• 20 Oktyabr 2020
logo
Zahid Oruc: “Ordumuzun apardığı müqəddəs savaşın qələbə ilə nəticələnəcəyinə inanırıq”

Zahid Oruc: “Ordumuzun apardığı müqəddəs savaşın qələbə ilə nəticələnəcəyinə inanırıq”

“Prezident İlham Əliyev dünən “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında çıxışı ilə informasiya savaşında da uğurlu mövqe təqdim etdi”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, orada səslənən bütün fikirlər bizim üçün tezis olmalıdır: “Orada 3-cü dövlətlərin də bu savaşda iştirakı məsələsinə toxunuldu. Azərbaycan Prezidentinin dünənki çıxışı onun siyasi və informativ savaşı da uğurla apardığını göstərdi. Azərbaycan Ordusu yeni hərbi siyasi reallıq yaradır”.

Z.Oruc bildirib ki, müxtəlif dövlətlərin, eləcə də BMT Təhlükəsizlik Şurasının və qeyri-daimi üzvlərinin müzakirəsinə çıxarılan Qarabağ məsələsi ətrafında qızğın müzakirələr gedir: “Azərbaycan Prezidentinin qətiyyətli qərarları Ermənistanı, Minsk qrupunu və iri dövlətləri hərəkətə gətirib və çözüm variantlarının tapılması üçün yollar aranır. Lakin bir fakt hamıya gün kimi aydındır - birinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanmış “Bişkek protokolu” və “Atəşkəs müqaviləsi”ni artıq qüvvədən düşmüş saymaq olar. 90-cı illərdə ölkəmizin itirdiyi torpaqları danışıqlar masasında təslimçilik aktına daşımağa çalışan Ermənistanın qarşısında ulu öndər Heydər Əliyev dayanmışdı və məlum sənəd heç bir hüquqi öhdəlik, məcburi tələblər yaratmamışdı”.

Onun sözlərinə görə, indi ordumuzun apardığı müqəddəs savaşın qələbə ilə nəticələnəcəyinə, Bişkekdə deyil, Şuşada sülh müqaviləsinin imzalanacağına hər birimiz inanınırıq: “İlham Əliyevin liderliyi ona qadirdir ki, ordunun qələbələrini sənəd üzərində böyük diplomatik məharətlə həkk edə biləcək. Ona görə bizim siyasət adamlarımız, politoloq və təhlilçilərimiz 1994-cü ilin “Atəşkəs müqaviləsi”nə daha istinad etməyə bilərlər!”