• 28 Mart 2024
logo
Tədqiqatçı: Ulu öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ikinci dəfə qayıdışı dövlətçilik tariximizin şanlı səhifələrindəndir

Tədqiqatçı: Ulu öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ikinci dəfə qayıdışı dövlətçilik tariximizin şanlı səhifələrindəndir

Ulu Öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ikinci dəfə qayıdışı dövlətçilik tariximizin şanlı səhifələrindən biri kimi qeyd olunur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Bunu Trend-ə AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.
Heydər Əliyevin fəaliyyəti barədə danışan alim qeyd edib ki, ümummili lider 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olub, elə həmin ildə də ona general-mayor rütbəsi verilib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifələrində çalışıb. 1982-ci ilin dekabrından isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib:
"Ümummili lider Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, xüsusilə də SSRİ-nin ayrı seçkilik siyasətinə qarşı çıxan Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verdi. Ümumiyyətlə, o dövrlə bağlı sənədlərə və tarixi faktlara nəzər yetirdikdə görürük ki, Heydər Əliyevin Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, Dağlıq Qarabağ və Azərbaycana qarşı məsələ qaldırsınlar. Buna görə də ermənilər və onlara dəstək olan qüvvələr Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindən yüksək vəzifələrdən gedəndən sonra həm Azərbaycana, həm də Heydər Əliyevə qarşı kampaniyaya başladılar. Əlbəttə, xüsusilə yuxarıda qeyd etdiyimiz kimi, böyük siyasi təcrübəyə sahib və müxtəlif rəhbər vəzifələrdə öz peşəkarlıq təcrübəsi sayəsində çalışmış bir şəxsin hakimiyyətdən getməsində, o zamankı SSRİ rəhbərliyi, həm də həmin d Azərbaycan rəhbərliyi heç də maraqlı deyildilər. Onlar bilirdiilər ki, Heydər Əliyevli “siyasi oyunlar” oynamaq qeyri-mümkündür".
S.Talıblı bunu da əlavə edib ki, Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığını deyən tarixçi, xalq tərəfindən Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbinin irəli sürüldüyünü söyləyib:
"Azərbaycanın o dövrdəki rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Prezidenti seçildi. Ölkəmizin tarixinə nəzər yetirdikdə, hər birimiz şahid oluruq ki, güclü idarəetmə olduqda xalqın maraqları təmin olunur. Bu baxımdan Heydər Əliyevin müəyyən dövr ərzində hakimiyyət olmaması özünü açıq-aydın biruzə verib".