• 30 Noyabr 2021
logo
Füzulinin Ankara taleyi

Füzulinin Ankara taleyi

İşğaldan azad edilən şəhərlər arasında Füzuli mənə həmişə Ankaranı xatırladıb. Bunun səbəbi Ankaranın 1919-cu ildən etibarən yaşadığı taleyidir.
Mustafa Kamal paşanın liderliyində işğal qüvvətlərinə qarşı mübarizənin simvol şəhəri olan Ankara daha sonra İstanbul kimi şəhərə rəğmən yeni Türkiyənin paytaxtına çevrildi.
İstanbul işğal altında idi, ingilislər qosqoca imperiyanın mərkəzində at oynadır, vaxtilə Avropa qapılarını titrədən sultan nəslinin nümayəndəsi çarəsiz şəkildə boynunu bükərək baş verənlərlə razılaşırdı.
İstanbul hökuməti boyunduruq altına girməyə hazırdı, təki simvolik də olsa səltənətlərini, yəni iqtidarlarını qoruya bilsinlər. Amma bu taleni dəyişdirəcək başqa bir şəhər üfiqdə doğmaqda idi. Yeni parlamentə yurd olacaq Ankara şəhəri.
Yeni Ankara yeni Türkiyənin simvolu olacaqdı. Hər şey Ankaradan başlayacaq, Türkiyənin qədəri burada cızılacaqdı. Beş yüz illik İstanbul mərkəz funksiyasını itirəcək, amma yenə də ən möhtəşəm şəhər olaraq varlığını qoruyacaqdı. Şübhəsiz ki, yeni Türkiyənin İstanbula küskünlüyü də vardı. İstanbul milli mücadiləni dəstəkləməmiş, Mustafa Kamal paşa əleyhinə mətbuatda çoxlu yazılar çıxmış, hətta ölüm fətvası da verilmişdi.
Buna görədir ki, Mustafa Kamal 1919-1927-ci illər arasında İstanbula bir dəfə də getməmişdi.
Bu baxımdan hər şey yenidən doğulmalıydı.
Xilafətin və səltənətin ləğv edilməsindən sonra İstanbulun mərkəz şəhər funksiyası tamamilə sona çatdı.
6 oktyabr 1923-cü ildə Lozanna konfransından sonra türk ordusu İstanbula daxil oldu, şəhər azad edildi. Buna baxmayaraq 13 oktyabr 1923-cü ildə Ankara rəsmi şəkildə ölkənin paytaxtı oldu. Təbii ki, milli mücadilənin ilk günündən etibarən Ankara Mustafa Kamal paşa qüvvətlərinin faktiki mərkəzi idi. Paşa özü də bu cümlələri sərf etmişdi: “Tarix bizə Ankaranın mərkəz olmasını əmr etmişdir”.
Bu əmri yerinə yetirmək üçün isə Ankarada görüləcək çox işlər vardı. Qalibiyyət qazanan hökumət başda yeni mərkəz olmaqla şəhər quruculuğuna başlamalıydı.
1919-cu ildə, milli mücadilənin başladığı ilk ildə Ankara iyirmi min əhalisi olan bir qəsəbə kimiydi. Həmin ilin 27 dekabrında Mustafa Kamal paşa təmsil heyəti ilə birlikdə şəhərə varid olmuşdu. Bir gün sonra şəhərdəki ziraət məktəbində əhaliyə mövcud durum və mücadiləsi haqqında məlumat vermişdi.
23 aprel 1920-ci ildə isə Ankarada Hacıbayram məscidində cümə namazı qılındıqdan, dualar oxunduqdan, qurbanlar kəsildikdən sonra saat 13:45-14:00-da TBMM-in açılışı olmuşdu. Məclisi ən yaşlı üzv, Sinopdan millət vəkili olan Şərif bəy açmışdı. Açılış nitqində Şərif bəy demişdi: “Millətimizin həm daxili, həm də xarici müstəqilliyinin taleyinin məsuliyyətini birbaşa üzərinə götürüb özünü idarə etməyə başladığını bütün cahana bildirərək Böyük Millət Məclisini açıram”.
Bununla da Ankara faktiki İstanbul hökumətinə alternativ hökumətin mərkəzi vəziyyətinə düşmüşdü.
Cümhuriyyətin elanından sonra isə bu kiçik qəsəbə qısa zamanda inkişaf etməliydi.
1925-ci ildə yeni hökumətin ilk idari binaları olan Maliyyə Nazirliyinin binası və Ədliyyə Sarayı tikildi. Həmin ilin oktyabrında parlament yeni binaya köçdü, əvvəlki bina isə CHP-nin mərkəzinə çevrildi. Yeni poçt binası tikildi, köhnə teleqrafxana binasında Hüquq məktəbi təsis edildi. 1927-ci ildə məktəb universitetə çevrildi. Həmin il Ankara radiosu da fəaliyyətə başladı. Xarici memarların layihələri əsasında paytaxt Qərb şəhərlərinə bənzər formada tikilməyə başladı. 1929-1939-cu illərdə Ankara bir şəhər və ölkə mərkəzi olaraq quruldu...
Bu baxımdan II Qarabağ müharibəsinin ən çətin qələbələrindən olan Füzulinin işğaldan azad edilməsi və buradan başlayan quruculuq işləri mənə Ankaranın ilk günlərini xatırladır. 8 ay içərisində Füzulidə hava limanı tikildi, Zəfər yolu çəkildi, ölkənin strateji nöqtələrindən birinə çevrildi. Bu gün Türkiyə prezidentinin ilk rəsmi qonaq kimi açılış mərasimindəki iştirakı da şəhərin önəminin göstəricisidir.
Füzulidən sonra Zəngilandakı nitqlər də bu baxımdan önəmli oldu. Ərdoğanın “Gün gələcək, Zəngəzurdan İstanbuladək gedə biləcəyik” sözləri, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur Dəhlizinin təməlini qoyulması hamımızı həyəcanlandırdı.
Füzulidən başlayan yeni Azərbaycan – Qarabağlı və Zəngəzurlu Azərbaycanın şahidi olmaq, bu həyəcanları canlı yaşamaq olduqca gözəldir.
Dilqəm Əhməd