• 25 Sentyabr 2020
logo
Yalnız məsuliyyət, məsuliyyət, məsuliyyət!

Yalnız məsuliyyət, məsuliyyət, məsuliyyət!

İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” deyimini, artıq uzun illərdir ki, “fikirdə, dildə, işdə birlik” kimi ifadə edirəm. Mənim ifadə tərzimdən irəli gələn yanaşma, şübhəsiz ki, yalnız türk xalqlarının və dövlətlərinin birliyi üçün gərəkli olan məqamlarla birbaşa bağlı deyil. Digər tərəfdən, İsmayıl bəy “Dildə, fikirdə, işdə birlik” şüarını yazanda dünyada Osmanlı dövlətindən başqa müstəqil türk dövləti yox idi. Osmanlı dövləti isə dil, fikir birliyi deyil, din birliyi üzərində təşəkkül tapmışdı. İndi isə vəziyyət tamamilə fərqlidir. Müstəqil türk dövlətləri Türk Dövlətlərinin Əməkdaşlıq Şurasında, vahid mədəniyyət çatısı altında bir araya gəliblər və əməkdaşlığı yeni bir mərhələyə daşımaqda israrlı görünürlər. Növbəti mərhələ, qənaətimə isə MTDB – Müstəqil Türk Dövlətləri Birliyi də ola bilər. Sovet dönəmindən qalma saxta, qondarma ideoloji “dəyərlər” üzərindən boy atan “birlik”lərin isə, milli dövlətlərin yeni inkişaf mərhələsinə doğru addımladığı, “ortaq dəyərlər-ortaq maraqlar” tandeminin ön plana çıxdığı bir zaman kəsiyində hər hansı bir perspektiv vəd edəcəyini düşünmürəm. İndi fikirdə bir olmanın – ortaq hədəflərə doğru ortaq konsepsiya üzərindən hərəkət etmənin, dildə, yaxud sözdə bir olmanın – ortaq konsepsiyanın şüurlara hakim kəsilməsi, ortaq hədəf kimi qəbil olunması üçün vahid təbliğat mexanizmlərinin işə salınmasının, işdə və ya əməldə bir olmanın – eyni dilin və mədəniyyətin sahibi olan insanların yaşadığı coğrafi məkanı geoiqtisadi və təbii ki, geosiyasi faktora çevirmənin zamanıdır.
Amma bütün bu qlobal hədəflərdən öncə öz düşüncəmizdə, öz sözümüzdə və öz əməlimizdə birliyə nail olmalıyıq. Çünki fərd və toplum olaraq, əvvəlcə düşüncəmizdən dilimizə, dilimizdən əməlimizə qədər olan məsafədə dəmir intizama, məsuliyyətə, bütövlüyə nail olmadan, irəliyə doğru bir addım da belə ata bilməyəcəyik. COVİD-19 infeksiyasının hökm sürdüyü bu zaman kəsiyində ayrı-ayrı fərdlər və toplum olaraq sərgilədiyimiz davranışlar da bunu təsdiqləyir. Zənnimcə, indi İsmayıl bəyin məşhur üçlü birlik modelinin nə zamansa gerçəkləşməsi üçün öncə toplumlar və dövlətlər çərçivəsində, sonra isə daha geniş miqyasda yeni bir yanaşmaya ehtiyacı var: Fikirdə məsuliyyət, sözdə məsuliyyət, əməldə (işdə) məsuliyyət!

