• 18 May 2024
logo
Fikir ADA-sından son mesaj

Fikir ADA-sından son mesaj

ADA Universitetində Prezident İlham Əliyevin və dünya beyin mərkəzləri nümayəndələrinin iştirakı ilə beynəlxalq forumların keçirilməsi, dövlətimizin başçısının ölkədə, regionda və dünyada cərəyan edən proseslərlə bağlı sualları ətraflı şəkildə cavablandırması artıq ənənə halını alıb. Bu baxımdan, ADA Universitetinin qısa zaman çərçivəsində dünyanın önəmli fikir platformalarından birinə çevrildiyini söyləmək mümkündür. ADA Universiteti təkcə təhsil ocağı kimi yox, həm də FİKİR ADA-sı kimi önəmli bir missiyanı uğurla həyata keçirir. Bu missiyanın nə qədər uğurlu və faydalı olduğunu isə, qənaətimə görə, aprelin 23-də Universitetdə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” keçirilən mövzusunda beynəlxalq forumda səsləndirilən fikirlər də sübuta yetirir.
Prezident İlham Əliyevin çoxsaylı suallara cavablarında yer alan, uzaq və yaxın tarixi gerçəklikləri, bu günümüzün geosiyasi mənzərəsini və ilk növbədə Cənubi Qafqazın gələcəyi ilə bağlı reallıqları əks etdirən məqamlar isə dünyanın aparıcı beyin mərkəzlərinin analitiklərinin təhlil və proqnozları üçün mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısının daha əvvəl keçirilən forumlarda səsləndirdiyi fikirlərin uzun müddət qlobal əhəmiyyətli araşdırmaların istinad mənbəyinə çevrildiyinin artıq şahidiyik. Onun analitiklərin suallarına cavabları kifayət qədər çoxşaxəli və əhatəli olduğu üçün diqqəti daha çox Azərbaycan Prezidentinin azərbaycanlıların toplumsal dünyagörüşü ilə bağlı fikirlərinə yönəltmək istəyirəm. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, azərbaycanlılar özlərini həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirlər. Sitat: “Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın – Avropa və İslam sivilizasiyalarının dəyərlərini böyük dərəcədə qəbul edib”. Düşünürəm ki, Prezidentin fikirlərindən gətirdiyim iqtibasda yer alan “böyük dərəcədə” ifadəsi, əslində Azərbaycan xalqının daşyıcısı olduğu dəyərlərə və cəmiyyətimizin toplumsal dünyagörüşünə olan münasibətdə bir çox məqamların gün işığına çıxmasına zəmin yaradır. Bu o deməkdir ki, Azərbaycan cəmiyyətinin regionda və dünyada cərəyan edən geosiyasi proseslərərə, bu proseslərdən qaynaqlanan etnososial və etnomədəni qütbləşmələrə, fitrətində xalqımıza məxsus yüksək dəyərlərin assimilyasiya edilməsinə yönəlmiş informasiya yükü daşıyan ideologi təbliğat-təxribat elementlərinə ayıq-sayıq və kifayət qədər aydın yanaşması var. Biz, hər iki sivilizasiyanın təbii və insan fitrətinə yad olmayan, humanizmi, elmi, tərəqqini, inkişafı, mədəni müxtəlifliyin qorunmasını, fərqliliklərin harmoniyasını təşviq edən dəyərlərini öz milli qavrama süzgəcimizdən keçirirək qəbul edirik, bizə yad olanlarını isə “yad cism” kimi özümüzdən kənarlaşdırırıq.
