• 19 Mart 2024
logo
Bakıda "Nərimanov" metrostansiyasının yaxınlığında ticarət obyektlərində yanğın söndürülüb

Bakıda "Nərimanov" metrostansiyasının yaxınlığında ticarət obyektlərində yanğın söndürülüb - YENİLƏNİB - 4 - FOTO - VİDEO

Mertonun "Nərimanov" stansiyasının yaxınlığındakı ticarət obyektlərində baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
***
10:22

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın lokallaşdırılıb.
Hazırda soyutma işləri aparılır.
***
saat 10.08

Nərimanov rayonunda bir neçə obyektdə baş verən yanğın davam edir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
***
09:38

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında "Metro-City" ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb. Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub. Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.

*** 09:32

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğınla bağlı məlumat yayıb. Nazirliyin "112" qaynar telefon xəttinə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

*** 09:23

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında "Metro-City" ticarət mərkəzində yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.