Fikirdə məsuliyyət

Hər kəsə aydın olsun deyə, olduqca sadə və göz önündə olan məsələlərdən yol alıb düşüncələrimi bölüşməyə çalışacağam.
Yaşadığımız dövr öncə reallığı dərk, təhlil və qəbul etmək, anlamaq kimi ciddi bir problemimizin olduğunu ortaya çıxardı. Bir çox hallarda “məhəllə” və “tin” söhbətlərindən uzağa getməyən sosial şəbəkə müzakirələrindən, bəzi internet resurslarındakı ultrakosmik fərziyyələrdən də bəlli oldu ki, çoxluq gözlə görülməsi mümkün olan həqiqətlərdən başqa istənilən faktı öz arzuladığı formada qəbul etməyə və gerçək olmayan nəsnələr ətrafında mülahizə yürütməyə hazırdır. Toplum real problemi görmək və həlli barədə düşünmək istəmir. Onun üçün problemin yoxluğunu özünə aşılamaq və düşüncəsini həqiqətlə “zorlamamaq” daha rahatdır. Həqiqətin olduğu kimi dərk olunmaması üçün beynin müxtəlif fərziyyələrlə, yalanlarla bloklanması isə fikirdə məsuliyyətsizlik yaradır. Yəni konkret fərd, yaxud toplumun özünü aldatmağa çalışan hissəsi, ilk növbədə özünə, sonra isə başqalarına qarşı məsuliyyətsiz davranır.

Sözdə (dildə) məsuliyyət

Fikirdə məsuliyyətsizlik sözdə məsuliyyətsizliyə yol açır. Belələri öz fikirlərini ayrı-ayrı fərdlərə, topluma həqiqət kimi sırıyır, bunun üçün müxtəlif fərziyyələr uydurur və insanların, cəmiyyətin problemi görmək, qəbul etmək, həllinə nail olmaq kimi mühüm niyyətinin, hədəfinin, ən dəhşətlisi isə müqavimət hissinin qarşısına səd çəkirlər.
“Koronavirus yoxdu”, “yaxud informasiya müharibəsidi”, “hansısa ölkənin və ya ölkələrin iqtisadiyyatını çökdürmək üşün düşünülüb” və bu kimi yüzlərlə reallıqdan dəfələrlə uzaq mülahizələrin əsasında da, məhz məsuliyyətsiz insan təfəkkürü, obrazı dayanır. Və təəssüf ki, belələrinin sayı, düşündüyümüzdən dəfələrlə çoxdur...

Əməldə (işdə) məsuliyyət

Sözdə məsuliyyəsizlik, nəticədə əməldə məsuliyyətsizliyə çevrilir. İnsanlar sanitariya-gigeyina qaydalarına əməl etmir, virusdan qorunmaq və virusun yayılmaması üçün müstəsna əhəmiyyət daşıyan maskaya ikrah hissi ilə yanaşır, məsafə saxlamaqla bağlı tələbi az qala həbs cəzası kimi qəbul edirlər.
Uzun-uzadı yazmayacağam. Bütün bunlar hər kəsin gözünün önündə baş verir və getdikcə daha acınacaqlı hal alır.
Bu səbəbdən, düşüncəsində, sözündə, əməlində məsuliyyətli olmağı bacarmayan, ən adi, bəsit qaydalara riayət etmək istəməyən toplumun böyük hədəflərə fokuslandığına inanmaq olduqca çətindir.
Mənə görə bir insanın yüksək dəyərlərə sahib olmasının, ailəsinə, doğmalarına, xalqına, Vətəninə, bütövlükdə isə bəşəriyyətə olan münasibətinin əsas göstəricisi onun nə dərəcədə məsuliyyətli olmasıdır.
Əgər ən adi qaydalara əməl etməkdə məsuliyyətli davrana bilmirsənsə, o zaman sənin Vətən sevgisi və bu kimi yüksək dəyərlər haqqında danışdıqlarının da heç bir anlamı yoxdur.
Adi bir maska taxmaqla, 2 metrlik məsafə saxlamaqla özünü, doğmalarını, həmvətənlərini... qorumaq barədə düşünməyən insanın içdən gələn bir istəklə xalqını, Vətənini, Dövlətini qoruya biləcəyi də inandırıcı görünmür.
Böyük idealların izi ilə yürüyən fərd, yaxud toplum xarakter və toplumsal düşüncə etibarilə də bütöv olmalıdır!
Bir neçə müddət öncə, mədəniyyətimizlə bağlı yazdığım yazıda böyük Cavidin
“Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” beytini iqtibas gərmişdim. Yenə də eyni qənaətdəyəm. Amma hesab edirəm ki, bütün problemlərimizin və böyük hədəflərə doğru gedən yoldakı bağlı qapıların açarı yalnız məsuliyyət, məsuliyyət və yenə də məsuliyyətdir!

Elçin Mirzəbəyli