Biz, kütləvi siyasi səhnələrdə, sadəcə, fon yarada biləcək oyunçu kimi görüntü yaratmaqdan çoxdan imtina etmişik və təhlükəsizliyimizi, milli identikliyimizi, yalnız öz milli maraqlarımıza söykənən bərabərhüquqlu münasibətlər müstəvisindən inkişaf etdirmək yolunu seçmişik. Azərbaycanın müstəqil siyasətinin təməlində müstəqil seçim imkanının əsas amil, dövlət siyasətinin ana xətti kimi daim qorunub saxlanılması və geosiyasi reallıqlara uyğun olaraq, dəqiq və çevik bir şəkildə, manipulyasiyalara yol verilmədən reallaşdırılması dayanır. Bu siyasət Azərbaycanı regional və qlobal proseslərin ən fəal və nüfuzlu aktorlarından birinə çevrilməsinə zəmin yaradıb, ərazi bütövlüyümüzün təmin olunmasında, suverenliyimizin bərpa edilməsində müstəsna rol oynayıb, müttəfiqlərini və tərəfdaşlarını öz strateji maraqlarına uyğun bir şəkildə seçməsinə və seçimində uğur qazanmasına imkan verib.
Yəni biz, daha öncə də qeyd etdiyim kimi, “kütləvi səhnələr”də, təlimatlardan, buyruqlardan ibarət “saziş”lərdə yer almırıq, bərabərhüquqlu strateji tərəfdaş kimi çıxış edir, milli qürurumuzu, vətəndaşlarımızın və dövlətimizin ləyaqətini qoruyur, milli dövlətçilik ənənələrimizi, dəyərlərimizi dövlət siyasətimizin bütün istiqamətlərinə daşımağı bacarırıq.
Lakin, təəssüf ki, sürətlə dəyişməkdə olan geosiyasi reallıqlar müstəvisində, bəşər tarixinin dərslərindən nəticə çıxarmayaraq neomüstəmləkəçi dünyagörüşündən qopa bilməyənlər, öz milli identikliklərini, mədəniyyətlərini imperializmin ayaqları altına atmaq istəməyən, müstəqil və ləyaqətli siyasət yürüdən, milli maraqlardan çıxış edən milli dövlətlərin öz inkişaf platformaları üzərindən yüksəlişlərinə tab gətirməyi də bacarmırlar.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycana qarşı əsassız hücumların, ölkəmiz əleyhinə soyuq müharibə aparmaq cəhdlərinin təməlində də, məhz bu amillər dayanır.
Ermənistanla sülh prosesinə münasibətdə də, dövlətimizin mövqeyi kifayət qədər aydındır. Əgər üçüncü tərəflərin geosiyasi iddialardan qaynaqlanan müdaxilələri, beynəlxalq ictimai rəyi çaşdırmaq niyyətləri tamamilə aradan qalxarsa, o zaman qısa müddət ərzində, təkcə Cənuybi Qafqazın deyil, daha geniş subregionun təhlükəsizliyinə zəmin yarada biləcək nəticələrin əldə edilməsinin şahidi ola bilərik. Bu baxımdan, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tamamilə real görünür.
Əks təqdirdə, prosesə müxtəlif yollarla müdaxilə etməyə çalışanlar, revanşçı meylləri stimullaşdıranlar qarşılarında Azərbaycan dövlətinin sarsılmaz, prinsipial mövqeyini, Azərbaycan xalqının milli iradəsini görəcəklər. Yəni Fransa, Hindistan və Yunanıstan kimi ölkələrin Ermənistanı Azərbaycana qarşı silahlandırması da, sonunda heç bir nəticə verməyəcək və Azərbaycanın, dövlətimizin başçısının bəyan etdiyi kimi oturub gözləmək kimi bir niyyəti də yoxdur. Azərbaycan, Cənubi Qafqazın ən güclü ölkəsi kimi, bölgədə cərəyan edən proseslərin quruluşçusudur, müşahidəçisi deyil. Bu o deməkdir ki, dəyərləndirmələri də milli maraqlarımıza, təhlükəsizliyimizə, baxış bucağımıza uyğun bir şəkildə aparırıq.
Bunla bağlı Prezident İlham Əliyev son mesajını da verdi: Ciddi təhdid görsək, ciddi tədbirlər həyata keçirəcəyik!
Və hər kəs nəticə çıxarsın!

Elçin Mirzəbəyli