• 27 Oktyabr 2021
logo
PA-nın şöbə müdiri: Azad olunmuş yerlərdə aparılan quruculuq işləri qayıdışımızı günbəgün yaxınlaşdırır

PA-nın şöbə müdiri: Azad olunmuş yerlərdə aparılan quruculuq işləri qayıdışımızı günbəgün yaxınlaşdırır

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsinin başlanıb, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bu gün həyata keçirilən quruculuq işləri – vandallar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlərimizin sürətlə bərpası əzəli torpaqlarımıza qayıdışımızı günbəgün yaxınlaşdırmaqla yanaşı, bütün dünyaya Azərbaycanın qüdrətini, dövlətimizin başçısının möhkəm iradəsini, yüksək idarəçilik məharətini və qurub-yaratmaq əzmini nümayiş etdirir.
Bunu Milli Məclisdə “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın prioritetləri” mövzusunda keçirilən videokonfransda Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev deyib.
O, müxtəlif dövlət orqanları və qurumları ilə yanaşı, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrin də göstərilən fəaliyyətə əsaslı təkan verdiyini vurğulayıb.
Şöbə müdiri bildirib ki, indi tarixi Qələbəmizin möhkəmləndirilməsi, şəhid ailələri və müharibə iştirakçılarına qayğının davam etdirilməsi, düşmən tapdağından azad olunmuş ərazilərimizin dirçəldilməsi, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə məqsədyönlü fəaliyyət göstərilməsi bütünlükdə Azərbaycan cəmiyyətinin qarşısında duran ən əsas vəzifələrdəndir.