• 4 İyun 2023
logo
Sosial media məsuliyyətsizliyi

Sosial media məsuliyyətsizliyi

Problemin həll yolları varmı?

Xəzərdə vulkan püskürməsindən sonra sosial şəbəkələrdə müxtəlif əsası olmayan fikirlərin yayımlandı və təəssüf ki, həqiqət kimi qəbul edildi. Bu da sosial mediada tənzimlənmə məsələsini yenidən gündəmə gətirdi. Xatırladaq ki, bu istiqamətdə zaman-zaman müzakirələr aparılıb və müxtəlif ziddiyyətli fikirlər səsləndirilib. Amma bəllidir ki, bu həddindən artıq çətin prosesdir və bu istiqamətdə birmənalı fkir yoxdur. Bu istiqamətdə hansı addımlar atılmalıdır? Ekspertlər nə düşünürlər?

Vüqar Zifəroğlu: “Sosial media manipulyasiyaya açıqdır və bu səbəbdən də bilgi çirkliliyinə rast gəlmək olur”

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu: -Sosial media platforması azadd və sərbəstdir. Amma bu, sosial media alətlərindən istifadə edən hər hansı bir şəxsi məsuliyyətdən azad etmir. Burada sosial məsuliyyətlə yanaşı hüquqi məsuliyyət də var. Sosial media azaddır deyib, kiminsə kimisə təhqir etmək, təxribata yol vermək, cəmiyyəti çaşdırmaq hüququ yoxdur. Bu problemlər hüquq müstəvisində həll olunur. Burada şəxsin dünyagörüşündən, vicdanınından, məsuliyyət hissindən, etik dəyərlərə nə dərəcədə riayət etməsindən çox şey asılıdır.
Nəzərinizə çatdırım ki, Jurnalistikanın ən vacib qaydası təsdiq edilmiş xəbəri paylaşmaqdır. Bu həm də peşə etikasının tələbidir. Əgər hər hansı bir informasiya yayılırsa və bunun ictimai əhəmiyyəti varsa, jurnalist ilk növbədə rəsmi mənbə ilə xəbəri dəqiqləşdirdikdən sonra cəmiyyətə çatdırmalıdır. Dəqiqlik, yoxsa operativlik dilemması qarşısında peşəkar jurnalistin üstünlük verdiyi məqam məhz birincidir - dəqiqlik! Professional mediada iş prinsipi bu cürdür. Lakin təəssüf ki, sosial mediaya bunu şamil etmək olmur.
Sosial media manipulyasiyaya açıqdır və bu səbəbdən də bilgi çirkliliyinə rast gəlmək olur.

Məşhur "niguş texnologiyası" iş başında

Təəssüf ki, dünən Xəzər dənizində palçıq vulkanın püskürməsi ilə bağlı yayılan "xəbərlər" də bunu bir daha göstərdi. Məşhur "niguş texnologiyası" yenə də müxtəlif dezinformasiyaların sürətlə yayılmasına səbəb oldu. Bu isə baş verən hadisənin sırf təbiət hadisəsi olmasından xəbərsiz insanlarımızı narahat etdi, nigaran qoydu. Düşünün, o qazma yataqlarında çalışanların yaxınlarının, əzizlərinin durumunu..
Əslində bunun da bir sıra səbəbləri var ki, daha önəmli olan ikisini burada qeyd etmək mütləq lazımdır.
İlk səbəb sosial məsuliyyətlə bağlıdır. Sosial məsuliyyət - insanın özü, yaxınları, mənsub olduğu cəmiyyət qarşısında daşımalı olduğu məsuliyyətdir. Sosial media mühitinin azad olması, əsla bizləri cəmiyyət qarşısında daşımalı olduğumuz məsuliyyət hissindən azad etmir. Bu zaman səbrli davranmaq, rəsmi qaynaqların açıqlamasını gözləmək və yalnız bundan sonra hər hansı fikir və ya rəy bildirmək daha uyğun olmazmı? Lakin dünən bir neçə saatın içində ən fantastik versiyaların üzərində belə - məsələn, yatağımızın qonşu ölkələrdən biri tərəfindən raketlə vurulması kimi - ciddi müzakirələrin getdiyinin şahidi olduq.
İkinci səbəb isə rəsmi qaynaqların baş verən hadisəyə bir sıra hallarda zamanında və adekvat reaksiya verməməsidir. Təəssüf ki, belə hallarda hadisəyə rəsmi mənbələrin gec reaksiyası, əlavə şayiələrin yayılmasına səbəb olur. Unutmaq olmaz: şayiə üçün ən münbit ortam, dəqiq və mötəbər informasiya qıtlığının olduğu ortamdır. Bu məqamı rəsmi strukturlarımızın pr xidmətləri və media sektoruna cavabdeh mətbuat xidmətləri mütləq nəzərə almalıdırlar.

