• 19 Mart 2024
logo
MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib

MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib

Noyabrın 26-da MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib. Hər üç daimi komissiyanın iclasında təşkilati məsələlərə baxılıb, komissiyaların yeni sədri, müavini və katibi seçilib.

Trend-in məlumatına görə, gündəliyin müzakirəsi zamanı daimi komissiyaların 2019-cu ildə gördükləri işlər təhlil edilib, icraatlarında olan məsələlərə nəzər salınıb. Daimi komissiyaların hər birinin növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

Milli Məclisin deputatları Rüfət Quliyev, İltizam Yusifov, Nizami Səfərov, Anatoliy Rafailov, Rauf Əliyev və Tamam Cəfərova üzvü olduqları daimi komissiyaların iclaslarında fəal iştirak ediblər.

MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının iclasında 8 məsələyə baxılıb.

“Regional investisiya layihələri haqqında” model qanunun layihəsi barədə məruzə dinlənilib. Sonra komissiya üzvləri model qanun layihəsi ətrafında ciddi müzakirələr aparıblar.

İclasda MDB-yə üzv dövlətlərdə bir sıra tərəfdaşlıq mexanizmlərinin inkişafına və tətbiqinə dair Tövsiyə layihələri fikir plüralizmi şəraitində müzakirə olunub, rəy və təkliflər irəli sürülüb.

Komissiyada həmçinin MDB PA yanında iqtisadiyyat üzrə Ekspert Şurasının 27 oktyabr 2020-ci il tarixli iclasının yekunları nəzərdən keçirilib.

MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının gündəliyində 18 məsələ olub. İclasda öncə təşkilati məsələyə baxılıb, Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın yeni sədri seçilib.

Sonra iclasda IV Sankt-Peterburq beynəlxalq əmək forumunun yekunları müzakirə olunub. MDB dövlətlərində COVID-19 pandemiyası ilə əlaqədar görülən tədbirlərə xüsusi diqqət yetirilib, həmin tədbirlərin qanunvericiliklə dəstəklənməsi vacib sayılıb. MDB PA Şurası ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun “COVID-19 ilə mübarizədə parlamentlərin rolu haqqında” birgə bəyanatının layihəsi nəzərdən keçirilib.
Komissiyada MDB ölkələrində uşaqların sağlamlığının və səhiyyə hüquqlarının qorunması, psixiatriya yardımı və onun göstərilməsində vətəndaş hüquqlarının təminatı, tibbi yardıma dair klinik tövsiyələr, uşaqlar üçün qida məhsullarının marketinqi, vətəndaşların sağlamlığının tütün tüstüsünün zərərli təsirlərindən qorunması, orqan donorluğu və s. haqqında model qanunların layihələri barədə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

Sonra 2020-2022-ci illər üçün MDB model qanunvericiliyinə dair Perspektiv Planda dəyişikliklər edilməsi məsələsinə, üzv dövlətlər üçün model Miqrasiya Məcəlləsinin layihəsinə baxılıb. Parlamentarlar məlumat əldə etməyə dair vətəndaşın hüquqi statusu, müəssisə və ya təşkilatların müflisləşməsi (iflas etməsi) halında əməkçilərin tələblərinin qanunvericiliklə müdafiəsi, eləcə də MDB məkanında vətəndaşların pensiya təminatı haqqında Tövsiyə layihələrinə də münasibət bildiriblər.

MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyanın gündəliyi 13 məsələdən ibarət olub. İclasda öncə təşkilati məsələyə baxılıb, Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyanın sədr müavini seçilib.

Sonra “İnformasiya-kommunikasiya texnologiyaları sahəsində pozuntuların qarşısının alınması haqqında” model qanun layihəsinin hazırlanması barədə məruzələr dinlənilib. Fikir mübadiləsi zamanı rəy və təkliflər irəli sürülüb.
Komissiya üzvləri MDB-yə üzv dövlətlərin rəqəmsal inkişaf sahəsində əməkdaşlığına dair Tövsiyələr layihəsinə də münasibət bildiriblər.

Komissiyada MDB-yə üzv dövlətlər üçün model İnformasiya Məcəlləsinin, həmçinin model Əqli Mülkiyyət Məcəlləsinin yeni redaksiyada layihələrinin hazırlanmasına xüsusi diqqət yetirilib.

İclasda “Kinematoqrafiyaya dövlət dəstəyi haqqında” , eləcə də “Teatr və teatr fəaliyyəti haqqında” model qanunların yeni redaksiyada layihələrinin hazırlanması ətraflı müzakirə olunub. MDB məkanında elektron formada çap olunmuş nəşrin zəruri nüsxəsinin verilməsi məsələsində vahid yanaşmanın tətbiqi barədə Tövsiyə layihəsinə və digər məsələlərə baxılıb.