• 23 İyun 2024
logo
Diaspor və lobbi təsisatları geosiyasi alət kimi

Diaspor və lobbi təsisatları geosiyasi alət kimi

II yazı

Dəyərli oxucular, “Xalq cəbhəsi” qəzetinin ötən sayında klassik və müasir geosiyasi nəzəriyyələrin əsas prinsiplərindən söz açmışdım. Bugünkü yazım isə ən qədim geosiyasi təzyiq alətlərindən biri olan lobbi və diaspor qurumlarına, onların geosiyasi proseslərdəki roluna həsr olunub.
Diaspor və lobbi sözləri dilimizə dövlət müstəqilliyimizin bərpasından sonra daxil olub. Doğrudur, SSRİ-nin tarixin arxivinə doğru sürətlə addımladığı zaman kəsiyində də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla Azərbaycan arasında körpü yaratmağa çalışan cəmiyyətlər fəaliyyət göstərirdi. Lakin bu cəmiyyətlərin fəaliyyəti əsasən kiçik miqyaslı mədəni tədbirlərin təşkili ilə məhdudlaşır, siyasi və geosiyasi anlam kəsb etmirdi. Diaspor anlayışı Azərbaycanda çağdaş geosiyasi proseslərin mühüm aktorlarından biri kimi 1991-ci il dekabrın 16-da, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan ümumilli lider Heydər Əliyev tərəfindən dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunduqdan sonra təşəkkül tapmağa başladı.
Qeyd etdiyim kimi, müasir dünyada diaspor qurumları və lobbiçiliklə məşğul olan təşkilatlar, konsaltinq şirkətləri, ayrı-ayrı nüfuzlu şəxslər nəinki konkret ölkə və yaxud regional, eləcə də qlobal beynəlxalq təşkilatlar daxilində qəbul olunan iqtisadi-siyasi qərarlara, hətta qlobal geosiyasi əhəmiyyət daşıyan proseslərə təsir etmək gücünə malikdirlər.
Qüds Universitetinin araşdırmalarına görə, dünyanın ən böyük diasporu sayı 35 milyon nəfərdən çox olan Çin diasporudur. 2-ci yerdə 9 milyonluq hind, 3-cü yerdə isə 8 milyonluq yəhudi diasporu dayanır.
“Dünya siyasətində diaspor amili” adlı məşhur elmi-tədqiqat işinin müəllifi professor Qabriel Şefferə görə, diasporlar formalaşma və fəaliyyət istiqamətlərinə görə 7 qrupa bölünürlər.
1-ci qrupa dərin tarixi kökləri olan diasporlar aiddir. Şeffer bu qrupa əsasən yəhudi və çin diasporlarını aid edir. Amma nəzərə alsaq ki, dünyanın bir çox ölkələrində, xüsusilə də qonşu dövlətlərin ərazisinə daxil olan tarixi vətənlərində kompakt yaşayan azərbaycanlıların sayı nəinki hind və yəhudi, hətta çin diasporunun sayından da çoxdur, o zaman bu bölgünün bir qədər ədalətsiz olduğunu, yaxud aparılan araşdırmanın klassik nəzəriyyələrə uyğun olaraq gerçəkləşdirildiyini söyləmək olar.
Şefferin bölgüsünə görə, 2-ci qrupa daxil olan diasporlar “yatmış, yaxud hərəkətsiz, fəaliyyət göstərməyən diasporlardır. Yəni Avropa və Asiyadakı amerikalılar, Amerikadakı skandinavlar və sairə...
3-cü qrup isə türklər, yunanlar və polşalıların daxil edildiyi gənc diasporlar adlanır.
4-cü qrup formalaşmaqda olan, 5-ci qrup “evsiz” - yəni öz dövləti olmayan etnik qrupların təşkil etdiyi diasporlar, 6-cı qrup etnomilli – yəni arxasında öz dövlətinin gücünü hiss edən, 7 qrup isə dağınıq, yaxud səpələnmiş diasporlardır.
Təbii ki, müasir dövrdə mövcud olan diaspor qruplaşmaları ilə bağlı diqqətinizə çatdırdığım bölgüdən müəyyən qədər fərqlənən yanaşmalar da var.
Bəzi tədqiqatçılar diasporların ümumi tarix və tale, hüquqi status, formalaşma prosesi, köç, yaxud miqrasiyanın səbəbləri, bu və ya digər ərazidə məskunlaşmaya zəmin yaradan amillər, ortaq dil, mədəniyyət və digər faktorlara görə qruplaşdırılmasına üstünlük verirlər.
Lakin müasir dünyada baş verən proseslərin intensivliyi, informasiya, kommunikasiya texnologiyalarının inkişafı, enerji resursları və digər təbii ehtiyatlar üzərində nəzarət uğrunda aparılan geosiyasi mübarizə diaspor qurumlarının formalaşması prosesində əsas götürülən amilləri arxa plana keçirir. Və təbii ki, diaspor qurumlarının mütəşəkkilliyi, onların bu və ya digər dövlətin iqtisadi-siyasi həyatındakı rolu, təsir imkanları, geosiyasi maraqlar uğrunda aparılan mübarizədə qlobal və regional güc mərkəzləri üçün nə qədər yararlı olub-olmadıqları ön plana çıxır.
