• 21 May 2022
logo
İnvestisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya ödəniləcək

İnvestisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya ödəniləcək

Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat qaydası müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində investisiya yalnız dövlət ehtiyacları üçün, habelə Mülki Məcəllədə nəzərdə tutulan digər hallarda bu Qanuna uyğun olaraq milliləşdirilə və dövlət tərəfindən alına bilər. İnvestisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilmir.

Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınması əvəzində investorlara “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq bu qanun nəzərə alınmaqla kompensasiya ödənilir.

Qeyd edilib ki, bu qanuna uyğun olaraq ödəniləcək kompensasiya investisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansı daha tez baş verərsə) bilavasitə əvvəlki vaxtda investisiyanın ədalətli bazar dəyərinə uyğun olur və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödənilir.

Layihəyə əsasən, dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində investorlara dəyən zərərin əvəzi, o cümlədən əldən çıxmış fayda Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarəetmə orqanı tərəfindən ödəniləcək.

İnvestisiya fəaliyyəti investorun öz qərarı ilə və ya Azərbaycan Respublikasının qanunlarına, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtlərinə uyğun olaraq dayandırılacaq. İnvestisiya fəaliyyətinə investorun özünün və ya məhkəmənin qərarı ilə, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtlərinə uyğun olaraq xitam veriləcək.

Eyni zamanda dövlət orqanları və investorlar arasında mübahisələrin həlli proseduru müəyyənləşir. Layihəyə əsasən, dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə investorlar arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisələr danışıqlar yolu ilə, inzibati qaydada, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədən kənar digər yollarla və ya “Mediasiya haqqında” qanun nəzərə alınmaqla, Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilə bilər.

Tərəflər arasında hər-hansı digər razılıq olmadığı halda, habelə Mülki Prosessual Məcəllədə nəzərdə tutulan hüquqi müdafiə vasitələri bitdikdən sonra Azərbaycan Respublikası və xarici investor arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisəni xarici investor beynəlxalq arbitraja təqdim edə bilər.

Azərbaycan Respublikası və xarici dövlətlər arasında imzalanmış investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli beynəlxalq sazişdə mübahisələrin həlli ilə bağlı bu maddədə göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulmuşdursa, beynəlxalq sazişin müəyyən etdiyi qaydalar tətbiq edilir. İnvestisiya fəaliyyəti ilə əlaqədar mübahisələr üzrə beynəlxalq arbitraj qərarları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tanınır və icra edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.