• 26 Oktyabr 2021
logo
"Biz azərbaycançılıq ideyasını gördüyümüz işlərlə təbliğ edirik"

"Biz azərbaycançılıq ideyasını gördüyümüz işlərlə təbliğ edirik"

Faiq Babanlı: "Azərbaycançılığı uşaqların, gənclərin düşüncəsində, xarakterində formalaşdırmaq lazımdır"

Müxtəlif sahələr üzrə istedadlı və bacarıqlı soydaşlarımız Azərbaycan dünyada tanıdır və azərbaycançılıq ideyasını təbliğ edirlər. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında müsahibələri davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.

Layihə çərçivəsində Safari Ov Klubu Azərbaycanın rəhbəri, dünya reytinqinə düşən ekstremal ovçu, vətənimizi xaricdə layiqincə təbliğ edən soydaşımız Faiq Babanlının KANAL 5-ə müsahibəsini təqdim edirik.

Xatırladaq ki, Babanlı Faiq Fuad oğlu 1977-ci il yanvarında 9-da anadan olub. Ali təhsillidir. O, qaydasız döyüş üzrə Azərbaycan cempionudur və ölkəmizdə, eləcə də MDB ölkələrində böyük nüfuza malikdir. Taksidermiya sahəsi üzrə mütəxəssisdir. 1999-cu ildən turizm biznesi, 2003-cü ildən isə ovçuluqla məşğuldur. Həmyerlimiz ekstremal ovçu kimi dünyada nömrə birlər siyahısına düşüb və buna görə də dünyanın ən tanınmış ovçuları arasında onun da adı çəkilir. 80-dən çox ölkədə ov edən Faiq Babanlı daima Azərbaycanın təbliğatını da aparır.

- Azərbaycançılıq ideyasını necə təbliğ edirsiz?

-Mənim üçün azərbaycançılıq ideyasının fərdi, milli, ictimai anlamı var. İnsan öncə, fərdi olaraq özündə azərbaycançılıq düşüncəsi formalaşdırmalıdır. Bu, eyni zamanda insanda milli ruh yaradır və azərbaycançılıq yolunda fəaliyyətə sövq edir.

Azərbaycançılıq evdən, ailədən başlayır. Övladlarına azərbaycançılıq, vətənpərvərlik tərbiyəsi verməyən insan, ictimai həyatda bu ideyanı lazımi səviyyədə təbliğ edə bilməz. Ümumi olaraq azərbaycançılıq ideyasının standart təbliğat forması yoxdur. Hər kəs xarakterinə, peşəsinə, düşdüyü mühitə görə öz təbliğatını apara bilər. Məsələn, mən hər bir ölkədə ov aləmində tanınmış şəxsiyyətlərlə görüşəndə Azərbaycan haqqında da danışıram. Azərbaycanın xaricdə təbliğatı mənim üçün vacibdir. Ovdan necə mənəvi zövq alıramsa, azərbaycançılıq ideyasını təbliğ etməkdən, Azərbaycanı tanıtmaqdan da o cür zövq alıram. Mən ova gedəndə hər kəsə üzərində Azərbaycanla bağlı yazılar olan köynəklər geyindirirəm. Ayrıca hara ova gedirəmsə, ora Azərbaycanın bayrağını sancıram. Mənə deyirlər ki, bura gələn yoxdur deyə, bayrağı görən olmayacaq. Mən də deyirəm ki, vertolyotla uçanların görməsi üçün bayrağı burada sancıram. Yəni dünyanın ən tanınmış insanlarının ov üçün gəlib gedə bilmədiyi əlçatmaz yerə məhz azərbaycanlı gedir və orada Azərbaycanın Dövlət bayrağı dalğalanır. Bununla yanaşı, kampımın üzərində də hər zaman Azərbaycan bayrağı asılır. Bütün bunları etmək mənim içimdən gəlir. Yəni öz sahəmə uyğun olaraq bu formada azərbaycançılıq ideyasını təbliğ edirəm.

-Sizin dəvətinizlə dünya şöhrətli ovçuları və digər sahənin nümayəndələri Azərbaycana gəlirlər. Onlara Azərbaycanı necə tanıdırsız?

-Bəli, 15 ildən artıqdır ki, dünya şöhrətli insanlar mənim dəvətimlə Azərbaycana leqal ova gəlir və qonağım olurlar. Biz onlara Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, adət-ənənəsi haqqında da ətraflı məlumatlar veririk. Eyni zamanda onların burada müxtəlif görüşlərini təşkil edirik. Onlar bizim ölkədən çox məmnun halda qayıdırlar. Hətta, onların bəziləri sonradan Azərbaycanın dostu olurlar və bizim ölkəni xaricdə təbliğ edirlər. Baxın, bu bizim azərbaycançılıq fəaliyyətimizin nəticəsidir.

