• 18 May 2024
logo
MEDİA ADA-da “Böhran kommunikasiyası” mövzusunda təlim keçirib

MEDİA ADA-da “Böhran kommunikasiyası” mövzusunda təlim keçirib

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin rəhbərləri üçün silsilə təlimlər çərçivəsində növbəti “Böhran kommunikasiyası” mövzusunda təlim keçirilib.

APA xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, media nümayəndələri ilə dövlət orqan və qurumları arasında düzgün və effektiv kommunikasiya mexanizminin qurulması cəmiyyətin ilkin mənbədən informasiya ilə təmin edilməsi baxımından olduqca önəmlidir.

O vurğulayıb ki, böhran kommunikasiyası dövründə media ilə qarşılıqlı səmərəli işin və əlaqələrin təşkili, müxtəlif səviyyələrdəki media mesajlarının operativ hazırlanması və ictimaiyyətə ötürülməsi peşəkar və müasir tendensiyalara əsaslanan yanaşma tələb etdiyindən bu kimi təlimlərin davamlı olaraq keçilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi mühüm əhəmiyyət daşıyır.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə diqqətə çatdırıb ki, belə peşəkar təlimlərin baş tutması PR mütəxəssislərinin media ilə qarşılıqlı əməkdaşlığının inkişafına, genişləndirilməsinə və sözügedən sahədə ünsiyyətin dinamikliyini artırmağa böyük töhfə verəcəkdir.

Təlim zamanı Media və ictimaiyyətlə əlaqələr üzrə dünyanın aparıcı kommunikasiya ekspertlərindən və uğurlu mentorlarından biri, “High Park Communications” media şirkətinin təsisçisi və direktoru Kolin Gibson “Böhranın müəyyən edilməsi”, “Böhran zamanı planlaşdırma”, “Böhran zamanı medianın idarə edilməsi və müxtəlif tərəflərlə düzgün kommunikasiya strategiyası”, “Böhran zamanı sosial medianın rolu”, “Ssenari planlaşdırılması”, “Ssenari üzrə fəaliyyət”, “Nəticələr üzrə müzakirə” adlı sessiyalarda çıxış edərək kommunikasiya mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparıb. Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

Qeyd edək ki, iki gün davam edəcək təlimin keçilməsində məqsəd dövlət orqan və qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.