Qlobal iqtisadi və siyasi proseslərdə diaspor təşkilatlarının dominant rol almağının səbəblərindən biri də geosiyasi proseslərin bu və ya digər etnosun, xalqın, etnik qrupun, eləcə də diaspor təşkilatları qrupunun maraq dairəsinə və təsir imkanlarına malik olduğu ərazilərdə daha aktiv şəkildə cərəyan etməsidir.
Təbii ki, bu bağlamda istifadəyə yararlı və istifadə olunmağa meylli diasporlardan biri və bəlkə də birincisi erməni diasporu sayıla bilər.
Sirr deyil ki, Qriqoryan kilsəsi və daşnaksyutun kimi ultramillətçi təşkilatlar tərəfindən ermənilərin bir araya gətirilməsi, Ermənistanın yerləşdiyi region dövlətlərinə qarşı əsassız ərazi iddiaları irəlü sürməsi üçün ideoloji əsas kimi uydurulan qondarma soyqırımı amilindən həm də geosiyasi proseslərdə təzyiq vasitəsi kimi istifadə olunur. Qondarma erməni soyqırımı amili, eyni zamanda erməni diaspor təşkilatları, erməni lobbisi və bu amildən istər daxili, istərsə də xarici siyasətdə istifadə edən siyasətçilər üçün biznes vasitəsidir.
Avropada güclənməkdə olan türk diasporunun fəaliyyətinin məhdudlaşdırılması, uzlaşma tələb edən regional məsələlərdə güzəştlərin əldə olunması üçün qondarma erməni soyqırımı amilindən necə istifadə olunduğunu sübuta yetirməyə, zənnimcə ehtiyac yoxdur. Yaxın tarixdə, gözümüzün önündə baş verən bu hadisələr geosiyasi proseslərdə diaspor amilindən istifadənin bariz nümunəsi kimi qəbul oluna bilər.
Bununla yanaşı bir məqama da toxunmağı vacib hesab edirəm. Erməni diaspor təşkilatları və erməni lobbisi bir-biri ilə əlaqədə fəaliyyət göstərən, ortaq korporativ maraqlardan çıxış edən azsaylı siyasi-iqtisadi təzyiq vasitələrindən biridir. Burada diaspor və lobbi iç-içədir və yeri gələndə bir-birini əvəz edir. Yəni ehtiyac duyulduqda diaspor lobbi, lobbi isə diaspor funksiyasını yerinə yetirir və yaxud əksinə...
Müasir dövrdə lobbiçilik fəaliyyəti ilə məşğul olan peşəkar konsaltinq şirkətlərinin, beyin mərkəzlərinin iştirakı olmadan ciddi siyasi qərarların qəbul edilməsi və həyata keçirilməsi kifayət qədər çətindir.
Amma lobbiçilik konkret qrupun maraqlarının təmin olunması üçün istiqamətləndirici, yönləndirici fəaliyyətlə məhdudlaşmır.
Hazırda dünyada lobbiçiliyin mahiyyətinin anlaşılması və müəyyənləşdirilməsi ilə bağlı 2 əsas yanaşma mövcuddur.
Bunlardan birincisi lobbiçiliyə bu fəaliyyətlə məşğul olan subyektlərin bu və ya digər qərarın qəbul edilməsi üçün yerli və dövlət qurumlarına, daha geniş miqyasda isə beynəlxalq təşkilatlara təsir etmək imkanı çərçivəsindən yanaşmağı məqbul hesab edir.
Digər yanaşmanın tərəfdarları isə lobbiçiliyə qanunvericilik, məhkəmə və icra orqanlarında qarşılıqlı maraq əsasında fiziki və hüquqi şəxslərin mənafeyinin təmin edilməsi istiqamətində həyata keçirilən peşəkar fəaliyyət kimi yanaşırlar.
Əslində hər iki yanaşma doğrudur. Amma təcrübədə birincilərin, yəni təşkilatlanmış və vahid mərkəzdən idarə olunan təzyiq qruplarının fəaliyyəti müasir lobbiçiliyin mahiyyətini daha qabarıq və daha dəqiq şəkildə ifadə edir.
Bütövlükdə lobbiçiliyin həm neqativ, həm də pozitiv tərəfləri var. Hər şey bu, fəaliyyətin necə və kimlər tərəfindən həyata keçirilməsindən, təzyiq qruplarının hədəflərindən, lobbi institutlarının cəmiyyətə nə dərəcədə açıq olmalarından asılıdır. Lobbiçiliyə pozitiv münasibət bəsləyənlər onu “yumşaq güc”, neqativ münasibət bəsləyənlər isə iqtisadiyyatın və ənənəvi beynəlxalq münasibətlər sisteminin, beynəlxalq hüququn qatili kimi qiymətləndirilər.
