• 5 May 2024
logo
Əliyevlə Japarov Ağdamda... - Foto

Əliyevlə Japarov Ağdamda... - Foto

12:04

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.

Baymedia.az xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verildi.

Bildirildi ki, bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirib, şəhəri yerlə-yeksan ediblər. Buna görə Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.

Məlumat verildi ki, Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Müasir şəhərsalma həlləri əsas götürülməklə yeni şəhər inşa olunur. Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə “Agdam City Hotel” və “Hilton Garden Inn” layihələri icra edilir. Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək. Ərazidə dağıntılar olduğu kimi saxlanılacaq. Muzey erməni vandallığının və işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyini çatdıracaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək.

Həmçinin qeyd olundu ki, şəhərin mərkəzi hissəsində 960 yerlik ümumtəhsil məktəbi də tikiləcək. Muğam Mərkəzi isə birmərtəbəli və ikimərtəbəli bloklardan ibarət olacaq.

Bildirildi ki, şəhərdə salınacaq Mərkəzi park üçün 5 hektar ərazi ayrılıb. Parkın ərazisi 4 zonaya bölünüb və insanların asudə vaxtlarının səmərəli keçirmələri üçün lazımi şərait yaradılacaq.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.

Mədəniyyət naziri Adil Kərimli görülən işlər barədə dövlət başçılarına məlumat verdi.

Bildirildi ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Kompleksin ərazisinə tarixi abidələr, Pənahəli xanın iqamətgahı, qonaq evi, Mehdiqulu xanın məqbərəsi, Xanoğlan məqbərəsi, İbrahim xanın məqbərəsi, Pənahəli xanın məqbərəsi, Xurşidbanu Natəvanın abidəsi və qəbiristanlıq daxildir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı erməni vəhşiliyinin canlı şahididir. Ağdam şəhəri işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, bu kompleksin bərpası işlərinə başlanılıb. Həmçinin 2022-ci il oktyabrın 4-də XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin bərpadan sonra açılışı olub.

İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Sonra dövlət başçıları Qarabağ atlarına baxdılar.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə etdi.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

***

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.

***

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.