Biz özümüz də xaricdə harasa dəvət ediləndə Azərbaycanın təbliğatı işinə xüsusi diqqət edirik. Həmçinin həmkarım Asif İlyasovla birgə real ov filmləri çəkib dünyaya yayırıq. Bütün dünya bizi Safari Ov Klubu Azərbaycan (safari.az) adı ilə tanıyır. Yəni xaricdə görülən hər hansı müsbət işdə Azərbaycanın adı varsa, bu elə azərbaycançılığın təbliği istiqamətində fəaliyyətdir. Çünki azərbaycançılıq işi, həm də xaricdə ölkəmizin müsbət imicini formalaşdırmaq deməkdir. Azərbaycançılıq bizim üçün missiyadır. Harada olmağımızdan asılı olmayaq əsas strateji hədəfimiz bu missiyaya xidmət etməkdir.

-Azərbaycan gənclərinin fəaliyyətində azərbaycançılıq ideologiyasının nə kimi önəmi var?

-Azərbaycançılığı uşaqların, gənclərin düşüncəsində, xarakterində formalaşdırmaq lazımdır. Bunun üçün bağça və məktəblərdən azərbaycançılıq ideyasının təbliğatı aparılmalıdır. Uşaqlar dilimizi, dinimizi, adət-ənənəmizi mükəmməl bilməlidirlər. Bu baxından bəzən xaricdə böyüyən uşaqlarda çatışmazlıqlar müşahidə olunur. Bir çox xaricdəki soydaşlarımız övladlarına, xüsusən ana dilimizi lazımi səviyyədə öyrədə bilmirlər. Ana dilini bilməyən, öz vətənini tanımayan soydaşımız sabah böyüyəndə Azərbaycanı necə tanıdacaq?! Onlarda azərbaycançılıq ruhu belə, olmayacaq. Bu cür gələcək diaspor üzvlərində azərbaycançılıq ideyasını təbliğ etmək üçün baza olmayacaq. Ümumiyyətlə, belə yetişən nəsildə bu baxımdan nə hər hansı maraq, nə də istək olacaq. Amma sevindirici haldır ki, bir çox halda soydaşlarımız, xüsusən yay tətillərində övladlarını məqsədli şəkildə Azərbaycana gətirirlər ki, dilimizi unutmasınlar və vətənlə bağları güclənsin. Hətta bəzi soydaşlarımız övladlarının dilimizi bilməsi üçün gətirib Azərbaycan məktəblərində oxutdururlar. Bu kimi nümunəvi halların çoxalması azərbaycançılığın güclənməsi üçün mühüm əhəmiyyət kəcb edir.

Uşaqların azərbaycançılıq ideyasını mənimsəmələri üçün onlarda milli özül, kök olmalıdır. Məhz belə olduqda gənclərimiz milli ruhda böyüyəcək və ictimai həyatda özləri, kimsə demədən azərbaycançılıq ideyasının təbliğatçısına çeviriləcəklər.

-Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında tanınmış şəxslərimizin nə kimi rolu var?

-Biz dünyaya elə həm də tanınmış, istedadlı, ixtiraları olan şəxslərimizlə çıxmalıyıq. Yəni beynəlxalq aləm dünyaya hər hansı töhfəsi olan insanı qəbul edir. Əlbəttə ki, insanın əsas şəxsiyyəti önəmlidir. Qeyd edim ki, azərbaycançılıq insanda milli ruh yaradır. Milli ruhlu insan da şəxsiyyət kimi tam kamil formalaşa bilər. Biz də dünyanın Azərbaycana marağını artırmaq üçün insan faktoru məsələsini önə çəkilməliyik. Yəni azərbaycanlılar öz qəhrəmanlıqlarını ölkə daxilində deyil, xaricdə göstərməlidirlər. Çünki ölkə daxilində onu kimsə görmür. Xaricdə bütün sahələrdə tanınmış şəxslərin sayı artmalıdır. Ölkənin qiyməti onun şəxsiyyətlərinə görə verilir.

Mən 80-dən çox ölkədə olmuşam və bütün qitələrdə ov etmişəm. Ovladığım heyvanların vətənimdə yaratdığım şou-rumda canlı obrazlaşdırılmış kolleksiyasını etmişəm. Dünyaya göstərmək istəyirik ki, Azərbaycanda da bu sahəyə uyğun şəxsiyyət var. Xaricdə azərbaycançılıq ideyasını təbliğ edən soydaşlarımız Azərbaycanda da belə işlərin görülməsi haqqında fəxrlə danışa bilərlər. Demək, bütün iş həll olunub. Yəni artıq biz varıq. Bir günə 10 ilin işini görürük. Çünki biz Azərbaycan üçün yetişmişik. Bir ölkənin hər hansı sahəsi üzrə insanının tanınması, bu ölkənin dünyada tanınması deməkdir. Bütün bunlar azərbaycançılığın praktiki olaraq nümunələridir. Yəni biz azərbaycançılıq ideyasını əməli addımlarımızla, gördüyümüz işlərlə təbliğ edirik.