Lobbiçiliyi geosiyasi müstəvidə dəyərləndirəndə şübhəsiz ki, ona beynəlxalq və xarici lobbizm anlayışları müstəvisindən yanaşmaq lazım gəlir.
Beynəlxalq lobbiçilik anlayışı bu və ya digər dövlətin, yaxud transmilli korparasiyanın maraqlarının hökumətlərarası, eləcə də regional və qlobal beynəlxalq təşkilatlarda təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyəti nəzərdə tutur.
Xarici lobbiçilik isə hər hansı bir ölkənin, yaxud transmilli korparasiyanın maraqlarının konkret bir dövlətin ərazisində təmsil olunmasıdır. Başqa sözlə desək, xarici lobbiçilik istər siyasi, istərsə iqtisadi anlamda başqa bir dövlətin, transmilli şirkətin nüfuz müvəkkili funksiyasının yerinə yetirilməsidir.
Beynəlxalq lobbiçilik fəaliyyəti beynəlxalq müqavilələrin, hökumətlərarası sazişlərin imzalanması, beynəlxalq təşkilatlarda qərarların qəbul edilməsi zamanı maraqların uzlaşdırılması prosesinə paralel olaraq həyata keçirilir. Bu baxımdan, beynəlxalq lobbiçiliyi beynəlxalq mübahisə və münaqişələrin tənzimlənməsi zamanı istifadə olunan hüquqi mexanizmlərlə əlaqələndirmək tamamilə yanlış olardı. Beynəlxalq lobbizmi diplomatiya ilə əlaqələndirmək də doğru deyil. Diplomatlar konkret şəxslərin və dövlətlərin maraqlarının lobbiçiliyi ilə məşğul olmurlar. Hərçənd ki, təcrübədə belə hallara da rast gəlinir. Amma bu halda həmin diplomatların fəaliyyəti vətənə xəyanət və yaxud korrupsiya əməli kimi qiymətləndirlir.
Beynəlxalq lobbizm rəsmi hüquqi statusa malik deyil, o, transhökumət şəbəkələri vasitəsilə inkişaf edir. Belə şəbəkələr isə şəxsi münasibətlər və maraqlar müstəvisində formalaşır. Müasir dövrdə transhökumət şəbəkələri beynəlxalq əməkdaşlığın əhəmiyyətli hissəsini təşkil edirlər. Onlar bu və ya digər beynəlxalq və yaxud korporativ idarəçilik sistemləri ilə əlaqədə olsalar da, müstəqil şəkildə hərəkət edir, fəaliyyətlərində milli qanunvericiliyin tələblərini demək olar ki, nəzərə almırlar.
Qeyd edim ki, beynəlxalq lobbizmin subyekti kimi təkcə transmilli korparasiyalar deyil, milli dövlətlər və peşəkar oyunçular da çıxış edirlər. Daha doğrusu peşəkar lobbiçilər və onların təşkilatları maraqlarını ifadə etdikləri qrup, mərkəz və yaxud hakimiyyət təmsilçiləri, yəni lobbizmin subyektləri ilə lobbizmin obyektləri - qərar qəbul edən tərəflər arasında vasitəçilik missiyasını həyata keçirirlər. Bu gün qlobal miqyasda belə vasitəçilik missiyasını gerçəkləşdirən peşəkar lobbiçilərın sırasında “Omnikum” qrupun tərkibində fəaliyyət göstərən “Keçum”, “Flaişmən hillar”, “Bursin Marsteller”, “Şendvek” və digərlərini nümunə gətirmək olar.
Diaspor və lobbiçiliyin geosiyasi proseslərdəki rolu və əhəmiyyəti barədə bir yazı çərçivəsində məlumat vermək, bu mühüm geosiyasi aktorların çoxşahəli fəaliyyət istiqamətlərini şərh etmək, şübhəsiz ki, mümkün deyil. Çünki bəzən iç-içə olan bu 2 önəmli geosiyasi oyunçunun varlığı daxili və beynəlxalq geosiyasi, geoiqtisadi proseslərin hər addımında nəzərə çarpır. Lobbizmin əhatə dairəsi, fəaliyyət istiqamətləri, etnosiyasi, etnomədəni və etnokonfessional amillərə söykənən şəbəkələşmə mexanizmləri kifayət qədər genişdir.
Reallıq isə ondan ibarətdir ki, müasir dünyada baş verən heç bir prosesi lobbizm və diaspora anlayışlarından kənarda təsəvvür etmək mümkün deyil. Dünya durduqca maraqlar da olacaq və təbii ki, bu maraqlar ətrafında birləşmələr də...
Güclülər bu maraqların daşıyıcısı kimi proseslərin içində və mümkün olduğu qədər ön cərgələrdə yer almağa çalışacaq, zəiflər isə kütləvi səhnələrin iştirakçısı, yaxud müşahidəçi funksiyasını yerinə yetirməklə kifayətlənəcəklər.

Elçin Mirzəbəyli