• 19 Mart 2024
logo
Milli ruhun təntənəsi

Milli ruhun təntənəsi

Dövlət müstəqilliyimizin bərpasından 30 il keçir.

İlk dəfədir ki, XX əsrin sonlarında baş verən və tariximizin önəmli bir parçası olan hadisəni – Dövlət Müstəqilliyimizin Bərpası Gününü mahiyyətinə, məzmununa uyğun bir ad altında, dövlətçiliyimizdə siyasi və hüquqi vərəsəlik amilini önə çəkməklə, qopmuş bağları bərpa etməklə qeyd edirik.
Həmçinin, ilk dəfədir ki, Müstəqilliyimizin Bərpası Günündə dövlət və millət olaraq birliyimizin, bütövlüyümüzün və qalibiyyətimizin qürurunu yaşayırıq.

İlk dəfədir ki, torpaqlarımızın işğaldan azad edilməsi arzusu ilə özümüzə təsəlli verib “daha bir bayram”, “daha bir il” səhifəsini tələsik qapatmağa can atmırıq.

30, daha dəqiq desəm, 33 il öncə zülmün, istibdadın məngənəsində əzilən, parmparça olmuş ruhumuzun, AZADLIQ VƏ İSTİQLAL eşqiylə döyünən ürəyimizin diqtəsi ilə və yalın əllə qeyri-bərabər bir mücadiləyə qalxanda bu gün üçrəngli bayrağımızın kölgəsində xumarlanan “vitrin qəhrəmanları”nın əhəmiyyətli hissəsi “özümüzü məhv edəcəyimizi”, “həbs olunacağımızı”, “zindanlarda çürüyəcəyimizi” deyib bizi bu yoldan çəkindirməyə çalışırdılar. Milli ruhumuzu əks etdirən bütün çıxışlarımız, yazılarımız hədə-qorxu ilə qarşılanır, “alnımıza” və yolumuza “türkçü”, “millətçi” damğası basılır, başqalarının yanında Azərbaycanlı olmamaq üçün dəridən-qabıqdan çıxanların tənəsinə tuş gəlir, anamızın südü qədər halal məmləkətimizdə “özgə”, “yad” elan olunurduq. Bu gün, hazırda siyasi səhnədən silinən, yaxud layiq olduqları “küncə” qoyulan, bir zamanlar isə bizə barmaq silkələyən, yolumuzu kəsənlər, kölgəmizi baltalayanların “türkçülüyünü”, millətçiliyini”, “vətənsevərliyini” görəndə geridə qalan 30 ildə çox şeyin dəyişdiyinin fərqinə varıram. Çox xoşbəxtəm! Ən azı ona görə ki, müstəqilliyimizin, milli hədəflərimizin, bütövlüyümüzün, Azərbaycan-Türkiyə qardaşlığının, Türk Dünyasının birliyinin qatı əleyhdarları, “Vətən”lərinin ərazisi hansı ölkədə yerləşdiyindən asılı olmayaraq, yalnız evlərinin divarlarına qədər olan kəslər son 28 il ərzində müstəqilliyin, azadlığın, öz Vətəninə, yurduna sahib olmanın, öz bayrağının altında yaşamanın nə demək olduğunu sonuna qədər anlamasalar da, ən azı bunun onlar üçün də faydalı olduğunu başa düşüblər...

Arzularımızın sərhədi

30 il keçir dövlət müstəqilliyimizin bərpasından... Nələr yaşamamaşıq, nələrdən keçməmişik... Əgər kimsə müstəqilliyimizin 30-cu ilinə ərazi bütövlüyünü öz gücü, potensialı bahasına təmin edən bir millətin, dövlətin təmsilçisi olmağın hansı çətinliklərdən, məhrumiyyətlərdən keçdiyini anlaya bilmirsə, o zaman beləsinin bu torpağın üzərinə yaşaması nədir, ayaq basması da haramdır.

Bu 30 ilin əhəmiyyətli hissəsi yoxdan var olmağa, qüruru tapdalanmış bir xalqın mənən, ruhən dirçəldilməsinə, öz ayaqları üzərində durmasına sərf olunub. Ərazisinin 20%-i işğal altında olan, bir milyon insanı didərgin düşən bir dövlətin, xalqın üzərini dörd bir yandan qarğa-quzğun kimi kəsdiriblər, mübarizə əzmini əlindən almağa, təslim olmağa, məğlubiyyətlə barışmağa məcbur ediblər. Amma xalqımız liderinin əzmi, damarında çağlayan qanın yenidən və yenidən dirçələn yaddaşı ilə yorulmadan, usanmadan öz hədəflərinə doğru addımlayıb! “Mən MİLLƏTƏM, mən DÖVLƏTƏM, bayrağım, qürurum, ləyaqətim var” deyərək bütün maneələri dəf etməyi bacarıb.

Bu gün mənim üçün ən böyük hərəkat, ən böyük mücadilə istiqlalının uğrunda qeyri-bərabər savaşa, ölümə getməyə hazır olan bir Liderin nişan verdiyi milli hədəflərə doğru addımlamaqdır.

Bu baxımdan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlərin keçilən və keçiləcək yolu bir-birinə bağlayan, gələcəyə, daha böyük milli hədəflərə körpü salan, bütöv Azərbaycan xalqının iradəsini nümayiş etdirən YOL XƏRİTƏSİ olduğu qənaətindəyəm.

Sitat: “Əsas vəzifəmiz, - əlbəttə, torpaqlarımızın qurulması, bərpası öz yerində, - gəncləri bu vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, onda bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz.

Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin. Bizi hədələməyə çalışanlar indi haradadırlar, hər kəs bilir. Hamı üçün dərs olmalıdır, ibrət olmalıdır. Azərbaycanla diktat dili ilə, hədə-qorxu dili ilə heç kim danışa bilməz”.

Düşünürəm ki, cənab Prezidentin nitqinin yuxarıda iqtibas gətirdiyim hissəsində yer alan gənclərimizin vətənpərvərli ruhunda böyüdülməsi və belə olmayacağı təqdirdə arzularımızın yarımçıq qala biləcəyi barədə məqamlar harada yaşamasından asılı olmayaraq, qəlbi Azərbaycan eşqi ilə döyünən hər bir soydaşımıza, həmvətənimizə ünvanlanmış, bətnində milli varlığımızın tarixi məcmusunu ifadə edən ismarıclardır. Ali Baş Komandanımız arzularımızın böyük olduğunu və bu arzuları Böyük Zəfərimiz kimi gerçəkliyə çevirmək üçün milli ruhumuzun bütövlüyünün qorunmasının vacibliyini vurğulayır, bizə uzaq hədəfləri nişan verir və əmin edir ki, bütün maneələri dəf etmək, bütün sədləri aşmaq iqtidarındayıq!

P.S. Vətənin sərhədləri qan yaddaşımızdan boy atan düşüncəmizdən, daşının-torpağının qoxusunu çiçək ətri kimi nəfəsimizə çırpan dəli küləklərin yol aldığı ucalıqlardan başlayır. Azərbaycan sərhədlərinin uzunluğu ölümə meydan oxuyan şəhidlərin ŞƏRƏF VƏ NAMUS damarlarının uzunluğu qədərdir!

Elçin Mirzəbəyli