• 27 İyul 2024
logo
Şuşada Yeni il bahadır? Digər rayonlarda neçəyədir?

Şuşada Yeni il bahadır? Digər rayonlarda neçəyədir?

Şuşada Yeni il bayramı keçirənlər üçün təklif olunan paket sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Baymedia.az xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri bu qiymətlərin baha olduğunu düşünür.

Xatırladaq ki, işğaldan azad edilən Şuşa şəhərində ilk dəfə Yeni il şənlikləri keçiriləcək. “Şuşa” otelində bayram şənliyində iştirak etmək istəyən 2 nəfər üçün paket (2 gecə, 3 gün) 2500-3500 manat civarındadır.

Qiymətlər bu cür göstərilir:

0-3 yaş uşaqlar üçün – ödənişsiz

3-6 yaş uşaqlar üçün – 400 manat

6-12 yaş uşaqlar üçün – 600 manat

12 yaşdan yuxarı – 900 manat

Bəs digər bölgələrimizdə, xüsusilə məşhur otellərdə qiymətlər necədir?

“Qəbələ Chenot” otelində qonaqlama üçün müəyyən olunmuş tələb minimum 4 gecəlik olmalıdır. 2 nəfər üçün 7000 manat təşkil edən minimal paket 29 dekabr-2 yanvar tarixlərini əhatə edir. Otaqların bir gecəlik ödənişi isə 650 manatdır. Ümumilikdə bayram günlərində oteldə 4 gecəlik qonaqlama haqqı 9605 manat 20 qəpik tutur. Proqrama gündə 3 dəfə qidalanma daxildir. Yalnız vegeterian menyudur, dəyişilməzdir. Paketə həkim məsləhəti, masaj xidmətləri daxildir.

“Quba palace”da Yeni ili qeyd etmək istəyənlər üçün 31 dekabr- 2 yanvar günlərini əhatə edən bayram paketi təklif olunur. 2 gecə 3 günlük paketin qiyməti 2 nəfər üçün 2200-2500 manat civarında müəyyən olunub. Paketə gün ərzində üç dəfə qidalanma və otelin bütün xidmətlərindən istifadə daxildir. Qeyd edək ki, oteldə bütün yerlər tutulub, boş yer yoxdur.

“Şabran Qalaaltı” otelində Yeni il paketinin qiyməti iki nəfər üçün 1420 manatdan başlayır. Qiymətə 3 gün 2 gecə oteldə qonaqlama, qidalanma və Yeni il proqramı daxildir. Xidmətdən narazılıq olarsa, ödəniş geri qaytarılmır.

“Şahdağ” otelində Yeni il paketi 31 dekabr giriş-3 yanvar çıxış olmaqla minimum 3 gecə qonaqlama ilə 2 nəfər üçün 1860 manat müəyyən olunub. Paketə 31 dekabr qala gecəsi proqramı, şam yeməyi, digər günlərdə isə yalnız səhər yeməyi daxildir. Şahdağ turizm mərkəzinə məxsus otellərdə bütün otaqlar tutulub, boş yer yoxdur.

Qeyd edək ki, bölgələrimizdəki məşhur otellərin əksəriyyətində artıq boş yer olmadığından, qiymətlər də açıqlanmır.