• 18 Avqust 2022
logo
Ermənistan rəhbərliyi bu günə kimi öz xalqını aldadır - Ekspert

Ermənistan rəhbərliyi bu günə kimi öz xalqını aldadır - Ekspert

Müharibə başlayan gündən ölkə rəhbərinin şəxsən bütün məsələlərə rəhbərlik etməsi, istər televiziya, istərsə də sosial şəbəkə üzərindən xalqla ünsiyyət qurması, yaralanan əsgərlərlə görüşməsi dövlətlə cəmiyyətin həmrəyliyinin bariz göstəricisidir.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə dövründə ölkə rəhbərliyi və aidiyyatı strukturlar xalqa proseslər haqqında reallığı çatdırdılar. Müharibədə iştirak edən harbçilər təltif edildi və edilməkdə davam edir:

"Azərbaycandan fərqli olaraq biz Ermənistanda tam əksini görürük. Erməni rəhbərliyi bu günə kimi öz xalqını aldadır, saxta məlumatlar ötürür, ölən hərbçilərin sayını gizlədir. Ermənistan dövlətinin öz xalqına yalan xəbərlər ötürməsi səbəbindən bu gün orada etiraz dalğaları davam edir və günü-gündən də aksiyalar genişlənməkdədir".

Hərbi ekspert qeyd edib ki, birinci Qarabağ müharibəsində ermənilər azərbaycanlılara Kəlbəcərdən çıxmaq üçün cəmi 10 saat vermişdilər, bunun da ilk 5 saatı insanlara dinc şəkildə oranı tərk etməyə imkan yaradıldı. Daha sonra isə Azərbaycan xalqına qarşı vəhşilik, güc tətbiq etdilər:

“Bunlara baxmayaraq Azərbaycan Vətən müharibəsində Ermənistanın kapitulyasiyası zamanı heç bir beynəlxalq normaya zidd davranışlar göstərmədi. Hətta rayonların təhvil verilməsi zamanı qrafikdə də onlara imtiyazla yanaşdıq. Kəlbəcərin boşaldılması, noyabr ayının 15-dən 25-ə kimi uzadıldı. Ermənilər isə bütün bunlara baxmayaraq Kəlbəcəri və digər ərazilərimizi tərk edən zaman evləri yandırdı, ağacları kəsdi və əraziləri minaladılar. Bu onu göstərir ki, onlar hələ də öz pis niyyətlərindən əl çəkməyiblər”.

R.İmanquliyev əlavə edib ki, son günlər Xocavənd ətrafında gedən döyüşlər və orada qalan erməni silahlıları hərbçilərimiz tərəfindən zərərsizləşdirilib. Ordakı ermənilər guya meşəlik ərazidə qalan bəzi erməni silahlılarıdır, ancaq onları zərərsizləşdirdikdən sonra görürük ki, onlar heç də hansısa qruplaşmalar deyil, məhz elə Emənistan ordusuna məxsus qüvvələrdir:

“Təbii ki, istər ayrı-ayrı silahlı qruplaşma, istərsə də erməni hərbçiləri olsun, onların heç biri bizim əsgər, zabitlərimiz qarşısında tab gətirə bilməz. Bəli, bizlərdən şəhid olan oldu, ancaq hərbçilərimiz qısa bir müddətdə o ərazilərdə də kifayət qədər düşmən qüvvəsini məhv etdi.

Bu əməliyyatlar yenidən müharibəni alovlandırmaq üçün deyil. Lazım gəlsəydi Azərbaycan öz ərazisini işğaldan azad etdikdən sonra, hərbi əməliyyatları düşmən ərazisinə keçirərdi və buna imkanı da var idi, amma belə bir niyyəti olmadı. Bunların hamısı sülhü qorumaq və möhkəmləndirmək fazası üzrə keçirilən antiterror əməliyyatlarıdır. Bu əməliyyatlar da o bölgələr tam təhlükəsiz vəziyyətə gəlib çıxanadək davam edəcək. Çünki bizim mülki vətəndaşlarımız orada birmənalı şəkildə rahat və təhlükəsiz vəziyyətdə yaşamalıdırlar”.