Qulu Məhərrəmli: “Sosial medianın tənzimlənməsi fikri qədər təhlükəlidir”

Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmli: - Son zamanlar sosial medianın tənzimlənməsi ilə bağlı çoxsaylı fikirlər səslənir, buna çağırışlar var. Mən bunu Azərbaycan ictimai həyatı üçün ümumiyyətlə məqbul saymıram, hətta bir qədər təhlükəli hesab edirəm. Sosial media bir platformadır, insanlar düşüncələrini paylaşır, mövqelərini bölüşürlər. Əlbəttə onların hamısı dəqiq, xoşagələn deyil. Sadəcə olaraq elə bir variant fikirləşmək lazımdır ki, etik çərçivə qorunsun. Təxribat yayanlar, söyüş yazanlar, ictimai əxlaqı pozan davranışlara yol verənlərin qarşısını almaq üçün müəyyən formalar fikirləşib tapmaq olar. Amma ümumən sosial medianın tənzimlənməsi dünyanın heç bir yerində məqbul variant sayılmır.

Arzu Nağıyev: “Bu “Media haqqında qanun”da öz əksini tapmalıdır”

Millət vəkili, Trend İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev: - Ümumiyyətlə fövqəladə hadisələr zamanı, yaxud təhlükəsizliyə hansısa təhdidlər olanda cavabdeh qurumlar hadisə ilə bağlı operativ və koordinasiyalı şəkildə reaksiya verməlidirlər. Sosial şəbəkələrdən öncə ilk məlumatı rəsmi qurumlar yaymalıdırlar. Burada da şəffaflıq olmalıdır. Sosial mediada həqiqətəuyğun olmayan məlumatlar ona görə yayılır ki, dəqiqləşdirilməmiş informasiyaları tirajlayan müxtəlif mənbələrə istinad edirlər, müxtəlif insanlar da buna inanırlar. Təbii ki, qeyri obyektiv informasiyaların gündəmdə olmasında maraqlı olan qruplar var. Azərbaycanı istəməyən, dövlət və dövlətçiliyə xələl gətirməyə çalışan şəxslər az deyil. İlk öncə isə cavabdeh qurumlar məsələyə operativ reaksiya verməklə yalan informasiyaların dövriyyəyə buraxılmasının qarşısını ala bilər. Təbii ki, həmin hadisə gecə baş vermişdi, müəyyən çətinliklər var idi. Hərə öz mənbəsinə istinadən məlumat yayır, kimsə yazı yazıb, sonradan onu silirdi. Şükürlər olsun ki, insan itkisi olmadı, hadisə hər hansı platformada baş verməmişdi. Bu təbii fəlakət idi. Hər bir ölkənin təhlükəsizliyinə təhdid yaradan faktorlardan biri də məhz, təbii fəlakətlərin baş verməsindən sonra ortaya çıxan məsələlərdir. Gələcəkdə bunların qarşısını almaq üçün opertativ, həddindən artıq çevik formada məsələyə reaksiya vermək və hər bir halda rəsmi mənbəyə söykənərək məlumatların yayılmasıdır. Əks halda bu proseslər yenə də baş verəcək. Ümumilikdə isə sosial şəbəkələrdə müxtəlif məqsədlərlə bağlı istinad olmadan müxtəlif məzmunlu məlumatların yayılmasının qarşısını almaq üçün “Media haqqında qanun”da və digər sənədlərdə bununla bağlı məsələ öz əksini tapmalıdır.

