• 26 Noyabr 2020
logo
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifələri müəyyənləşib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifələri müəyyənləşib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində (bundan sonra - müvafiq sahə) dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsində əksini tapıb.
Əsasnaməyə görə, Xidmətin fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir:
- istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, eləcə də ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək;
- dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsində iştirak etmək, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək;
- standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə olunması sahələrində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək;
- reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;
- aidiyyəti dövlət orqanları ilə birlikdə dövlətin qiymət-tarif siyasətinin həyata keçirilməsində iştirak etmək.
Xidmətin vəzifələri sırasına isə aşağıdakılar daxildir:
- antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra – təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri görmək;
- antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada hüquqi şəxslərin, o cümlədən dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərin yaradılması, yenidən təşkili, ləğv edilməsi, fiziki və hüquqi şəxslər arasında əqdlər bağlanması və nizamnamə kapitalındakı səhmlərin (payların) alqı-satqısı zamanı antiinhisar qanunvericiliyinə uyğun olaraq razılıq vermək;
- rəqabətin vəziyyətini araşdırmaq, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrini aparmaq;
- antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
- təsərrüfat subyektlərinin, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları saziş və müqavilələrin daxili bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxardığı hallarda tədbirlər görmək;
- qiymətlərlə süni şəkildə manipulyasiya edilməsinə, qiymət ayrı-seçkiliyinə və dempinqə qarşı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- qiymətlərin artımına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması məqsədilə hər bir əmtəə bazarı üzrə monitorinqlər aparmaq;
- antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək;
- antiinhisar qanunvericiliyini pozan təsərrüfat subyektləri cəriməni (maliyyə sanksiyasını) vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda cərimənin (maliyyə sanksiyasının), yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək;
- inhisarçılıq fəaliyyəti göstərən və ya rəqabətin məhdudlaşdırılmasına və istehlakçıların mənafelərinin pozulmasına səbəb olan hərəkətlərə yol verən, hökmran mövqe tutan təsərrüfat subyektlərinin təşkilati, texnoloji və ərazi şəraiti imkan verdiyi halda məcburi bölünməsi haqqında qərar qəbul etmək;
- təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, onların istehlakçıların mənafeyinə və rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması üçün antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların (işlərin, xidmətlərin) istehsalının, idxalının, satılmasının, məcburi sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatı olmadan malların (işlərin, xidmətlərin) satışının (yerinə yetirilməsinin) qarşısının alınması ilə bağlı tədbirlər görmək;
- istehlakçıların çəkidə (ölçüdə), qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə istehlakçılara tam və düzgün məlumat verilməməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxmaq və tədbirlər görmək;
- qida məhsulları, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklər istisna olmaqla, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğuna, temperatur rejiminə, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarına əməl olunmasına nəzarət etmək;
- qiymət intizamına, o cümlədən qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) təqdim olunması zamanı qiymət intizamına riayət edilməsinə və qiymətlərin düzgün tətbiqinə nəzarət etmək;
- dövlət satınalmaları zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmək, bütün malgöndərənlərin satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görmək;
- dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) müsabiqə və “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulan digər əsaslarla satın alınmasının qanuniliyinə və satınalma müqavilələrinin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq, bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurunu dayandırmaq və satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq;
- dövlət satınalmalarının vahid internet portalının operatoru funksiyalarını yerinə yetirmək;
- satınalma müqaviləsi imzalanarkən, malların (işlərin, xidmətlərin) hər bir vahidinin qiymətini və meyarlarını dəyişdirməmək şərtilə, malların (işlərin, xidmətlərin) həcminin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq artırılıb-azaldılmasına, həmçinin illik satınalma planına daxil edilməyən hər hansı malın (işin, xidmətin) satın alınmasına təcili tələbat yarandıqda, həmin malın (işin, xidmətin) satın alınmasına razılıq vermək;
- açıq məkanda reklam istisna olmaqla, reklam subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;
- dövlət kəmiyyət vahidlərinin etalonlarını təsdiq etmək, habelə onların əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təşkil etmək;
- standartların hazırlanmasını, qəbulunu, tətbiqini, standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri təşkil etmək;
- “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğun olaraq akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanı həyata keçirmək, habelə uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestrini aparmaq;
- insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq, malların (işlərin, xidmətlərin) yüksək, orta, aşağı risk qruplarının təyin edilmiş meyarlar üzrə təsnifatını müəyyən etmək;
- uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini aparmaq, habelə texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc etmək;
- istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarət tədbirlərini həyata keçirmək, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların dövriyyədən çıxarılmasını təmin etmək;
- xarici mənşəli uyğunluq sənədlərinin tanınmasına dair sənədlərin reyestrini aparmaq.
Xidmətin fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır. Rəisin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 4 müavini var. Rəis müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.