• 15 İyul 2025
logo
Milyonların dövr etdiyi sığorta bazarı

Milyonların dövr etdiyi sığorta bazarı

Azərbaycan Mərkəzi Bankı (AMB) 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib. Lisenziyalar könüllü müraciət əsasında ləğv olunub. Bu qərar oktyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Çox güman ki, lisenziyaları ləğv olunmuş sığorta agentləri bazardakı rəqabətə dözməyiblər. Bəs, Azərbaycanda sığorta bazarında nələr baş verir?
2023-cü ilin ilk yarısının sonuna olan məlumatlara əsasən, Azərbaycan sığorta bazarında 19 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 14-ü isə qeyri-həyat sığorta şirkətidir. Sığorta sektorunun fəaliyyəti həmçinin 29 sığorta brokeri və 607 sığorta agenti vasitəsilə təmin edilmişdir. Sığorta haqlarında ümumi artım dinamikası müşahidə edilir. Yəni səğorta şirkətlərinin gəlirləri artır. Heç də pis qazanmırlar. 2023-cü ilin I yarımilində toplanmış sığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 32% (157 mln. manat) artaraq 649 mln. manata çatıb. Məbləğ ifadəsində artım əsasən könüllü sığorta növləri üzrə olmuşdur. Belə ki, dövr ərzində könüllü sığorta növləri üzrə artım 28% (104 mln. manat) olmuşdur. İcbari sığorta növləri üzrə isə 43% (53 mln. manat) artım müşahidə edilmişdir. Könüllü sığorta növləri üzrə artımın əsas drayveri kimi həyatın yaşam sığortası çıxış etmişdir. Belə ki, 104 mln. manat artımın 82 mln. manatı yaşam sığortasının payına düşür. Ümumilikdə, son 5 il ərzində yığılan sığorta haqlarının həcmi 80% (288 mln. manat) artmışdır. Belə ki, həyat sığorta sinifləri üzrə yığılmış sığorta haqqı 147% (198 mln. manat), qeyri-həyat sığorta sinifləri üzrə isə 40% (90 mln. manat) artmışdır.
2023-cü ilin I yarımilində sığorta ödənişlərində artım müşahidə edilmişdir. Belə ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ödənişlər 29% (50 mln. manat) artaraq 225 mln. manat olmuşdur. Artım əsasən həyatın yaşam sığortası hesabına olmuşdur. Yarımil ərzində həyatın yaşam sığortası üzrə ödənişlər 56% (45 mln. manat) artaraq 127 mln. manat olmuşdur. Qeyri-həyat sığortası sinifləri üzrə ödənişlərdə də artım baş verib. Belə ki, siniflər üzrə ödənişlər 7% (6 mln. manat) artaraq 97 mln. manat olub.
Həyat sığortası sinifləri üzrə həyatın yaşam sığortası sinfi aparıcı sinif kimi çıxış edir (274 mln. manat olmaqla, cəmi h/s haqlarının 82%-i). 2022-ci ilin iyun ayı ilə müqayisədə əsas artım məhz bu sığorta növündə müşahidə edilmişdir (43% və ya 82 mln. manat).
Qeyri-həyat sığortası sinifləri üzrə könüllü tibbi sığorta (82 mln. manat olmaqla, cəmi q/h haqların 25%-i), avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (77 mln. manat olmaqla, cəmi q/h haqların 24%-i) və daşınmaz əmlakın icbari sığortası sinifləri (56 mln. manat olmaqla, cəmi q/h haqların 17%-i) əsas paya sahibdirlər. Qeyri-həyat sığortası sinifləri üzrə əsas artım avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) (58%, 28 mln. manat), daşınmaz əmlakın icbari sığortası (59%, 21 mln. manat) üzrə olub.
Həyat sığortası sinifləri üzrə ödənişlərin strukturunda həyatın yaşam sığortası əsas sinif kimi çıxış edir. Həyatın yaşam sığortası üzrə ödənişlərdə ötən illə müqayisədə 57% artım müşahidə edilir. Bu sığorta sinfi həyat sığortası üzrə cəmi ödənişlərin (129 mln. manat) 98%-ni təşkil edib.
Qeyri-həyat sığortası sinifləri üzrə ödənişlərdə əsas pay avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (46 mln. manat, q/h ödənişlərin 48.2%-i), könüllü tibbi sığorta (35 mln. manat, q/h ödənişlərin 36.4%-i) və avtonəqliyyat vasitələrinin sığortası (9 mln. manat, q/h ödənişlərin 9.3%-i) siniflərinə aiddir. 2022-ci ilin iyun ayı ilə müqayisədə ödənişlərdə əsas artım da məhz bu sığorta sinifləri üzrə baş vermişdir. Belə ki, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 11%, avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərdə 7% artım müşahidə edilib.
