• 6 Dekabr 2020
logo
Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.


Ümummilli lider Heydər Əliyev

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqımız çox minillik tarixi dövründə öz milli azadlığına dəfələrlə nail olmuş, milli dövlətini yaratmış, lakin sonralar müxtəlif səbəblər üzündən bunlardan məhrum olmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. O dövrdə Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri xalqın yalnız savadlanması, maariflənməsi, öz hüququnu dərk etməsi naminə deyil, həm də müstəqil bir dövlətdə yaşaması üçün çətin lakin şərəfli mübarizəyə qoşuldular. Birinci dünya müharibəsinin bitməsi ilə əlaqədar olaraq dünyada baş vermiş dəyişikliklər, sosialist inqilabı nəticəsində Rusiya imperiyasının dağılması Azərbaycanda belə bir arzunu reallaşdırmaq üçün münbit şərait yaratdı və nəhayət uzun mübarizədən sonra Azərbaycanın demokratik qüvvələri, siyasi xadimləri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Bütün Şərq və türk-İslam dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruluşu yaradıldı. Müsəlman Şərqində ilk demokratik respublikanı-Azərbaycan Xalq Cümhuriyyətin yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Azərbaycan Xalq Cümhuriyyəti özündə demokratik dəyərləri, eləcə də Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən bir dövlət və cəmiyyət nümunəsi idi.
Bu fikirlər Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!” sərlövhəli məqaləsində yer alıb. Baymedia məqaləni təqdim edir.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərirdi. Bir tərəfdən Azərbaycanda müstəqil dövlətin yaranması ilə razılaşa bilməyən və onu hər vasitə ilə əngəlləməyə çalışan xarici qüvvələr, digər tərəfdən isə Rusiyada hakimiyyətə gəlmiş kommunist rejimi keçmiş Rusiya imperiyasının ərazisində öz hakimiyyətini tətbiq etmək istəyirdi. Azərbaycan üçün həmişə təhlükə mənbəyinə çevrilən, torpaqlarımıza göz dikən erməni qəsbkarları, daşnaklar bu dövrdə də Azərbaycana qarşı öz təcavüzkarlıq hərəkətlərini gücləndirmişdilər.
Bunlarla yanaşı, Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti olduqca gərgin idi. Şübhəsiz ki, belə bir şəraitdə ilk demokratik respublikanın fəaliyyəti böyük çətinliklərlə üzləşirdi. Ancaq cəmi 23 ay yaşamasına baxmayaraq, qısa müddətdə həyata keçirilən tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli-göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı.
Cümhuriyyət yaranan zaman təhsilli milli kadrlara böyük ehtiyacı var idi və bu ali təhsil müəssisəsinin açılmasını vacib hesab edirdi. Təbii ki, dövlət quruculuğu işlərində milli kadrların olması mühüm amillərdən biridir. 1919-cu ildə Bakı Universiteti yaradıldı və hazırda Bakı Dövlət Universiteti ən böyük ali təhsil ocaqlarımızdan biridir.
Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz-“İstiqlal” muzeyi yaradıldı. Parlamentin 2-ci iclasında işləyən qadınlar üçün xüsusi güzəştlərə baxıldı: qadın sağlamlığı üçün zərərli işlərdən kənar edilmə, doğuşdan əvvəl və doğuşdan sonra ödənilən məzuniyyət, ananın iş yerində uşaq müəssisələrinin təşkili, xəstəlik dövründə dərman və əmək haqqının müəssisə sahibinin hesabına ödənilməsi. Eyni zamanda, qadınlar üçün qısa müddətli müəllimlik kursları, peşə-ixtisas kurslarının açılması, uşaq bağçalarının sayının artırılması məsələləri öz həllini tapdı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi.
Cümhuriyyət dönəmində parlamentin tərkibində müxtəlif xalqların nümayəndələri də təmsil olunurdu. Əslində bu özü yeni yaranmış dövlətin nümayiş etdirdiyi tolerantlıq və milli dəyər idi.
Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edərkən biz o zaman Azərbaycanın milli azadlığı, istiqlaliyyəti uğrunda, Azərbaycanda demokratik respublika yaranması uğrunda mübarizə aparanları, demokratik dövlətin təşkil olunmasında iştirak edənləri, onun rəhbərliyində fəaliyyət göstərənləri-Məmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirik. Onların parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır.
