətləri təhlükəli hadisələrin gözlədiyini demək mümkündür.
Bu proseslər fonunda köhnə ittifaqlar dağılır, yeni ittifaqlar qurulur, mövcud beynəlxalq quruluşlar və hərbi bloklarda çatlar yaranır və bu getdikcə dərinləşir.
Bu təbii prosesdir və qurulan yeni dünyada köhnə ittifaqlar olmayacaq.
Yeni dostlar və yeni düşmənlər meydana çıxacaq. Qlobalçıların formalaşdırmaq istədiyi və toplum olaraq dərk eə bilmədiyimiz tək dünya dövləti anlayışının praktiki olaraq reallaşması texnoloji inqilablarla tədricən həyata keçirilir. Buna dəstək verəcək insanlar-yeni insan modeli- isə sosial şəbəkələr və yeni texnoloji vasitələrlə hazırlanır.
Artıq bizdən sonrakı nəslin fərqli düşündüyünü müşahidə edirik. Təəssüf ki, addım-addım irəliləyən bu mənfi tendensiyanı görmək və çıxış yolları axtarmaq üçün əksər hallarda gecikirik.
Təhlükəli niyyətlər
Məsələn dünyada LGBT kimi zərərli düşüncənin propaqandası üçün kifayət qədər ciddi məbləğlər ayrılır ki, bu da təsadüfi deyil.
Bu gün dünyanı dəyişəcək texnologiyalardan biri məlumat zənciri adlandırlan blokçeyndir. Məsələn, blokçeynin yaratdığı fürsətlərdən biri vətəndaşın internet üzərindən dövlətin nəzarət etməsinin qeyri-mümkün olduğu bzines qura bilməsi və vergidən azad olmasıdır. Bu imkan insanlar üçün cəlbedici görünsə də əslində arxasında dövlətlərin zəiflədilməsi ilə bağlı təhlükəli niyyətlərin olması önə çıxır. Təkcə vergi ödəməyən toplumu nəzərdə canlandırmaqla dövlətə veriləcək zərərlə bağlı müəyyən təsəvvür yaratmaq mümkündür.
Təsadüfi deyil ki, bu gün dövlətlər elektron ticarət qarşısında aciz duruma salınıblar.
Hazırda isə dünyanın prioritet mövzu kimi şərh etdiyi texnologiyalardan biri “metaverse”dir-insanaların həqiqət kim yaşaya biləcəyi süni aləm. Burada da biznes qurmaq, torpaq əldə etmək, pul qazanmaq, evlənmək və digər fantastik sayılacaq fəaliyyətlər həyata keçirmək imkanları mövcuddur. Bu gün artıq insanlar “metaverse”də torpaq alır, şirkət qurur, pul qazanır, evlənir və digər fəaliyyətlər həyata keçirirlər. Qənaətimcə bu çox təhlükəli və dünyanı girova çevirəcək bir mərhələnin başlanğıcıdır. Təsadüfi deyil ki, Türkiyə və bir sıra ölkələr “metaverse” ilə bağlı dövlət səviyyəsində qərarlar qəbul ediblər.
“Metaverse” nəyi diktə edir?
Dövlətlər bu və digər texnoloji inkişafın yaratdığı imkanların müsbət tərəfindən yararlanmaqla yanaşı, eyni zamanda zərərli amillərdən qorunmaq və dövlət proqramları qəbul etmək zorundadırlar. Çünki sosial şəbəkələrdə, “metaverse”də böyüyən nəsil üçün dövlət, ailə, dostluq, din və digər anlayışlar fərqli olacaq, yaxud olmayacaq. Bu təsirlərə qarşı immunitet yaratmaq qaçılmazdır, əks halda milli dəyərlərdən uzaq, kosmopolit nəsil istənilən zaman xaosun yaradılmasında zəmin rolunu oynayacaq. Prezident İlham Əliyev gənclərlə görüşündə bu faktoru qabardaraq potensial təhlükəni izah etdi. Dövlət Başçısı “milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub”, -deyə vurğuladı: “Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”.
Dövlət başçısı həmçinin bildirib: “Yeni çağırışlara gəldikdə isə bu, qloballaşma ilə bağlıdır. Düzdür, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır. Çünki bu cərəyana qarşı dünyada çox geniş müqavimət göstərilmişdir, ancaq ideya olaraq qalır. Yəni, qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir”.
Trampın açdığı şifrələr
Artıq sirr deyil ki, bizə konspirasiya nəzəriyyələri kimi təqdim edilən, əslində həqiqətləri özündə əks etdirən hadisələrin rellaşdırılması cəhdlərini müşahidə edirik.
Qeyd edək ki, bu savaşın şifrələri 2019-cu ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının iclasında ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən açıldı.
Tramp siyasi şərhçilər üçün belə anlaşılmaz görünən tezislər səsləndirdi: Həmin tezislərə bir daha nəzər salaq: “Azad dünya milli təməllər üzərində qurulur. Kimsə onu silməyə və dəyişdirməyə cəhd etməməlidir. Ətrafa və bu möhtəşəm planetə baxdıqda həqiqət aydın görünür. Azadlıq istəyirsinizsə ölkənizlə fəxr edin, demokratiya istəyirsinizsə suverenliyinizi qoruyun, sülh istəyirsinizsə millətinizi sevin. Müdrik rəhbərlər hər zaman öz xalqlarını və ölkələrinin mənafeyini birinci yerdə tuturlar. Gələcək qlobalçılara aid deyil. Gələcək vətənpərvərlərə aiddir. Gələcək vətəndaşlarını qoruyan, qonşularına hörmət edən, hər bir ölkəni xüsusilə bənzərsiz edən fərqlilikləri qoruyan suveren və müstəqil millətlərə məxsusdur”.