Sığorta sektorunda yığılmış haqlarda siniflər üzrə təmərküzləşmə mövcuddur. Sığorta haqlarının yarısından çoxu 3 sığorta sinfi üzrə cəmlənmişdir. Belə ki, 2023-cü ilin ilk yarımili üzrə 3 əsas sığorta sinfinin - yaşam sığortası (42.2 %), tibbi sığorta (12.6%) və avto icbari sğortanın (11.8%) ümumi haqlarda payı 67% təşkil edir. Adambaşına düşən sığorta haqq və ödənişlərinin həcmində artım müşahidə edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə adambaşına düşən sığorta haqları 32.3% artaraq 127 manata, sığorta ödənişləri isə 25.7% artaraq 44 manata çatıb. Sektorun aktivləri üzrə müsbət dinamika cari ilin ilk yarısında davam etmişdir. Bank vəsaitləri istisna olmaqla aktivlərin bütün komponentləri üzrə artım müşahidə edilmişdir. Artım əsasən dövlət qiymətli kağızlar (125.1 mln. manat) və sığorta ehtiyatlarında təkrarsığortaçının payı (117.1 mln. manat) hesabına baş vermişdir.
Sığorta şirkətlərinin institutsional investor kimi potensialı mövcuddur. Sığorta şikətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 10.7% artaraq 1404 mln. manata çatmışdır. Artım əsasən dövlət qiymətli kağızları (19.8% və ya 125 mln. manat) hesabına baş verib. Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 90%-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 65%-ni investisiya portfeli təşkil edir. Həyat və qeyri həyat sığorta şirkətlərində investisiya aktivləri əsasən DQK-dan və bank vəsaitlərindən ibarətdir. Yerli maliyyə alətlərinin çeşidinin artması sığorta şirkətlərinin investisiya fəaliyyəti üçün zəruridir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə zərər əmsalı da azalmışdır. Belə ki, 2022-ci ilin ilk yarımili ilə müqayisədə zərər əmsalı 3.1 f.b. azalaraq 55.9% olub. Azalmanın əsas drayveri bazar payı yüksək olan sığorta sinifləri üzrə zərər əmsalının azalmasıdır. Buna baxmayaraq bəzi qeyri-həyat sığorta şirkətləri üzrə zərər əmsalı yüksək olaraq qalmaqdadır.
Sığorta şirkətlərinin mənfəətliliyi artmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həm həyat, həm də qeyi-həyat sığorta şirkətləri daha çox mənəət generasiya etmişdirlər. Belə ki, 2022-ci ilin ilk yarısı ilə müqayisədə həyat sığortası şirkətləri üzrə xalis mənfəət 35% artaraq 46 mln. manat, qeyri-həyat sığorta şirkətləri üzrə isə 58% artaraq 32 mln. təşkil etmişdir. Hər iki qrup üzrə artımın drayveri əsas əməliyyat gəlirləri artıb.
Təkrar sığortaya ötürülən məbləğin sığorta haqlarında payı dəyişməsə də aşağı olaraq qalmaqdadır. Cari ilin ilk yarısı ərzində təkrarsığortanın sığorta haqlarında payı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 9.7% olub. Təkrarsığortaya ötürülən məbləğin sığorta haqlarında payının aşağı olmasının əsas drayverləri həm həyat sığorta haqlarının cəmi sığorta haqlarında payının artması, həm də qeyri-həyat sığortası üzrə bazar payı yüksək olan sığorta siniflərinin təkrarsığortaçıya aşağı səviyyədə ötürmə etməsi olub. Qeyri-həyat sığortası üzrə sığorta haqlarının təqribən 87%-ni əhatə edən 5 sığorta sinifinin risklərinin təkrar sığortaçıya ötürülməsi yüksək deyil. Belə ki, qeyri-həyat sığortası üzrə haqların 26%-ni formalaşdıran tibbi sığortanın demək olar 0%-i və 18%-ni təşkil edən daşınmaz əmlakın icbari sığortası üzrə isə haqların cəmi 24%-i təkrar sığortaya ötürülüb. Son yarımil ərzində məcmu kapital azalsa da sektorun kifayət qədər kapital buferi mövcuddur. 2023-cü ilin ilk yarısı ərzində sığorta sektoru üzrə məcmu kapital 11.3% (38 mln.manat) azalmış tələb olunan kapital isə 14 mln. manat (7.2%) artmışdır. Nəticədə məcmu kapitalın tələb olunan kapitala nisbəti 31 f.b. azalaraq 145% olub.
Azərbaycanda sığorta bazarında inkişaf və artım meyilləri müşahidə olunsa da, yetərli deyil. Əhalinin sığorta şirkətlərinə inamı arzu olunan səviyyədə deyil. Bunun nəticəsidir ki, insanlar könüllü sığortaya maraq göstərmirlər. Sığorta bazarındakı artımlar icbari sığortanın icbari tədbiqi hesabınadır. Azərbaycan iqtisadiyyatının ümumi dinamik inkişafı isə sığorta bazarının da davamlı inkişafını tələb edir. Əslində buna uyğun olaraq ölkəmizdə bütün əmlakın və biznes fəaliyyətinin sığorta təmiantı olmalıdır. Azərbaycanda hər bir insanın geniş icbari tibbi sığorta təminatı, həyat sığortalı olmalıdır. Yaxın illər ərzində bu devizləri real məqsədlərə çevirib onların yerinə yetirilməsinə çalışmalı olan sığorta bazarı, sığorta şirkətləri ölkədə mühüm maliyyə kompensasiyası sisteminin yaradılmasına və sığorta münasibətlərinin qabaqcıl beynəlxalq sığorta bazarlarına uyğunlaşmasına nail olmalıdır.

Mahir Həmzəoğlu