• 25 Aprel 2024
logo
Baş prokuror: “Qorbaçovun qərarı insanlıq əleyhinə cinayətin törədilməsi üçün verilmiş əmr idi”

Baş prokuror: “Qorbaçovun qərarı insanlıq əleyhinə cinayətin törədilməsi üçün verilmiş əmr idi”

“1990-cı il 20 yanvarda Azərbaycan xalqına qarşı cinayət törədilmişdi. Həmin cinayətə insanlıq, bəşəriyyət əleyhinə olan cinayət kimi tərəfimizdən hüquqi qiymət verilib”.
Bunu Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, həmin dövrdə Azərbaycan Ali Sovetinin razılığı olmadan birbaşa olaraq Sovet dövrünün rəhbərliyi, konkret olaraq Qorbaçov tərəfindən qoşunların Bakıya yeridilməsi barədə qərar qəbul edilib: “Təbii ki, bu, insanlıq əleyhinə olan bir cinayətin törədilməsi üçün verilmiş bir əmr idi. Bundan sonrakı hadisələr də göz qabağındadır. Bildiyiniz kimi, prokurorluqda həmin faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Orada bir neçə cinayət işi bir icraatda birləşdirilib. Təəssüflər olsun ki, həmin dövrdə siyasi rəhbərlik, Azərbaycan hakimiyyəti tərəfindən buna hüquqi qiymət verilməmişdi. Buna ilk dəfə siyasi, hüquqi qiymət Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, məhz onun təşəbbüsü ilə 1994-cü ildə verilib. Həmin dövrdə təəssüflər olsun ki, Azərbaycanda rəhbərlikdə olmuş şəxslər tərəfindən heç bir reaksiya verilməyib. Yalnız Ulu öndər Heydər Əliyev həmin dövrdə Moskvada olarkən Azərbaycanın daimi nümayəndəliyində dünyanın nüfuzlu mediası qarşısında öz münasibətini bildirib və həmin aktı kəskin pisləyib. Sonradan artıq cinayət işi başlanıb, istintaq hərəkətləri aparılıb. Həmin hadisəni törətmiş şəxslərin demək olar ki, hamısı həmin işlər üzrə dindirilib. Bildiyiniz kimi, həmin hadisələr zamanı 147 nəfər həlak olub, 744 nəfər müxtəlif xəsarətləri alıb. 841 vətəndaşımız həmin dövrlərdə qanunsuz həbslərə, saxlamalara məruz qalıb. Eyni zamanda, maddi ziyan vurulub, bunu da rəqəmlərlə götürəndə həmin dövrlə müqayisə etsək, neçə milyondan artıq maddi ziyan vurulub. Bu aktın əsas məqsədi Azərbaycan xalqının əzmini qırmaq idi, lakin buna nail ola bilmədilər. Əksinə, bu hadisə Azərbaycan xalqında milli azadlıq hisslərini daha da gücləndirdi, Sovetlər Birliyinin parçalanması və Azərbaycanın müstəqilliyinin əldə edilməsi ilə nəticələndi”.