• 20 Aprel 2024
logo
Qiymətlər niyə artır: səbəblər və gözləntilər

Qiymətlər niyə artır: səbəblər və gözləntilər

Qiymətlər artır və bu, normal olaraq hər bir insanın xərclərini artırdığından, həyatına təsir göstərdiyindən müzakirələrə də səbəb olur. Əslində illik bir rəqəmli infilyasiyanın olması normal sayılır və bu proses demək olar ki, hər il bütün ölkələrdə baş verir. Ancaq yüksək qiymət artımları yaşayış xərclərini daha çox artırdığından diqqət çəkir. Xüsusən də son 1 ildə ərzağın bahalaşması bu baxımdan aktualdır. Bəs, bahalaşmanın əsas səbəbləri nələrdir?
Rəsmi statistikaya görə, 2021-ci ildə istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 106,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 108,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8 faiz təşkil edib. 2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 112,0 faiz təşkil etmişdir. 12% artıq iki rəqəmli infilyasiyadır ki, bunu da ən azı gündəlik xərclərimizdə hiss edirik.
Hətta 2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin dekabr ayına, yəni 1 il əvvələ nisbətən 15,8 faiz yüksəlib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın, ucuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Həmin dövrdə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi 10%, qeyri-ərzaq məhsulları 7,7% artıb. Qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı və televizorların təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlətlər tədbiq etməsi, ixrac rüsümlarını artırması, ixracatçı ölkələrin daxili ərzq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara təlabatın artması kimi amillərdir. Bu səbəbdən də Azərbaycanda daha çox idxal məhsulları bahalaşıb. Üstəlik mövsümü amillər, yəni qış aylarında kənd təssərrüfatı məhsulları ehtiyatlarının azalmaya doğru getməsi də qiymət amilinə təsir göstərir. Aydım nəsələdir ki, kartof, soğan, taxıl kimi məhsulların avqust-sentyabr aylarındakı qiymətləri ilə yanvar-fevral ayındakı qiymətləri eyni ola bilməz, müəyyən artımlar qaçılmaz olur.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi 2021-ci ildə 10 illik maksimuma çatıb. 2021-ci ilin sonunda FAO-nun Ərzaq Qiymətləri İndeksinin orta dəyəri 125,7 bənd təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 28,1 faiz çoxdur. 2021-ci ildə dünya bazarında taxılın qiyməti 27,2%, qarğıdalının 44,1 faiz, buğdanın 31,3 faiz artıb, düyü isə 4 ucuzlaşıb. Habelə ət 12,7%, süd məhsulları 17%, bitki yağları 65,8%, şəkər 29,8% bahalaşıb. Göründüyü ki, pandemiya dünya bazarında bahalaşmaya səbəb ola biləcək arzu olunmaz şərait yaradıb. Hətta 2022-ci ildə də qiymət artımlarının davam edəcəyi gözləniləndir. Ümumiyyətlə, yaxın onillikdə dünyada kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərinə hava şəraiti, iqtisadi artım və gəlirlərin bölgüsü, demoqrafik və qida rejimi dəyişiklikləri, texnoloji inkişaf və siyasi hadisələr təsir edəcək. Lakin bununla yanaşı, bəzi optimist proqnozlara görə, tələb artımının yavaşlaması və gözlənilən məhsuldarlıq artımı fonunda real ifadədə qiymətlər tədricən azalmağa başlayacaq. Proqnoz orta müddətli tendensiyalara yönəlib, lakin kənd təsərrüfatı bazarlarında qiymətlərin qısamüddətli dəyişməsinə şərait yarada biləcək bir çox amillər və risklər də var. Belə ki, dünyada regional disbalans güclənir, idxal və ixraca ticarət məhdudiyyətlərinin tədbiqi ölkələrin ərzaq təhlükəsizliyinə və qidalanmaya, habelə fermerlər üçün vəsait və xammal mənbələrinə çıxışına neqativ təsir göstərə bilər. Təbii resursların qiymətlərinin artması, davam edən qlobal pandemiya və gözlənilməz hava şəraiti 2022-ci ildə də bazar konyukturasının sabitləşməsi üçün çox az ümid yaradır.
Bütün bunları nəzərə alsaq, Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin edilməsi mühüm ahəmiyyət daşıyır. Cünki dünya bazarında qiymətlərin bahalaşması Azərbaycana da təsirsiz ötüşmür, idxal edilən kənd təsərrüfatı məhsullarının və ərzağın qiymətlərində artım qeydə alınır. Keçən il ölkəmizdə ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşüb. Nəzərə almaq lazımdır ki, Azərbaycan 2021-ci ildə 2,1 milyard dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib ki, bu da ümumi idxalın 18%-ni faizini təşkil edir. Yerli istehsal (ildə 1,9 milyon ton) tələbatı ödəmədiyindən ölkəmiz əlavə olaraq ildə 1,3-1,4 milyon ton buğda idxal edilir. Keçən il idxal buğdasının qiyməti bir ton üçün 253 dollardan 340 dollara qədər artıb. Bu isə unun və çörəyin qiymətinin artmasına təsir göstərdi. 2022-ci ildə də xaricdən taxıl almalı olacağıq. Yalnız Qarabağda iqtisadiyyat bərpa olunduqdan sonra burada ildə 400-500 min ton taxıl istehsal olunacaq ki, bu da idxaldan asılılığı müəyyən qədər azaldacaq, ancaq tam aradan qaldırmayacaq.
Əlbəttə, torpaqlımızın işğaldan azad olunması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövriyyəyə yeni məhsuldar və suvarılan minbit torpaqlar əlavə etməyə, kənd təsərrüfatı məhsullarının istehsalını davamlı artırmağa, bir sıra məhsullar üzrə idxaldan asılılığı azaltmağa, hətta ət və süd məhsulları ilə tam təmin etməyə, daxili bazarı daha kefiyyətli və ekoloji təmiz məhsullarla zənginləşdirməyə, ixrac potensialımızı artırmağa imkan verəcək. Dünya bazarında ərzaq məhsullarına təlabatın artması və qiymətlərin yüksəlməsi, əlverişsiz iqlim dəyişiklikləri, pandemiyanın mənfi təsirləri, keyfiyyətli ərzaqla təminatın aktuallaşması fonunda Qarabağın iqtisadiyyatının yenidən qurulması və dirçəldilməsi Azərbaycanda ərzaq təhlükəzsiliyinin təmin edilməsinə böyük töhfə verməklə mühüm rola malik olacaqdır.
Müsbət kaldır ki, pandemiyanın davam etməsinə baxmayaraq Azərbaycanda kənd təsərrüfatında artım meyilləri müşahidə olunur. 2021-ci ildə ölkədə kənd təsərrüfatı istehsalı 3,4 faiz artmaqla faktiki qiymətlərlə dəyəri 9,163 mlrd. manat təşkil edib. Bunun da 4,652 mlrd. manatı heyvandarlıq, 4,511 mlrd. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 4% artıb. ÜDM-in 5,9 faizi kənd təsərrüfatının payına düşüb. 2021-ci ildə ölkədə 92,858 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb. ÜDM istehsalının 42,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manat olub. Bir sözlə, iqtisadiyyatda artım meyilləri müşahidə olunur ki, bu da növbəti illər üçün nikbin olmağa əsas verir.

Mahir Həmzəoğlu