• 24 İyul 2024
logo
Müstəqillik Günü tariximizdə müstəsna rola malikdir

Müstəqillik Günü tariximizdə müstəsna rola malikdir

Mayın 28-də ölkəmizdə Müstəqillik Günü qeyd olundu. Müsəlman Şərqində və Türk dünyasında ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 106 il ötür.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə həmin vaxt Azərbaycanın müstəqilliyi ilə bağlı Batumidə Osmanlı sultanının nümayəndələri ilə danışıqlar apardığına görə İstiqlal Bəyannaməsinin elan olunduğu bu ilk iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə iclasa qatılıblar. Azərbaycan Milli Şurasının tarixi iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibi təsdiqlənib.
Cümhuriyyətimizin yaradılması olduqca mürəkkəb, çətin şəraitdə baş tutub. Belə ki, AXC elan olunarkən Bakı şəhəri bolşevik-daşnak köpəyi Stepan Şaumyanın başçılıq etdiyi işğalçı dəstələrin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrinin əsarətindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb. AXC cəmi 23 ay yaşasa da və 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalı nəticəsində devrilsə də, lakin Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Ona görə də 28 May – Müstəqillik Günü hər il ölkəmizdə rəsmi dövlət səviyyəsində yüksək ehtiram və təntənə ilə qeyd edilir.
Ulu Öndər Heydər Əliyev çıxışlarının birində milli dövlətçilik şüurunun formalaşması kontekstində tarixi məsələlərə öz konseptual baxışını belə ifadə edir: "Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti - bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik".
Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı.
Bu tarixi nailiyyəti yüksək qiymətləndirən Heydər Əliyev qeyd edirdi: "XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı".
Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu müstəqilliyin gələcək nəsillərə ötürülməsi üçün daha böyük tarixi missiyanı yerinə yetirmişdir. Tarixi varislik məslələrinə daima həssaslıqla yanaşan Prezident İlham Əliyev tarixi və siaysi baxımdan mühüm əhəmiyyət daşıyan 15 oktyabr 2021-ci il tarixində Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq etmişdir. Qanunda deyilir: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir”.
Beləliklə adıçəkilən qanunla tarixi hadisələrə bir daha düzgün siyasi qiymət və doğru farmirovka verilmişdir. Azərbaycanın müstəllik savaşının ən uca zirvəsi Azərbaycanın ərazi bütövlüyünün suverenliyinin tam bərpa edilməsidir ki, bunun da şəriksiz lideri Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bölgədə yaranmış yeni reallıqlar Azərbaycan xalqının tarixi torpaqları olan Qərbi Azərbaycan qayıdış üçün münbit şərait yaradır. Bu mənada məhz Heydər Əliyevin irəli sürdüyü tarixi varislik konsepsiyası bizim bu platformada perspektivlərimiz gücləndirən ən güclü amilə çevrilir. 1918-ci ildə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi biz tarixi torpaqlarımıza qayıtmaq hüququmuzu özümüzdə saxlayırıq. Azərbaycan xalqının buistəyini Prezident İlham Əliyev özünəməxsus formada dəyərləndirərək erməniləri yersiz yerə təşviş keçirməməyi tövsiyyə edərək deyir: “Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik!”. Tarixi yaradan və yaşadan Azərbaycan sevdalısı liderimiz bizi tarixi torpaqlarımıza qaytmağımıza nail olacağımız gün uzaqda deyil! Müstəqlliyimiz dönməz və əbədi olsun! Tanrı Azərbaycanı qorusun!
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə verdiyi açıqlamada deyib ki, bu gün varlığı və qüdrəti ilə qürur duyduğumuz Qalib Azərbaycan dövləti 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi sayılır. Xalq Cümhuriyyətinin tariximizdəki yerini həmişə yüksək dəyərləndirən və müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan xalqı tərəfindən yaradıldığını vurğulayan Ulu Öndər Heydər Əliyevin bu fikirləri həqiqətən də tarixi fikirlərdir: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır". Məhz buna görə də biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu gün bizim milli bayramımızdır.
Hazırkı Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi mirasına ləyaqətlə sahib çıxaraq Cümhuriyyətin rəmzlərini və ənənələrini yaşadır, Azərbaycanın müstəqilliyini qoruyub saxlayır və onu daha da möhkəmləndirir. Prezident İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi dəyərləndirərək bildirib: "Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur". Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən əsası qoyulmuş, lakin 70 illik bolşevik-sovet işğalı nəticəsində qarşısı alınmış ideyaları bu gün möhkəmləndirilir, qurucu babalarımızın bizə miras qoyub getdiyi dövlət göz bəbəyimiz kimi qorunur, inkişaf etdirilir. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Bu da Cümhuriyyət ənənələrinə ehtiramın göstəricisidir: “Dövlət qurmaq nə qədər çətindirsə, onu qoruyub ayaqda saxlamaq və gücləndirmək də bir o qədər məsuliyyətli və şərəfli işdir. Prezident İlham Əliyev bu gün məhz bu missiyanı uğurla həyata keçirir. Bu mənada qurucu babaların mirası olan Azərbaycan dövləti etibarlı əllərdədir. Bu gün Azərbaycan xalqı öz tarixinin ən parlaq və qürurlu mərhələlərindən birini yaşayır. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin əldə edilməsi, ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunması bu gün həqiqətən də güclü dövlətə sahib olmağımızın göstəricisidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Respublikası Birinci Respublikamızın - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Şuşada, Xankəndidə qaldırmaqla “Bir kərə yüksələn bayraq bir daha enməz” deyiminin gerçəkliyini əməli olaraq təsdiqlədi. İndi əziz şəhidlərimizin də ruhları şaddır. Çünki bu bayram artıq 4-cü ildir ki, işğaldan azad edilmiş torpaqlarımızda da qürurla qeyd olunur. Biz Müstəqillik Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik.
Bu mənada indi tam əminliklə deyə bilərik ki, Cümhuriyyət ənənələri müasir Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilir. Bu gün beynəlxalq siyasətdə özünəməxsus yeri və rolu olan Azərbaycan Respublikası varislik missiyasının öhdəsindən layiqincə gəlir, Azərbaycan Xalq Cümhuriyyətinin azadlıq və müstəqillik ideallarını inamla yaşatmaqda davam edir. Müstəqil və qalib dövlətimiz bütün sahələrdə böyük uğurlar qazanır. İndi hər birimiz böyük quruculuq dövrünə şahidlik edirik. Dövlətimiz hər an ayaqdadır, “Böyük Qayıdış” Proqramı uğurla həyata keçirilir, keçmiş məcburi köçkün soydaşlarımız 30 illik həsrətə son qoyub azad Qarabağa, Şərqi Zəngəzura qayıdırlar. Bəli, bu, böyük xoşbəxtlikdir. Biz dövlətimizə əbədi müstəqillik, xalqımıza isə həmişə həmrəylikdən doğan böyük uğurlar arzulayırıq. Müstəqillik Günümüz mübarək olsun! Yaşasın Qalib Azərbaycan!”.

Cavid