• 28 Mart 2024
logo
"Əsrin müqaviləsi" Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu

"Əsrin müqaviləsi" Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətdə gördüyü hər bir iş onun ağıllı, uğurlu və tayı bərabəri olmayan siyasətinin bəhrəsidir. Ümummilli liderin həyata keçirdiyi inkişaf yönümlü işlər respublikamızı bir mənalı olaraq zirvəyə daşıdı. Məhz yürütdüyü uğurlu siyasət nəticəsində Heydər Əliyev konkret olaraq bir siyasi sistemə, idealogiyaya sığmayan bir lider olduğunu sübut etdi.

Bunu xalacebhesi.az-a politoloq Mirsamir Məmmədov bildirib. O, qeyd edib ki, H.Əliyev hər bir idealogoiyanı öz zəngin və əzəmətli təfəkkür süzgəcindən keçirir, yaxşıdan da yaxşı cəhətlərini götürüb dövlət və xalq naminə istifadə edir, pis tərəflərini isə atırdı, özü idealogiyanın əsirinə çevrilmirdi. Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Məhz belə bir tarixlərdən biri 1994-cü il Sentyabr ayının 20-də Gülüstan sarayında özünü dövrün şah əsəri kimi əsrlərin tarixinə qızıl hərflərlə yazdı. Bəli, ulu öndər Heydər Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində həmin tarixdə əsrə sığmayan “Əsrin müqaviləsi” adlı tarix bütün bəşəriyyətin gözü önündə yarandı.

«Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı.

Hazırda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından güc alır. Ulu öndərin dövlət başçısı İlham Əliyev tərəfindən müasir reallıqlara söykənməklə daha da zənginləşdirilən ideyaları, onun strategiyası, onun arzuları artıq həqiqətə çevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin enerji siyasəti Heydər Əliyevin neft strategiyası əsasında qurulub və bu strategiya dünyanın müasir tələblərinə uyğunlaşdırılmış, zənginləşdirilib. Onu da bildirək ki, hələ 70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də gördüyü işlər onun uzaqgörən planlarının – Azərbaycanı “Əsrin müqaviləsi”nə, deməli xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi. Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin axırlarından aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi.

Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.

"Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300 m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı.

"Əsrin müqaviləsi” ilə müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdir:

"Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.

Prezident İlham Əliyev isə "Əsrin müqaviləsi”nin imzalandığı dövrün iqtiqsadi və siyası vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımın əhəmiyyətini belə dəyərləndirmişdir. "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik”.

Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafına şərait yaratdı.Azərbaycan Respublikasının prezidenti müvafiq fərman imzaladıqdan sonra bu müqavilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi. “Əsrin müqaviləsi” labüd olaraq Azərbaycanda sosial tədbirlərin miqyasının dəyişməsinə doğru aparırdı. Ölkəyə külli miqdarda pul axını üçün yaranmış olan bu vasitə ölkə əhalisinə parçalanmaqdan və hərc-mərclikdən yaxa qurtarmaq imkanı qazandırdı. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinin əsasını Azərbaycanda aparılan demokratik quruculuq prosesleri, ölkəmizin bütün dünyaya açıq olması prinsipi və ümummilli liderimiz olan Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda ardıcıl olaraq daxili-ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi təşkil edir. Məhz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlməsindən sonra xalqımızda özünə inamın artması və ölkədə sabitləşmənin sürətlə getməsi xarici dövlətlərin bizə qarşı olan inamını artırdı və nəticədə əsrə sığmayan “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi Azərbaycan xalqında nikbinlik və gələcəyə ümüd hissi yaratdı."Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Cavid