• 19 Mart 2024
logo
Novruz sülhü və tolerantlığı tərənnüm edir

Novruz sülhü və tolerantlığı tərənnüm edir

Artıq üç ildir xalqımız birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramını fərqli ovqatda, xoş əhval-ruhiyyə ilə qeyd edir. 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Novruz xalqımızın mifik düşüncə və təsəvvürlərini özündə yaşadan və bu günümüzə yetirən qədim xalq bayramıdır. Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə özündə mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlər, xoş arzular oyadır, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadır, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllərə əsaslanır. Ruhun oyanışı, yeni bir həyatın başlanğıcı olan bu gözəl el bayramı hər dəfə gəlişi ilə ömrümüzü bəzəyir.

-Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Bu gün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm nailiyyətləri sırasındadır. Dövlət başçısı tarixi-mədəni irsimizin yaşadılmasına və adət-ənənələrimizin qorunmasına xüsusi qayğı ilə yanaşaraq bu məqsədlə son illərdə mühüm addımlar atıb, sərəncamlar imzalayıb. Bütün bunlar Prezident İlham Əliyevin xalqımızın dəyərlərinə son dərəcə bağlı olduğunu, onlara hörmət və ehtiramla yanaşdığını təsdiqləyir. Bu sıradan da böyük bayramımız olan Novruzun yüksək səviyyədə qeyd olunmasına, mütərəqqi adət-ənənələrin cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına daim çalışır. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımıza xoş arzu və niyyətlərini bildirir. Yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramının milli mədəni sərvətlərimizin zənginliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini dolğun şəkildə ifadə edir. Novruz böyük mənəvi gücə malikdir, insanlar arasında qardaşlıq duyğularını möhkəmləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır.

Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsinə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir.
Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs siyahısına salınmışdır.

2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə - Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir.

Bu bayramın “yeni ruzi”, “yeni zəhmət” mövsümü kimi qəbul olunması xalqımızın əməksevərliyindən, halal zəhmətə bağlılığından irəli gəlir. Düşüncəyə görə, Novruzda təbiət oyanır. Torpaq Günəşin şüası ilə isinir. Bol bəhrəli yeni bir mövsümə hazırlaşır. Həyat yenilənir. İnsanın ruhu təzələnir. Hər kəs bu bayramda, Novruz çərşənbələrində gələcəklə bağlı arzular tutur. Onların həyata keçəcəyinə qəlbən inanır.

Qeydlərimizin əvvəlində də xatırlatdığımız kimi, Novruzla bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq inancı ilə bilavasitə əlaqədardır. Bu, törəniş düşüncəsidir. Belə bir düşüncə Novruzla bağlı mərasim folklorunda aydın şəkildə öz əksini tapıb. Törəniş düşüncəsini formalaşdıran ünsürlərin çoxuna Novruzun silsilə miflərində, nəğmələrində təsadüf edə bilərik. Novruz çərşənbələrinin hər birində insana uğur və xoşbəxtlik gətirən rəmzləri, ümid və inamı görürük. Bu mənada Novruz insanın öz başlanğıcına qayıdışıdır. O, qəlbən inanır ki, öz xoşbəxtliyini, uğura doğru yolun başlanğıcını həyatı əmələ gətirmiş dörd ünsürdə tapa bilər. Buna görə Novruzun dörd çərşənbəsinin hər biri bu ünsürlərlə bağlıdır.

Novruz siyasətdə bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.
“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir;.

Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib.

Novruz həm də xeyrin şər üzərində qələbəsini simvollaşdırır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir".


Könül İmamverdi qızı
Xətai rayon İcra Hakimiyyətinin əməkdaşı