• 29 Sentyabr 2020
logo
Ermənistanın məskunlaşdırma siyasəti

Ermənistanın məskunlaşdırma siyasəti

Həmsədrlər susur, deməli silahlar danışacaq...

Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində Livandan, Suriyadan köçürülən ermənilərin məskunlaşdırılması davam edir. Son bir neçə güm ərzində Ermənistan mətbuatı, təkcə Şuşa şəhərində Livandan köçürülən 2 erməni ailəsinin məskunlaşdırılması ilə bağlı foto və videomateriallar yayıb. Ermənistan rəsmilərinin açıqlamalarından və işğalçı ölkənin kütləvi informasiya vasitələrində yayılan məlumatlardan isə bəlli olur ki, Azərbaycanın işğal altında olan ərazilərində Livandan və Suriyadan çoxsaylı erməni ailəsi köçürülüb və bu prosesin davamlı olması üçün iş aparılır.

Qeyd edim ki, işğaı altında olan Azərbaycan ərazilərinin məskunlaşdırılması Nikol Paşinyan hakimiyyətinin əsas hədəflərindən biridir. Nikol bununla ilk növbədə işğal altında olan Azərbaycan torpaqlarında tərəfdarlarının sayını artırmaq niyyətindədir. Son günlər separatçı rejimin "rəhbərliyində" təmsil olunan şəxslərin, o cümlədən "təhlükəsizlik şurasının katibi" Samvel Babayanın verdiyi açıqlamalar, Paşinyan hökuməti ilə separatçılar arasındakı ziddiyyətlərin aradan qaldırılmadığını nümayiş etdirir. Samvel Babayanın Ermənistan silahlı qüvvələri ilə "Dağlıq Qarabağ ordusu" arasında imzalanması nəzərdə tutulan "müqaviləyə" münasibətdə, "kim kiminlə müqavilə bağlayacaq, hər iki tərəf Ermənistan ordusudur" deməsi, rəsmi İrəvanın mövqelərinə zidd olmaqla yanaşı, Nikol Paşinyana qarşı "Qarabağ klanı"nın demarşı kimi də dəyərləndirilə bilər.

Xaricdən köçürülən erməni ailələrinin işğal altında olan ərazilərini məskunlaşdırmaqda Ermənistan hakimiyyətinin başqa bir hədəfi isə, hərbi əməliyyatlar bərpa ediləcəyi təqdirdə, "mülki əhaliyə ziyan dəydiyi" barədə hay-küy qoparmaq üçündür. Əslində, işğal altında olan Azərbaycan ərazilərinə köçürülən ailələr, Ermənistan üçün "mülki əhali" adını daşıyan və qurban vermək üçün nəzərdə tutulan canlı "ət parçaları"dır.

Azərbaycan ərazilərinə xaricdən erməni və digər xalqların nümayəndələrinin köçürülməsinin Paşinyan rejiminin əsas hədəflətindən biri olduğunu müəyyənləşdirmək üçün isə bir neçə məqama diqqət çəkməyi vacib hesab edirəm:

Nikol Paşinyan 2019-cu ilin sentyabr ayında Los-Ancelesdə keçirilən mitinqdə "böyük repartasiya"dan söz açaraq, Ermənistanda, əslində isə Dağlıq Qarabağda məskunlaşan erməni ailələrinə veriləcək dəstəkdən söz açmışdı.

Ermənistan prezidenti Armen Sarkisyan isə Suriyanın Erməni Məsələləri Əlaqələndirmə Mərkəzinin İdarə Heyətinin üzvləri ilə görüşdə bu ölkədən "növbəti böyük repartasiya dalğasının gözlənildiyini" bəyan etmişdi.

Bu baxımdan, diaspor üzrə komissar Sinanyanın bir neçə gün öncə "Repartasiya haqqında" yeni qanunun hazıtrlandığı barədə açıqlama verərkən, Ermənistana, o cümlədən Dağlıq Qarabağa yalnız ermənilərin deyil, "erməni xalqı ulə identiklik təşkil edən qohum xalqların təmsilçilərinin köçürülə biləcəyini" bəyan etməsi də, hazırda işğal altında olan Azərbaycan ərazilərinin qeyri-qanunj məskunlaşması siyasətinin İrəvan üçün prioritet olduğunu nümayiş etdirir.

Hələlik isə, Paşinyan rejiminin təmsilçiləri Azərbaycanın beynəlxalq müstəvidə səslənən etirazlarına cavab olaraq, yeni və əslində klassik erməni yalanlarına əl atmağı məqbul hesab edirlər.

Məsələn, diaspor üzrə komissar Sinanyanın iddiasına görə, guya Livanda 25 min Ermənistan vətəndaşı yaşayır və "Ermənistan hakimiyyəti onların ölkəyə qaytarılmasına görə məsuliyyət daşıyır". Yəni, hədəf "Ermənistan vətəndaşlarının ölkəyə qaytarılması" adı altında 25 min nəfərin Livandan işğal altındakı Azərbaycan ərazilərinə köçürülməsidir.

Qeyd edim ki, Ermənistan mediasında son dövrlərədək, Livanda 25 min Ermənistan vətəndaşının yaşadığı barədə heç məlumat yayımlanmayıb. Bu isə sübuta yetirir ki, Ermənistan hakimiyyəti qanunsuz məskunlaşdırma siyasətini "Ermənistan vətəndaşlarının köçürülməsi" adı altında gerçəkləşdirmək niyyətindədir. Bu niyyəti sübuta yetirə biləcək digər məqamlar da var, şübhəsiz. Məsələn, əgər Ermənistan hakimiyyəti öz vətəndaşlarının qayğısına qalmağı özü üçün vəzifə hesab edirsə, o zaman hansı səbəblərdən COVİD-19 yeni növ koranavirus pandemiyası səbəbindən xarici ölkələrdə qalan və geriyə qayıtmaq istəyən Ermənistan vətəndaşlarına münasibətdə analoji addım atmaq istəmir?

Maraqlıdır, görəsən Livandakı Ermənistan vətəndaşları ilə, məsələn, İtaliyadakı, lap elə Qazaxıstandakı Ermənistan vətəndaşları arasında fərq nədən ibarətdir?

Şübhəsiz ki, bu sualları təpədən-dırnağa erməni faşizmi ilə zəhərlənmiş Ermənistan mediasının təmsilçiləri heç bir halda Nikol və komandasına ünvanlamayacaqlar.

Görünür, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə maneə yaradan amillərin aradan qaldırılmasına görə birbaşa məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin də danışmaq niyyətləri yoxdur. Halbuki işğal altında olan Azərbaycan ərazilərinin qanunsuz məskunlaşdırılması Ermənistanın işğala son qoymaq, sülh danışıqlarını davam etdirmək niyyətində olmadığını, əksinə prosesi dalana dirəmək, mövcud status-kvonu qoruyub saxlamaq üçün bütün vasilərə əl atacağını bir daha sübuta yetirir.

Həmsədrlər isə susurlar...

Deməli silahlar danışacaq!

Elçin Mirzəbəyli

Əməkdar jurnalist, siyasi ekspert