• 27 İyul 2024
logo
Sahibkarlara dövlət dəstəyi və güzəştli kreditləşdirmə

Sahibkarlara dövlət dəstəyi və güzəştli kreditləşdirmə

Azərbaycanda özəl sektorun, sahibkarlığın inkişafı hökumətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi rıçaqlar vasitəsilə sahibkarlığın inkişafını dəstəkləyir. Belə institutlardan biri də artıq 30 ildir fəaliyyət göstərən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondudur. Fondun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.
Fond tərəfindən 2022-ci ilin 8 ayında sahibkarların 1732 layihəsinin maliyyələşdirilməsinə 72,1 milyon manat güzəştli kredit verilib. İqtisadiyyatın sahələri üzrə verilmiş kredit sayının 95,9 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 2,7 faizi sənaye məhsullarının istehsalı və emalı, 0,4 faizi turizm,1 faizi isə digər sahələrin inkişafına yönəldilib. Kreditlərin məbləğ üzrə 71 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 15-i sənaye məhsullarının istehsalı və emalı, 2 faizi turizm, 12 faizi isə digər sahələrin payına düşür. 2022-ci ilin yanvar-avqust ayları ərzində ən çox sayda güzəştli kredit verən 5 müvəkkil kredit təşkilatının siyahısına daxildir: “Bank Respublika” ASC (Bank Respublika ) – 387, “Unibank” KB ASC (Unibank ) – 287, “Yelo Bank” ASC (Yelo Bank ) -282, “AccessBank” QSC (AccessBank Azerbaijan ) – 202, “Aqrarkredit” QSC BOKT – 185.
Fond ölkədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında və işgüzarlığın artırılmasında əhəmiyyətli rola malikdir. Fond tərəfindən bu günədək 42 minədək sahibkara 2,8 milyard manat güzəştli kredit verilib. Bu kreditlər sahibkarlıq subyektlərinin güzəştli maliyyə resurslarına çıxışını təmin etməklə ölkədə qeyri-neft sektorunun inkişafına, innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü investisiya layihələrinin maliyyələşdirilməsinə və yeni iş yerlərinin açılmasına töhfə verib. Fond gələcəkdə müxtəlif maliyyə dəstəyi mexanizmləri vasitəsilə sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Fondun başlıca fəaliyyət istiqamətlərinə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək; müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək daxildir.
Müsbət haldır ki, dövlət müxtəlif vasitələrlə regionlarda sahibkarlığın inkişafına dəstək verir, onu stimullaşdırır. Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları da bu baxımdan çox əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar aparılıb. Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq. Habelə yerli şirkətlərin canlanmasına və investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti təmin ediləcək. Biznes mühitinin yaxşılaşdırılması isə ölkənin bütün regionlarında sahibkarlığın davamlı inkişafına və əhalinin rifahının yaxşılaşmasına şərait yaradır.
Hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir. Regionlarda kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından belə sənaye məhəllələrinin əhəmiyyəti böyükdür. Ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Artıq 40-dan artıq aqropark fəaliyyətə başlayıb. Azərbaycanda 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit, Nazirlik tərəfindən investisiya təşviqi sənədləri verilib. Aqroparklarda 5000-ə qədər insan daimi, 4500-dən çox insan isə mövsümü işlə təmin olunub. Bir o qədər də iş yerinin yaradılması nəzərdə tutulur.
Bunlarla yanaşı, sahibkarların kreditlərə, maliyyəyə olan təlabatları tam ödənilmir. İş adamlarının investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Hər halda hökumət müyyən təşviqedici addımlar atır. Məsələn, Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirir. Bu məqsədlə Fond tərəfindən 10 min manatadək kredit ehtiyacı olan sahibkarlara münasibətdə yeniliyin tətbiqinə başlanılıb. 10 min manatadək olan güzəştli kreditlərin əldə olunmasında əsas çətinlik sahibkarların investisiya layihələri üzrə fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməməsidir. Bu çətinliyin aradan qaldırılması məqsədilə kredit tələbatı 10 min manatadək olan və fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməyən sahibkarlar üçün həmin sənədi əvəz edəcək “Bildiriş forması” hazırlanıb. Bu forma sahibkarın müraciəti əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerlərdə fəaliyyət göstərən əməkdaşları (KOB Dostu) tərəfindən doldurulacaq və sahibkar tərəfindən müvəkkil kredit təşkilatına təqdim ediləcək. KOB Dostu sahibkarın fəaliyyət göstərdiyi yerə baxış keçirərək qeyd edilən yer və ya əmlakın maddi-texniki təchizatına dair məlumatları “Bildiriş forması”na əlavə edəcək və bu forma sahibkarın fəaliyyət göstərəcəyi yerə dair sənəd kimi qəbul olunacaq.
Hökumət sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində qanunvericilik bazasını da gücləndirir. Belə ki, parlametin müzakirəsinə təqdim olunmuş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Sənəddə istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, habelə dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlı maddələr təsbit olunub.
Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.
Mahir Həmzəoğlu