Rəfail Becanov: “Daha ciddi mexanizmlərin tətbiq edilməsi zəruridir”

Cebhe.info xəbər portalının direktoru Rəfail Becanov: -
Bu çox çətin, lakin yolu tapılmalı, korrekt yanaşma tələb edən məsələdir. Çünki sosial şəbəkələr internet və məlumat azadlığının ən ön sırasında yer alır. Bu gün sosial şəbəkələr sosial media statusundadır. Qanunvericiliklə idarə olunmur və idarə olunmasının da optimal variantı hələ yoxdur. Müəyyən inzibati cəzalar və s. hüquqi bazada əks olunsa da, yetərli deyil. Məsələn, Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə görə - internet informasiya ehtiyatında yalançı və saxta profil və ya hesablardan istifadə edərək, böhtan atma və ya təhqir etmə cinayətdir. Bu hərəkətlərin edilməsi cinayət məsuliyyətinə cəlb edilməyə imkan verir. Çünki bu əməli törədən adam başqasının zərər vurmaq istəyir və cəhd edir. Qanunvericilikdə bunlar var. Amma daha ciddi mexanizmlərin tətbiq edilməsi zəruridir. Çünki bu hərəkətlərin qurbanına təkcə adamları deyil, dövləti də, xalqı da çevirmək istəyənlər artır. Konkret və aşkar, detallı forma tapılmalıdır. Günün tələbi budur. Ancaq ən böyük problem budur ki, o forma necə olmalıdır, necə tətbiq edilməlidir ki, internet və məlumat azadlığını pozmaqda suçlu sayılmayasan? Ona görə çətin məsələdir.

İnformasiya təxribatı plasdarmı

Sosial şəbəkələrdəki eybəcərliklər gündən günə böyüyür, çoxalır, həndəsi silsilə ilə artır. Dezinformasiya, təhqir, şantaj subyektlərinin ən üst qatında bu gün sosial şəbəkələr dayanır. Kimin kimdən xoşu gəlmirsə sosial şəbəkədə onunla bağlı nəsə yazır, dezinformasiya yayır, guya acığını çıxır. Yaxud bir kimsə yatıb yuxusunu qarışdırır, səhər tezdən durub nəsə yazır, hansısa şantaj, yalan məlumat paylaşır. Bu tip qruplar, adamlar cəzasızlıq sindromu yaşayırlar. Ona görə də sosial şəbəkələrdən sui-istifadə artıb. Dövlətçilik, milli mənafe kimi məsələlərdə bu ciddi problemlər yaradır. Müxtəlif şəbəkələrin əlində olan şəxslər, üzdə kiminsə əleyhdarı görünüb, batində öz əleyhdarına xidmət edən şəxslər və qruplar üçün bu platformalar əsl informasiya təxribatı plasdarmına çevrilib. Ona görə də sosial şəbəkələr üçün xüsusi mexanizm yaratmaq zamanı çatıb.
Sosial şəbəkələrin yerli və regional nümayəndəliklərinin yaradılması ilə bağlı qanunvericilik bazası günün tələblərindəndir. Qanunvericilik bazasında sosial platformaların naşirlik statusunu önə çəkmək olar. Bu, ölkə daxilində və ölkə qanunvericiliyinə görə naşir statusu alan platformalarda istifadəçilərinə, istifadəçilərin fəaliyyətinə görə cavabdehlik məsuliyyəti yarada bilər. Eyni zamanda şəbəkə istifadəçilərinin qeydiyyatının sənədləşməsi əsas şərt olmalıdır. Dezinformasiya, yalan, böhtan xarakterli məlumatlara görə cərimələrin maksimum həddinin təyini və s. kimi metodlar tətbiq etmək mümkündür. Ciddi və əsaslı qanunvericilik bazası yaradılacaqsa, əməl məhkəmə predmetinə çevriləcəksə, çoxları qınına çəkiləcək, dezinformasiyalar azalacaq, böhtançılar sıradan çıxacaq. Yəni öz gözündə tirləri görməyənlər başqalarında tük axtarışını dayandıracaqlar.

Əli Zülfüqaroğlu