• 26 Aprel 2024
logo
Azərbaycanda yeni informasiya mühiti formalaşıb

Azərbaycanda yeni informasiya mühiti formalaşıb

18 İyun – İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək ölkəmizdə “İnsan hüquqları aylığı” elan olunub. Aylıq çərçivəsində iyunun 8-də Ədliyyə Nazirliyi tərəfindən ombudsmanın və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə Yasamal Rayon Məhkəməsinin inzibati binasında “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, Məhkəmə-Hüquq Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mediasiya Şurasının, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının rəhbər şəxsləri, məhkəmə sədrləri və məhkəmələrdə media ilə əlaqələrə məsul spiker-hakimlər, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti və media mənsubları iştirak ediblər.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova dəyirmi masada çıxış edərək insan hüquq və azadlıqlarının qorunmasının dövlətimizin ali məqsədi olduğunu bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də imzaladığı Sərəncamla təsdiq olunmuş Dövlət Proqramı bu sahədə ilk fundamental sənəddir. Ölkəmizdə bu sahədə mühüm qanunvericilik və institusional islahatlar aparılıb, müasir müstəqil məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılıb, vətəndaş cəmiyyətinin, medianın fəaliyyəti genişlənib.
Aynur Sabitova diqqətə çatdırıb ki, Dövlət Proqramının fəlsəfəsi sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilib. Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planlarının qəbul olunması hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasına mühüm töhfə verib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxışında bəzən mediada insan hüquqlarının pozulması hallarına rast gəlindiyini bildirib. Diqqətə çatdırıb ki, bəzi hallarda mediada azyaşlıların adlarının və fotolarının təqdim olunması ilə uşaqların hüquqları pozulur. A.Səfixanlı, həmçinin cinsi ayrı-seçkilik hallarına da rast gəlindiyini vurğulayaraq, belə hallara yol verən şəxslər barəsində müvafiq tədbirlərin görüldüyünü deyib.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli son zamanlar Ədliyyə Nazirliyi ilə media nümayəndələri arasında sıx təmas yaranmasını təqdirəlayiq hal kimi qiymətləndirib. O qeyd edib ki, hazırda Azərbaycanda yeni informasiya mühiti formalaşıb. O bildirib ki bu il fevralın 8 də "Media haqqında" qanun qüvvəyə minib ki, bunun 5-ci bəndi media azadlığını ehtiva edir.
"Qanunun 6-cı maddəsi isə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən ona hər hansı maneənin yaradılmasını qadağan edir. Biz bu istiqamətdə müxtəlif tövsiyələr hazırlayaraq redaksiyalara göndərmişik. Demək olar ki, bütün ciddi, ictimai-siyasi məzmunlu xəbər saytlarında, agentliklərində bu sənəd yerləşdirilib və peşə davranış qaydalarına əməl edirlər. Bu o deməkdir ki, mediamız peşə etikasına əməl edir.
Düşünürəm ki, ictimai əhəmiyyətli məlumat və ictimaiyyət üçün maraqlı olan informasiya fərqli anlayışlardır", - şöbə müdiri deyib.
Natiq Məmmədli bildirib ki, dünyada beynəlxalq hüquq kimi insan hüquqları da böhran keçirir: "Azərbaycan kimi ölkələrə münasibətdə insan hüquqlarından təzyiq aləti kimi istifadə edilir. Müəyyən siyahılar hazırlanır və azadlıq indeksi formalaşdırırlar. Bu siyahılar anonim ekspertlər tərəfindən hazırlanır ki, biz də bunun tərəfdarı deyilik. Biz insan hüquqlarını siyasi fürsətə çevirənlərə qarşıyıq və bu prinsipial mövqeyimiz davam edəcək. Bu bizim üçün dəyərdir, insan hüquqları qorunmalıdır. Jurnalistikamız da insan hüquqlarının düzgün və geniş təbliğatı sahəsində öz töhfəsini verəcək".
Natiq Məmmədli qeyd edib ki, Azərbaycanda media etikası üçün hüquqi məsuliyyət nəzərdə tutulmayıb: "Media sahəsində nüfuzunu itirmiş media orqanı artıq fəaliyyət göstərə bilmir. Uzun müddət reket jurnalistlərinin siyahısı tutulurdu. O siyahıya düşən jurnalistlərdən qurumlar çəkinirdi. Amma artıq bu cür hallar yoxdur. Media reyestrinin yaranmasına sayılı günlər qalıb
Artıq bu reyestr yarandıqdan sonra oraya daxil olan media subyektlərinin fəaliyyəti, mühiti daha da sağlamlaşacaq. Qurumlarla media arasında əməkdaşlıq vacibdir. Medianın İnkişafı Agentliyi tərəfindən hər ay müxtəlif qurumlarla təlimlərimiz olur və jurnalistlər bu təlimlərdə təkmilləşdikcə hər şey daha da yaxşı olacaq",- Natiq Məmmədli deyib.
Digər çıxış edənlər demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycanda bu sahədə görülən ardıcıl və məqsədyönlü tədbirlərdən danışıblar.
Dəyirmi masada əsas vəzifəsi insan hüquqlarının təmin edilməsi olan məhkəmə hakimiyyətinin və hüquq-mühafizə orqanlarının fəaliyyətinə ictimai marağın böyük olduğu vurğulanıb. Media ilə əməkdaşlığın genişləndirilməsi, media tərəfindən məhkəmə prosesinə müdaxilə etmədən fəaliyyətin obyektiv və qərəzsiz işıqlandırılması, əhalinin mütəmadi dolğun məlumatlandırılması məsələləri müzakirə olunub, təkliflər səsləndirilib.
Tədbir müzakirələrlə davam edib.