Müstəqil dövlət hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət hesab edilir. Bu müstəqilliyin əldə edilməsi təsadüf nəticəsində olmur və ya hədiyyə edilmir. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. 70 illik Sovet hakimiyyəti dövrünün hökm sürməsinə baxmayaraq, Azərbaycan xalqı daim bu tarixi hadisənin yenidən təkrar olacağına, öz həqiqi azadlığına qovuşacağına inanırdı. Hələ ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixini dərindən mənimsəyərək, Azərbaycanı uzun, lakin xalqımız üçün müqəddəs bir amala doğru aparırdı. Məhz həmin dövrdə ölkədə milliləşdirmə siyasəti nəticəsində bir çox işlər görülürdü. 1991-ci ilin sonunda Sovetlər İttifaqında gedən proseslərin nəticəsində və İttifaqın dağılması ilə əlaqədar, dünyada cərəyan edən ictimai-siyasi proseslərin nəticəsində Azərbaycan Respublikası yenidən müstəqilliyini bərpa etdi. Bu dövr də asan mərhələ deyildir. Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır. Ölkədə təcrübəsiz insanların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı. Digər tərəfdən də, Ermənistan öz təcavüzkar siyasətini davam etdirmək imkanı əldə edərək, torpaqlarımızın 20 faizini işğal etdi və bu işğal nəticəsində bir milyondan çox vətəndaşımız öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Məhz belə bir anda - 1993-cü ildə çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sahələrinin yenidən inkişaf etməsi üçün gərgin əmək sərf edirdi. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparıldı. Nizami ordu yaradıldı. Ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətlərinin əsası qoyuldu. Əlbəttə, bu dövrün ən əlamətdar cəhəti ondan ibarətdir ki, Azərbaycan Respublikası müstəqil dövlət kimi dünya dövlətləri tərəfindən tanınmış, Birləşmiş Millətlər Təşkilatına, ATƏM və bir çox beynəlxalq təşkilatlara üzv qəbul edilmişdir. Azərbaycan Respublikası sərbəst fəaliyyət göstərir və müstəqil dövlət kimi dünya birliyində tanınmışdır.
Böyük təcrübəyə malik, xalqın hörmətini, məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev bu istiqamətdə fəaliyyətlərini yorulmadan davam etdirir və ölkənin həm regionda, həm də beynəlxalq səviyyədə mövqeyini gücləndirirdi.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin təcrübəsindən də faydalanmış və təsadüfi deyildir ki, 1998-ci ildə Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncamda qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Həmin Sərəncamdan irəli gələn vəzifələri icra edən Azərbaycan tarixçiləri qısa müddətdə AXC-nin zəngin irsinin öyrənilməsi istiqamətində böyük işlər gördülər. İlk dəfə Cümhuriyyətin daxili və xarici siyasəti ilə bağlı sanballı monoqrafiyalar və sənəd topluları hazırlandı. Müxtəlif ölkələrin arxivlərində saxlanılan və bilavasitə Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif məsələlərinə həsr olunmuş sənədlər də Azərbaycana gətirilərək, elmi dövriyyəyə cəlb edildi. Xüsusilə qeyd etmək lazımdır ki, bu sənədlər təkcə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünü deyil, müstəqilliyə gedən yolda Azərbaycan milli hərəkatının keçdiyi çətin, lakin şərəfli yolu özündə ehtiva edirdi.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət daşıdığını hər zaman vurğulamış və müsəlman Şərqində ilk parlamentli respublikanın yaradılmasını böyük tarixi nailiyyət adlandırmışdır. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışarkən bir sıra mühüm məqamlara toxunmuşdur. Azərbaycanın Milli Ordusunun 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etdiyini və qədim tarixi şəhərimiz olan Bakının Azərbaycan xalqına qaytardığını xüsusi vurğulamışdır. “Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Əlbəttə ki, onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutur”,– deyən dövlətimizin başçısı əlavə edib ki, Bakı Dövlət Universitetinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin kadrların yetişdirilməsi işində, təhsilin inkişafında böyük işlər görmək əzmində olduğunu göstərirdi. Prezident İlham Əliyev Azərbaycan dilinin bütün təhsil müəssisələrində qəbul edildiyini Cümhuriyyətin çoxsaylı uğurlarından biri olduğunu diqqətə çatdırıb.
Dövlətimizin başçısı Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsini milli faciə kimi qiymətləndirmişdir. “Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək”.
Lakin bütün bunların fonunda biz bu gün gələcəyə böyük ümidlə baxırıq. Dövlətimizin başçısı İlham Əliyev davamlı və dinamik inkişaf strategiyası əsasında bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün biz fəxrlə deyirik ki, müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir və əlbəttə ki, bunun çox ciddi əsası var. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyinin, dözümsüzlüyünün şahidiyik, həmçinin etnik təmizləmələri, terror aktları, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehriban şəraitində yaşayırlar. Hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Azərbaycan Prezidentinin yürütdüyü düşünülmüş siyasət nəticəsində bu stabilliyə nail olmuşuq. Onun həyata keçirdiyi uğurlu dövlət idarəçiliyi, sosial, iqtisadi, siyasi və kadr sahələrində aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. Xüsusən də COVID-19 pandemiyası dövründə hər bir vətəndaşın yanında olan, onun sağlamlığını və rifahını hər şeydən üstün tutan Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, dövlət proqramları, xüsusi sosial və iqtisadi dəstək tədbirləri və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri, göstərdiyi qayğı xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Taleyimizin indi öz əlimizdə olduğunu deyən Prezident İlham Əliyev dünyaya bir daha mesaj göndərdi ki, müstəqillik Azərbaycanın ən böyük sərvəti, ən böyük neməti və ən böyük xoşbəxtliyidir. Ən əsası, Azərbaycanın müstəqilliyi əbədidir və sarsılmaz xalq-iqtidar birliyi dövlət müstəqilliyimizin daha da güclənməsinə zəmin yaradır.