Bu Tramp və arxasındakı gücün qlobalçıların anormal ideologiyalarının reallaşmasına və çöküş prosesi başlamış qlobal maliyyə sisteminin yeni sistemə keçidinə qarşı dirənişi idi. Tramp mərkəzi bankların statusunun dəyişdirilməsi ilə faiz sistemindən xilas olaraq dövlətlərin idarə etdiyi yeni dünya düzəninin qurulmasını istəyirdi.
İşğal edilən kosmos
Amma bu çıxışdan 3 ay sonra dünyada koronavirus yayılmağa başladı və qısa zamanda pandemiya planeti girova çevirdi. Tramp hakimiyyətdən getdi və pandemiya müddətində dünyanın xarici borcu 30 trilyon dollara qədər artdı. Dövlətlər yenidən Beynəlxalq Valyuta Fondundan (BVF) borc götürməyə məcbur oldular.
Bir çox dünya ekspertlərinin fikrincə, əslində qarşıdurmanın arxasında iqtisadi maraqlar deyil, ideoloji maraqlar var. Qlobalçılar zatən dünyanın maliyyə sisteminə, qida, dərman və toxum sektoruna hakimdirlər. Amma yeni mərhələdə yuxarıda sadalanan idelogiyaları həyata keçirməklə asan idarə olunan zombi nəsil yetişdirməyə çalışırlar.
Artıq pandemiyadan sonra fəlakətli iqlim krizləri haqqında qorxunc anonslar verilir. Quraqlıq, əkin sahələrinin azalması, çirkli hava, su qıtlığı və digər problemlər insanlara qorxu olaraq aşılanır və bütün bunlar insan sayının artması ilə əlaqələndirilir.
Amma bir çox ekoloqlar düşünürlər ki, insanlara aşılanan qorxu məqsədlidir, elmdə qlobal istiləşmə anlayışı yoxdur. İqlim dəyişikliyi anlayışı var ki, bu da tarixin bütün dönəmlərində olub. Bəzi alimlərin fikrincə, texnosilahlardan istifadə ilə iqlim problemləri yaratmaq mümkündür və bu gün təəssüf ki, kosmos qlobal şirkətlər tərəfindən işğal edilib.
Yeni ittifaqlar
Təbii ki, insanlıq üçün ciddi təhlükəyə çevrilən və reallaşdırılmağa çalışılan bu ideoloji xəttə qarşı dirənişlər var. Bu səbəbdən də qlobalçılar dünyada anormal idelogiyalarını reallaşdırmaq və çökməkdə olan dollar sistemini kriptovalyuta ilə əvəzləməklə dünya hakimiyyətini qorumağa çalışırlar. Bunun üçün də hələ uzun illər dünyada iqtisadi böhranlar, qarşıdurmalar, iğtişaşlar, dövlətlərarası hərbi toqquşmalar, iqlim problemləri kimi mövzular prioritet olaraq qalacaq. Milli valyutalar sürətlə ucuzlaşır və hiperinflyasiyanın qaçılmaz olduğu tezisi irəli sürülür, yaxın zamanlarda bunu müşahidə edəcəyimiz proqnozlaşdırılır.
Təsadüfi deyil ki, Rusiya, Çin və Türkiyə kriptovalyuta ilə ticarəti qadağan edib. Eyni zamanda Rusiya prezidenti Putin və Türkiyə prezidenti Ərdoğan buna qarşı sərt mübarizə aparacaqlarını bildiriblər.
Bütün bunlar isə onu deməyə əsas verir ki, buradan daha az itki ilə çıxmaq,dövlətlərə, iqtisadiyyatlara, mədəniyyətlərə, milli ideologiayalara və digər qorunması zəruri olan anlayışlara ciddi zərər verməyə çalışan qloballaşmaya qarşı duruş gətirmək üçün yeni ittifaqların qurulmasından başqa alternativ yoxdur.
Bu gün Avrasiya bölgəsində yeni ittifaqın təməlləri atılıb və burada yer alan dövlətlər doğru qərar qəbul edərək, öz təhlükəsizliklərini, iqtisadiyyatlarını, mədəniyyətlərini və xalqlarını qorumaq zorundadırlar...
Bu isə hazırda Amerikaya, Fransa, Almaniya başda olmaqla Avropa ittifaqına, bölgədə isə Ermənistana və Ukraynaya sahib olan qlobal sistemin maraqlarına cavab vermir. Bu səbəbdən də yeni ittifaqları əngəlləmək üçün iğtişaşlar və münaqişələrə rəvac verilməsi cəhdlərini müşahidə edəcəyik...
Ona görə də dünyada hər şeyin tezliklə yaxşı olmayacağını təəssüflə vurğulamaq zorundayıq...
Əli Zülfüqaroğlu