• 23 Sentyabr 2020
logo
Prezidentə təşəkkür məktubları gəlməkdə davam edir: “Sizin müdrik qərarlarınızla bu bəladan minimum zərərlə qurtulacağıq”

Prezidentə təşəkkür məktubları gəlməkdə davam edir: “Sizin müdrik qərarlarınızla bu bəladan minimum zərərlə qurtulacağıq”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə ölkənin bütün guşələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

APA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Salyan rayonunun Qarabağlı kəndinin sakinləri adından Vüqar Mürsəlov, Sərxan Muradov, Zahir Abbasov dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə ölkə başçısına təşəkkür edərək, yazırlar: “Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Bəli, bu, lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun”.

Lənkəran rayon sakini Nurlan İbadov yazır ki, Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyünüz işlərin miqyası çox böyükdür və bu işlər xalqımız, o cümlədən lənkəranlılar tərəfindən minnətdarlıqla qarşılanır: “Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bir vətəndaş olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Biz həmişə Sizinləyik. Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm”.

Bak şəhər sakini Samir Abdullayev yazır: “Hörmətli cənab Prezident.

Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. “Yeni klinika” tibb müəssisəsinin koronavirusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilməsi, tibbi maska istehsalı müəssisəsinin açılışı Sizin xalqın yanında olmağınızın, daim vətəndaşları düşünməyinizin daha bir sübutudur. Biz də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik. Allah Sizi Azərbaycan xalqına çox görməsin”.

Ağdam rayon Quzanlı qəsəbəsi sakini Hacıağa Hacıyev məktubunda ölkədə koronavirusa qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edildiyini vurğulayıb: “Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə çox yüksək səviyyədə təşkil edilib. Statistik göstəricilərə əsasən söyləmək olar ki, dövlət tərəfindən qəbul edilən mükəmməl qərarlar müsbət nəticə verəcəkdir.

Açılışında iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsini pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, başda Siz olmaqla Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürən bütün şirkətlərə və insanlara minnətdarlığımı bildirirəm.

İnsanların sağlamlığının qorunması məqsədilə bir çox sahələrdə işçilərin evdən işləmələrinə şərait yaradılıb. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürüldü, hətta işə gəlməyən işçilərin əməkhaqları saxlanıldı.

Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Bu gün dövlətin insanlardan ən böyük tələbi evdə qalmaqdır və yaradılan şəraitdə bu, heç də çətin bir iş deyil. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük!”